Azərbaycanda İlaxır çərşənbə və Novruz Bayramı qeyd edilir

17 ildən sonra çərşənbə və bayram eyni gündə

Bu gün İlaxır çərşənbədir. Buna qədər, fevralın 27-də su, martın 6-da od, martın 13-də isə yel çərşənbələri qeyd edilib. Eyni zamanda, martın 20-də bahar gəlir, Novruz Bayramı qeyd edilir. 2001-ci ildə də İlaxır çərşənbə ilə Novruz Bayramı üst-üstə düşmüşdü.

Sonuncu çərşənbədə torpaq oyanır, nəfəs alır. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi” və ya “Torpaq çərşənbəsi” adlanır.

İnama görə, bu çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

Şamaxı Astrofizika Rəsədxanasından bildirildiyinə görə, bu il bahar fəsli Azərbaycana martın 20-də saat 20:15-də daxil olacaq.

İlaxır çərşənbəsinin tonqalı həm də Novruz tonqalı olacaq.

Sovet dövründə Novruz Bayramının el şənlikləri səviyyəsində keçirilməsinə qadağa qoyulmuşdu. Yalnız 1967-ci ildə Mərkəzi Komitənin ideologiya katibi Şıx-Əli Qurbanovun təşəbbüsü ilə Novruz Bayramı keçirilib. 1969-cu ildən bayramın kütləvi keçirilməsinə yenidən qadağa qoyuldu. Ancaq 1988-ci ildə Əbdürrəhman Vəzirov Azərbaycan SSRİ-nin birinci katibi təyin ediləndən sonra bayrama qoyulan yasaq götürüldü.

Novruz türk xalqlarının qeyd etdiyi ən qədim bayramlardan biridir. Bayramın Azərbaycanda qeyd edilməsinin 5-6 min illik tarixi var.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button