Azərbaycanda tiktokerlər həbs olundu

Yayımlandı: 9 Aprel 2024 23:06

Hər iki şəxs cəmiyyətə hörmətsizlikdə, qeyri-etik paylaşımlar etməkdə ittiham edilir

“Tik-tok” sosial platformasında “Magerramoff” adıyla tanınan Əmrah Məhərrəmov və “Miri” ləqəbli Mirnamiq Mirələmzadə həbs olunub. Onlar aprelin 9-da məhkəmə qarşısına çıxarılıb.

1996-cı il təvəllüdlü Əmrah Məhərrəmova 20 sutka, 2003-cü il təvəllüdlü Mirnamiq Mirələmzadəyə isə 30 sutka inzibati həbs cəzası verilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda iddia olunur ki, adları çəkilən tiktokerlər sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlikdə, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşım və çağırışlar etməkdə ittiham olunur.

Daxili İşlər Nazirliyi. Foto: DİN

“Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı tədbirlərin görülməsi davam etdirilir”, – nazirliyin açıqlamasında bildirilir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, tiktokerlər İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə cəzalandırılıb.

28 yaşlı Əmrah Məhərrəmov ötən ilin martında da saxlanılmışdı. Azərbaycana qayıdarkən hava limanında saxlanılan tiktoker haqqında xırda xuliqanlıq ittihamıyla inzibati xəta işi başlansa da, o, cərimə cəzasıyla sərbəst buraxılmışdı.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button