Azərbaycanda Zəfər Günü qeyd edilir

Bu gün, noyabrın 8-i Azərbaycan İkinci Qarabağ müharibəsi ilə bağlı Zəfər Günü qeyd edir.

Bakıda və ölkənin bəzi bölgələrində Zəfər Günü münasibətilə hərbçilərin yürüşü də keçirilib.

Azərbaycanda hər ilin noyabrın 8-də Zəfər Gününün qeyd edilməsi haqda sərəncamı 3 il əvvəl prezident İlham Əliyev imzalayıb. Onun 2020-ci il dekabrın 2-də imzaladığı sərəncama əsasən, “Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə” hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdı. Amma sonradan xatırlandı ki, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür. “Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir”, – rəsmi məlumatda bildirilirdi.

Məlumatda yazılırdı ki, “Qarabağın incisi” Şuşa şəhərinin noyabrın 8-də 28 illik işğaldan qurtarılması müharibənin taleyində həlledici rol oynayıb və hərbi əməliyyatların dayandırmasına səbəb olub: “…Bu misilsiz qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək”.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda “lokal antiterror tədbirlər” elan edib. Yerevan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button