Azərbaycan Xalça Muzeyinə yeni direktor təyin olundu

Xalça Muzeyi

Azərbaycan Xalça Muzeyinə direktor təyinatı olub.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən apa.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə Şirin Məlikova Azərbaycan Xalça Muzeyinin direktoru təyin olunub. Martın 2-də yeni direktor muzeyin kollektivinə təqdim edilib.

Şirin Məlikova Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsini bitirib. 1999-2001-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr təhsili alıb.

Həmçinin Mədəniyyət və İncəsənət Universitetində və Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyib. 2009-cu ildə “Qız qalası” Qalereyasında sənətşünas və layihə meneceri, 2011-ci ildən Heydər Əliyev Fondunda incəsənət üzrə ekspert vəzifəsində çalışıb. Eyni zamanda Heydər Əliyev Mərkəzində və xarici ölkələrdə keçirilən sərgi, festival və digər mədəniyyət tədbirlərinə təşkilatçılıq edib. Azərbaycan rəssamlarına həsr olunmuş 10 kitabın və 40-a yaxın elmi məqalənin müəllifidir.

Qeyd edək ki, bu il yanvarın 1-də Xalça Muzeyinin keçmiş direktoru Röya Tağıyeva ilə bağlanmış müqavilənin vaxtı bitdiyindən həmin dövrdən direktor vəzifəsini muzeyin baş mühafizi Mira Məmmədxanlı icra edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button