Azərbaycanda ƏDV yığımı və bahalaşma: “Qorxulu bahalaşmadır”

İqtisadçı Statistika Komitəsinin açıqlamasını qeyri-ciddi sayır

2022-ci ilin ilk 9 ayında Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir yerdə 5 milyard 322 milyon manat ƏDV toplayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur. Ötən il bu rəqəm 3 milyard 886 milyon manat olub.

Bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

İqtisadçı Nemət Əliyev deyir ki, ƏDV üzrə yığım göstəricisi bu il 37 faiz artıb.

Onun sözlərinə görə, ƏDV yığım səviyyəsinin 37 faiz artması həm də istehlak bazarının nominal həcminin 37 faiz artması deməkdir:

“Ona görə ki ƏDV yığım səviyyəsi ilə istehlak bazarının nominal həcmi arasında düz mütənasib əlaqə (y=kx) var. Bu iki göstəricidən birinin hər-hansı nisbətdə artması və ya azalması digərinin də həmin nisbətdə artması və ya azalmasına səbəb olur”.

İqtisadçı bildirib ki, ölkədə bahalaşma səviyyəsi 43 faizə yüksəlib.

Onun fikrincə, əhalini var-yoxdan çıxaran bu böyük bahalaşma dalğası bütün sosial müdafiə tədbirlərinin təsirini heçə endirib: “Əməkhaqqı, pensiya, təqaüd və sosial müavinət artımlarından əsər-əlamət buraxmayıb. ƏDV yığım səviyyəsi ilə istehlak bazarının həcmi arasındakı əlaqələrin təhlili 13-14 faizlik bahalaşmaya dair Dövlət Statistika Komitəsinin verdiyi açıqlamaları, hökumətin istinad etdiyi mənbələrin etibarını yerdən-yerlə yeksan edib”.

Nemət Əliyevin sözlərinə görə, istehlak bazarının nominal həcminin dəyişməsinə nəzəri cəhətdən iki amil təsir göstərir:
1) Bazarın fiziki və ya real həcminin dəyişməsi;
2) Bahalaşma və ya ucuzlaşma.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrünə nəzərən, bu ilin yanvar-sentyabr dövründə istehlak bazarının real həcmi 4,3 faiz artıb.

Nemət Əliyev. Foto: Meydan Tv

İqtisadçı isə bildirir ki, bu rəqəm real deyil. Yanvar-sentyabr ayları dövründə Azərbaycanda oturuşmuş şərtlər daxilində istehlak bazarının real həcminin, yəni onun fiziki çəkisinin artması inandırıcı görünmür:

“Çünki ortada kəskin bahalaşma hadisəsi və bu hadisənin təsiri ilə alıcılıq qabiliyyəti göstəricisinin əhəmiyyətli dərəcədə pisləşməsi faktı var. Alıcılıq qabiliyyəti pisləşibsə, real alqı-satqı dövriyyəsi nəinki arta bilməz, hətta aşağı düşməliydi. Misal üçün, dünən 2 manata satılan mal bu gün ticarət piştaxtalarından 7 manata təklif olunursa, bu vəziyyət heç şübhəsiz ki, əvvəlcə alışların, sonra satışların, daha sonra istehsal və idxal həcmlərinin düşməsinə səbəb olur. Dünən 6 manat xərcləyib 3 ədəd mal alan alıcı bu gün həmin pula 1 ədəd mal ala bilməyəcəyini başa düşüb, dərhal qənaət rejiminə keçir”.

İqtisadçının sözlərinə görə, alıcı digər istiqamətdə pul məsrəflərini ixtisar etmək məcburiyyətində qalır və bu yolla 3 ədəd malın pulunun üzərinə 1 manat da əlavə edib, ancaq 1 ədəd mal əldə edə bilir:

“Belə bir ağır şəraitdə alıcı kəmərini bir az da sıxsa, ən yaxşı halda, 14 manat xərcləyib 2 ədəd mal ala bilər. Onun 21 manat xərcləyib 3 ədəd mal ala bilməsi, başqa sözlə, dünənki ehtiyacını tam ödəmək istəyi isə arzuya çevrilir. Alıcıların satın ala bilmədiyi mallar bu yolla ticarət piştaxtalarında yığılır və satışların əvvəlki həcmi, heç şübhəsiz ki, aşağı düşür. Bu təsir daha sonra yerli istehsalçılara və idxal fəaliyyəti ilə məşğul olan sahibkarlara ötürülür”.

Nemət Əliyev deyir ki, belə olan təqdirdə şəraitə adekvat davranmaq məcburiyyətində qalan istehsalçılar və sahibkarlar satılmayan malları ya xarici bazarlara daşımalı, ya da istehsal və ixdalın həcmini azaltmalıdırlar:

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

“Di gəl, Dövlət Statistika Komitəsinin hesabdarları verdikləri açıqlamalarda bu elementar gerçəkləri görməzdən gəlirlər. Gərək o dərəcədə qeyri-ciddi, o dərəcədə qeyri-peşəkar olasan ki, belə bir şəraitdə alıcının heç olmasa 3 ədəd də deyil, hətta 4 ədəd mal alması kimi absurd fikir irəli sürəsən və sonra da bu absurd fikrə başqalarını inandırmağa cəhd edəsən. Bu səbəblərdən bahalaşmanın əhaliyə, elə həm də istehlakçı müəssisə və təşkilatlara göz verib işıq vermədiyi hazırkı şəraitdə istehlak bazarının real həcminin artmasından deyil, yalnız azalmasından danışmaq olardı ki, Statistika Komitəsi də bunu etməyib”.

Nemət Əliyev bildirib ki, nəticədə, istehlak bazarının nominal həcminə 1-ci amil, yəni real həcmin azalması artırıcı deyil, azaldıcı təsir göstərib və bütün artırıcı təsirlər yalnız ikinci amilin, yəni bahalaşmanın hesabına baş verib:

“Statistika Komitəsinin açıqladığı məlumatın əksinə olaraq, istehlak bazarının real həcminin 4,3 faiz azala biləcəyini təxmin edib hesablamaları davam etdirsək, bazarın böyüməsinə bahalaşmanın 43 faiz artırıcı təsir etməsi qənaətinə gələ bilərik: (100+37)/(100-4,3)•100-100≈43 faiz. Deməli, bu ilin 9 ayında istehlak bazarları orta hesabla 43 faiz bahalaşıb. Qorxulu bahalaşmadır. Bu dərəcədə bahalaşma faizinə hansı əməkhaqqı artımı, hansı pensiya artımı, hansı sosial müavinət, hansı təqaüd, hansı yardım artımı tab gətirə bilər?”

Maliyyə Nazirliyi
Foto: Meydan TV

Maliyyə Nazirliyi 9 aylıq dövlət büdcəsinin icrası çərçivəsində məlumat açıqlayaraq bildirib ki, sosialyönümlü xərclər (əməkhaqlarına, təqaüd və sosial müavinətlərə, dərman və ərzağa yönələn vəsaitlər) bu dövrdə cəmi 10,3 faiz artıb.

İqtisadçı deyir ki, 10,3 faiz və 43 faiz arasındakı məsafə kifayət qədər böyükdür. 10,3 faizlik artım isə 43 faizlik bahalaşmanın fonunda heç nədir: “Bu dərəcədə bahalaşma, heç şübhəsiz, əhalini var-yoxdan çıxaran, aşağı gəlirli yüz minlərlə vətəndaşları, ünvanlı yardımlara möhtac on minlərlə ailələləri, saysız-hesabsız işsizləri lüt-üryan vəziyyətinə gətirə biləcək bahalaşmadır”.

Sonuncu rəsmi açıqlamaya görə, Azərbaycanda ərzaq qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz bahalaşıb.

Dövlət orqanlarında çalışan işçilərin əməkhaqqı isə ən son 10 faiz artırılıb.

Artırılan əməkhaqqı bahalaşma faizindən aşağıdır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button