Azərbaycanda son 2 ildə 357,4 milyon manatlıq qaz itkisi olub

Azərbaycanda qaz itkisi 2015-ci ildə hazıkı tariflərlə 217,4 milyon, 2016-cı ildə 140 milyon manat olub.

Hazırda dövri mətbuatda ən çox müzakirə olunan məsələlərdən biri də istehlakçılara fasiləsiz və etibarlı şəkildə təbii qazın verilməsində yaranmış problemlərdir. Bu sahədə mövcud problem qaz təchizatı sektorunda müşahidə olunan digər neqativ məqamları da diqqət mərkəzinə gətirib. Onlardan biri də qazın verilməsi zamanı itkilərin səviyyəsinin yüksək olmasıdır.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2016-cı il ərzində 144,4 milyon kub metr təbii qaz itkiyə gedib. “Ernst and Young” beynəlxalq audit şirkəti isə ötən il üçün qaz itkisinin həcminin 700 milyon kubmetr olduğunu açıqlayıb. Bu isə hazırda tətbiq olunan yüksək tariflərlə 140 milyon manatlıq itki deməkdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə göstərilir ki, 2015-ci ildə təbii qazın paylanması zamanı ümumi itkinin həcmi 1,07 milyard kubmetr olmuşdur. Həmin il üçün DSK-nın açıqladığı hesabatda da qaz itkisi 1 milyard 87 milyon kubmetr göstərilir. Bu isə hazırda tətbiq olunan yüksək tariflərlə 217 milyon 400 min manatlıq itki deməkdir.

Azərbaycanda təbii qaz itkiləri texniki və kommersiya itkiləri olmaqla, iki qrupa bölünür. Ölkədə təbii qaz itkiləri əsasən texniki problemlərlə, əsasən də infrastrukturun köhnə olması ilə bağlıdır. Həqiqətən də Bakı və Abşeron regionunda təbii qaz təchizatı 40 ildən artıq müddətdə istismar olunan qaz boruları vasitəsilə həyata keçirilir. 2015-ci ildə “Azəriqaz” İB tərəfindən satın alınan təbii qaz həcminin 18,6 faizini təşkil etmişdir. Ümumiyyətlə, respublikada təbii qaz üzrə itkilərin böyük əksəriyyəti Bakı şəhərində baş verir. Belə ki, 2016-cı ilin yanvar-avqust aylarında ölkənin ümumi təbii qaz istehlakının 49,7 faizi, eləcə də qaz təchizatı zamanı baş vermiş itkilərin 68,4 faizi Bakının payına düşmüşdür.

İtkillərin həcminin artmasında həm də istehlakçıların sayının və təchizat həcminin çoxalması ilə də əlaqədardır. 2010-cu illə müqayisədə 2016-cı ilin sonuna qeydiyyatdan keçirilməsi proqnozlaşdırılan istehlakçıların sayı 57 faiz artıb. Ölkədaxili təbii qazpaylayıcı şəbəkənin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması və müasirləşdirilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Bakı şəhərinin və onun qəsəbələrinin 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq 2014-2018-ci illərdə qaz təsərrüfatının yaxşılaşdırması və qazlaşdırması planı çərçivəsində “Azəriqaz” İB tərəfindən yüz milyonlarla vəsait xərclənsə də, bu problem demək olar ki, həll olunmayıb, çünki itkilər hələ də yüksək olaraq qalmaqdadır. Bununla yanaşı, onu da qeyd edək ki, “smart” tipli qaz sayğaclarından istifadə nəticəsində istehlak olunacaq təbii qaz həcmlərinə görə öncədən ödəmə hesabına son zamanlar yığımın səviyyəsi satışın dəyərini üstələyir. Bu isə deməkdir ki, qaz itkisi problemi yalnız maliyyə çatışmazlığı əlaqədar deyil, itkilərin həcminin çox olması həm də pis idarəetmənin göstəricisidir.

 

Qubad İbadoğlu

ADR Hərəkatının sədri

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button