Azərbaycanda orta aylıq əməkhaqqı artsa da, min manata çatmır

Yayımlandı: 15 Fevral 2024 19:33

Dövlət müəssisələrində çalışanların sayı üstünlük təşkil edir

Bu il yanvarın 1-də Azərbaycanda muzdla çalışan 1741,8 min nəfər işçi olub. Onlardan 899,1 min nəfəri dövlət, 842,7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışır. Onların orta aylıq nominal əməkhaqqı isə 933.8 manatdır.

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, bu, 11,2 faiz artım deməkdir. Muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olur.

Məlumatda o da bildirilir ki, mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir. Yanvarda ölkədə 9131 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

DSK qeyd edir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çoxdur. Həmçinin bu il iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 12,3 faiz artıb.

ÜDM istehsalının 41,9 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,8 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 896,7 manata bərabər olub. İstər ümumi daxili məhsul istehsalının səviyyəsi olsun, istərsə də orta aylıq əmək haqqı baxımından Azərbaycan Cənubi Qafqaz ölkələrindən geridə qalır. Həmçinin qonşu ölkələrlə arasında da bu baxımdan ciddi fərq var.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button