Azərbaycan yenə insan alveri ilə bağlı hesabatda 2-ci səviyyədə qalıb

Yayımlandı: 25 İyun 2024 16:48

Hesabata görə, Azərbaycan hökuməti əhalinin həssas qrupları arasında traffikinq qurbanlarının yoxlanılması üzrə səyləri zəifdir

Dünyada təqribən 27 milyon insan əmək, xidmət və kommersiya məqsədi ilə istismar olunur. İnsanlar zorla tarlalarda, fabriklərdə, restoranlarda və iqamətgahlarda işləməyə məcbur edilir.
ABŞ Dövlət Departamentinin insan alveri haqqında hesabatında (TIP) belə deyilir.

Bildirilir ki, insan alverçiləri dünyada daha çox təcrid olunmuş və həssas insanları “ovlayır”. Onların acınacaqlı vəziyyətindən istifadə edib, qazanc əldə edirlər.

“İnsan alveri cəmiyyətimizin vicdanına ləkədir. Bu, cinayəti, korrupsiyanı və zorakılığı artırır. Həmçinin iqtisadiyyatları geriyə aparır və işçilərə zərər verir. Bir sözlə, bütün insanların azad olmaq kimi əsas hüququ pozulur”.

Azərbaycan ardıcıl olaraq üçüncü ildir Dövlət Departamentinin insan alveri haqqında hesabatında “səviyyə 2″dədir. Yəni hökumət “bu təzahürün aradan qaldırılması üçün minimum standartlara cavab vermir, yaxud əhəmiyyətli səy göstərmir.

Lakin ötən hesabat ili ilə müqayisədə Azərbaycan hökuməti “səylərdə ümumi artış nümayiş etdirib”.

Hesabatı təqdim edən dövlət katibi Entoni Blinken qeyd edib ki, bu sənəd dünyanın 188 ölkəsində traffikinq sahəsində vəziyyəti əks etdirir.

Entoni Blinken. Foto: Reuters

Bütün dünyada 27 milyon insan əmək və ticari seks sahəsində istismar olunur. Onun sözlərinə görə, qurbanlar dünyada ən həssas insanlardır.

ABŞ-nin insan alverinin monitorinqi və ona qarşı mübarizə üzrə xüsusi tapşırıqlar üzrə səfiri Sindi Dayer deyib ki, bəzi hökumətlər bu problemin bir hissəsidir. O, buna görə təəssüflənib.
Bu il 13 ölkə insan alveri siyasətini və ya modellərini nümayiş etdirib. Onlar Belarus, Sudan, Kuba, ÇXR, Rusiya və bir sıra digər ölkələrdir.

Hesabatın Azərbaycanla bağlı hissəsinə gəlincə, deyilir ki, hökumət əhalinin həssas qrupları arasında traffikinq qurbanlarının yoxlanılması və müəyyən edilməsi üzrə səyləri əvvəlki kimi əskikdir. QHT-lərin idarəçiliyində olan sığınacaqlar dövlət tərəfindən kifayət qədər maliyyələşdirilmir, planlı və elan edilməmiş əmək təftişləri keçirilmir.

Məruzədə həmçinin insan alveri cinayətlərinin kifayət qədər fəal araşdırılmadığı və vəzifəli şəxslər də daxil olmaqla, təqsirkarların adekvat cəzalandırılmadığı deyilir.

Entoni Blinken həmçinin qeyd edib ki, rəqəmsal alətlər insan alverinin əhatə dairəsini, miqyasını və sürətini artırıb. Cinayətkarlar qurbanları cəlb etmək üçün tanışlıq proqramlarından və onlayn reklamlardan istifadə edirlər:

“Onlar həmçinin qeyri-qanuni seksual məzmunu satmaq üçün onlayn platformalardan faydalanırlar. Həmin şəxsləri aşkarlanmamaq üçün şifrəli mesajlaşma və rəqəmsal valyutalardan istifadə edirlər. Eyni zamanda, texnologiya da bu davamlı bəla ilə mübarizə aparan ən güclü alətlərimizdən biridir. Mobil telefonlar, sosial media platformaları və süni intellekt vəkillərə və hüquq-mühafizə orqanlarına işçilərin və miqrantların hüquqları haqqında daha çox məlumatlılığı artırmağa, onlayn cinsi istismar qurbanlarını və cinayətkarlarını tapmağa və yeni yaranan insan alverini aşkar etmək üçün böyük həcmdə məlumatları təhlil etməyə imkan verir”.

Onun sözlərinə görə, texnologiya insan alverçilərinin coğrafiyalar və yurisdiksiyalar üzrə fəaliyyətini asanlaşdırdığı üçün hökumətdə, biznesdə, vətəndaş cəmiyyətində bu dəhşətli cinayətin kökünü kəsmək öhdəliyinə sadiq olanlar birlikdə işləyə və səylərini əlaqələndirə bilər:

Daha doğrusu, bunu etməliyik. Son 20 il ərzində Dövlət Departamenti 90-dan çox ölkədən 170-dən çox belə insan ləyaqəti və ləyaqət müdafiəçisini – sağ qalanları, hökumət rəhbərlərini, hüquq-mühafizə orqanlarının əməkdaşlarını, hüquqşünasları, sosial işçiləri mükafatlandırıb. Onların bir çoxu qurbanları dəstəkləmək və hekayələrini bölüşmək üçün öz təhlükəsizliklərini riskə atıblar”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button