Azərbaycanda iş problemi

gulGültəkin Məmmədova

Bu gün Azərbaycanda diplomlu işsizlərin sayı kütləvi şəkildə artmaqdadır. Sözügedən məsələnin bir çox səbəbləri vardır. Lap əvvəldən başlamaq istəyirəm. Problemə öncə ailə prizmasından yanaşaq.

Valideyinlər daha çox çalışırlar ki, övladları onların istədiyi ixtisas üzrə təhsil alsınlar . Əksər valideyinlər isə düşünürlər ki, qızları həkim olmalıdı, oğlanları isə prokuror. Bəs bu ölkənin müəllimi, dülgəri, tarixçisi, musiqiçisi, mühəndisi, jurnalisti, rassamı  və. s ixtisas sahibləri kimlər olacaq? Nəticədə nə baş verir?  Ya abuturiyentlər elə ilk addımda uğursuzluğa düçar olur, imtahanlardan kəsilərək ilk məğlubiyyətlərinin dadına 17-18 yaşlarında baxırlar, ya da ən yaxşı halda  universitetə daxil olaraq “günlərini keçirirlər”. Nəticədə isə “yatan diplomların” sayı artır.

         İşsizliyin sürətli artamasının digər başlıca səbəbi təhsil keyfiyyətinin bir sıra hallarda  aşağı səviyyədə olması ilə bağlıdır. Əvvala, gənc öyrəndiyi biliyin böyük bir qisminə məktəbdəki təhsi prosesində yiyələnməlidir. Yəni bir gəncin universitet oxumaq imkanı olmasa belə, baza təhsili əsasında normal şərtlər altında həmin biliklərlə öz yaşayışını təmin etməlidir. Lakin, təəssüf ki, məktəblərimizdəki təhsil səviyyəsi bizə bu şansdan yararlanmağa həmişə imkan vermir.

         Müasir dövrümüzdə təhsildə islahatlar adı altında  bir çox dəyişikliklər edilir. Bu dəyişikliklər məktəblilərin həyatına birbaşa təsir etməkdədir. Məsələn, xarici dil məsələləri daim aktualdır. Rus dilinin məktəblərdə keçirilməsi ilə bağlı dəfələrlə dəyişiklilər edilmişdir – rus dili tədris edilsin, yaxud edilməsin? Təhsil Nazirliyi bu sualın cavabını tapana kimi minlərlə şagird məktəbi bitirdi.

         Bu gün iş yerinə müraciət zamanı ilk sual bu olur: “zəhmət olmasa dil bilgilərinizi deyərdiniz”. İxtisasından asılı olmayaraq əgər sən dil bilirsənsə, rəqibindən bir addım öndəsən. O zaman belə bir sual yaranır ki, əgər Azərbaycanda hansısa strukturda işləmək üçün  müxtəlif dil  bilgisi bu qədər tələb olunursa, niyə məktəblərdə həmin sahələr keyfiyyətli şəkildə tədris olunmur?

         Bir də ki, dil məsələsi bəzən o qədər şişirdilir ki, sanki hər hansı orqanda deyil bir başa turistlərlə işləniləcək. Məqsəd Azərbaycan vətəndaşına xidmət deyilmi?

İş üçün vakant yerlərdə tələb olunan digər məsələ isə yüksək səviyyədə kompyuter biliklərinə malik olmaq tələbidir. O zaman belə bir sualla qarşılaşırıq: Məktəblərdə informatika dərsləri hansı formada tədris olunur?

Təəssüf ki, məktəblilərin əksəriyyəti informatika dərslərində kompyuterdən oyun oynamaq üçün istifadə edirlər. Təbii ki, onlar gələcəklərinə ziyan vurduqlarını anlayacaq yaşda deyillər. Yaxud da ümumiyyətlə kompyuterlərin istifadəsinə şərait yaradılmır ki, şagirdlər kompyuterləri “sındırarlar”.

Nəticədə isə mənzərə onu göstərir ki, bu gün ölkədə gənclərə verilən təhsilə uyğun işçi axtarılmır. Bax buna görə də yalnız universitetə girmək üçün testlər əzbərlənir, univeristetə qəbul olunanlar da yenə test əzbərləyirlər. Gəncliyi yararsız vəziyyətə salan insanlar düşünmürlər ki, həmin gənclik sabah onları müalicə edən həkim, nəvələrinə dərs deyəcək müəllimlərdir. Biz təhsilimizi gücləndirməklə öz gələciyimizi sığortalamış olarıq.

         İşə qəbul zamanı yaranan digər problem isə öz ixtisasımıza uyğun olmayan sahələrdə işləmək məcburiyyətinin yaranmasıdır. Bu gün Azərbaycanda çox az insanın pul yox, koriyera düşünmək şansı olur. Çünki müəyyən yaşdan sonra “ailəmi necə dolandırım?” sualı qarşısında qalmalı oluruq. İxtisas seçimində yerlərimizin bu formada dəyişik düşməsi həmin sahənin tənəzülünə gətirib çıxarır. Yazımı Qabilin şeiri ilə tamamlamaq istəyirəm:

Duman dağı dolanar,

Qiyamət olar.

Duman yola sallanar,

Müsibət olar.

Müsibət oluruq biz,

Səhv düşəndə yerimiz.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button