Azərbaycanda quru sərhədlər oktyabra qədər bağlı qalacaq

Yayımlandı: 24 İyun 2024 15:52

Əli Əsədov COVID-19-u səbəb göstərir, İlham Əliyev təhlükəsizliyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb.

Bu barədə iyunun 24-də Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, COVID-19 virusunun ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.

2024-cü il aprelin 23-də Prezident İlham Əliyev quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirmişdi.

Prezident ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında demişdi ki, quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürlər:

“Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb”.

“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Bizim bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə mən bunu nəzərdə tuturdum”, – Əliyev belə əlavə edib.

Koronavirus pandemiyası dünyada 2019-cu ilin sonundan yayılmağa başlayıb.

Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb.

Sonradan dəfələrlə karantin rejiminin vaxtı uzadılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan edib.

Azərbaycanda da bu virusa yoluxma sayında kəskin azalma var, lakin karantin rejimi sonlanmır.

Müstəqil ekspertlər, müxalifət partiyaları, tənqidçilər bunun COVİD-lə bağlı olmadığını, altında başqa məqsədlər olduğunu söyləyirlər.

Ölkə rəhbərliyi isə bununla bağlı hər hansı tutarlı açıqlama verməyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button