Azərbaycanda Aİ-92 benzini, dizel, metro bahalaşdı 

Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Azərbaycanda Aİ-92 benzini, dizel yanacağı, metro və avtobusda gediş haqqı bahalaşıb.

Bununla bağlı bu gün, iyunun 30-da Tarif Şurası və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı açıqlanıb.

Şura qeyd edir ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib. Qurum artım qərarını ölkədə “AVRO-5 standartına tam uyğun istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi” ilə izah edir.

Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiyməti isə iyulun 15-dən 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub.

Habelə metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 10 qəpik bahalaşaraq 50 qəpik təsdiq edilib. Bu isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında qeyd edilir.
Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətləri tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik müəyyən edilib. Buna qədər isə bu qiymət 40 qəpik idi.

Eyni zamanda ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri də yüksəlib. Məsələn Bakı-Sumqayit avtobusunun qiyməti 60 qəpikdən 70 qəpiyə artırılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında habelə qeyd edilir ki, Bakı-Naxçıvan/Naxçıvan-Bakı təyyarə biletlərinin qiymətinin yuxarı həddi 70 manat müəyyən edilib.

Azərbaycan Hava Yolları QSC-dən bildirilib ki, Bakı-Naxçıvan reysi üzrə biletlərin qiyməti ölkə vətəndaşlarına dəyişməz qalıb.

Biletlərin qiyməti Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün 70 manat müəyyən edilib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button