Azərbaycan vətəndaşının atla minaya düşüb həlak olduğu deyilir

Bu gün, mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində minalardan təmizlənməmiş yerdə bir Azərbaycan vətəndaşının minaya düşərək həlak olduğu bildirilir.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata əsasən maldarlıq fəaliyyəti ilə məşğul, Füzuli rayon Qazaxlar kənd sakini, 1964-cü il təvəllüdlü bir şəxs at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid edib və tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.

Amma, hələlik, rəsmi məlumata orada adı çəkilən mərhumun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 300 cıvarında şəxs minaya düşüb, onların 50-dən çoxu həlak olub.

Azərbaycan son illərdə ərazisində saxlanan Ermənistan hərbi qulluqçularının bir hissəsinin qaytarılması əvəzində işğal edilmiş ərazilərə aid mina xəritələrini aldığını açıqlayıb.

Amma sonradan Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etmişdi. Buna cavab olaraq Ermənistan baş naziri Nikol Paşinyan demişdi ki, “biz əlimizdə olan xəritələri Azərbaycana vermişik”.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona (Cəbrayıl daxil) nəzarəti bərpa etmişdi.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırıldı, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button