Azərbaycanın adı daha bir beynəlxalq qalmaqalda

Qazaxıstanın Şimali Koreyaya satdığı qaçaqmal təyyarələr Bakıda həbs edilib

 Qəzetimizin dünənki sayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kürəkəni Rahat Əliyevin «Xaç qayınatası» adlı kitabın növbəti hissəsi dərc edilib. Sonuncu bölümündə Qazaxıstandan «İl-76» təyyarələrinin Şimali Koreyaya satılması ilə bağlı qalmaqal haqqında maraqlı məlumatlar verilir. Məlumat verilir ki, 1999-cu ildə Qazaxıstandan satılmalı olan təyyarələr Bakı hava limanında da həbs edilib. Rahat Əliyev yazır ki, təyyarələrin gizli yollarla Şimali Koreyaya daşınmasına birmənalı olaraq etiraz edib. Buna baxmayaraq, N.Nazarbayevin yanında keçirilən müşavirədə ölkənin təhlükəsizlik naziri bu məsələ ilə bağlı bütün məsuliyyəti üstlənib. Hətta nazir iddia edib ki, təyyarələri gecə yarısı daşımaq istəyib. Rahat Əliyev yazır ki, bu gizli əməliyyatdan ABŞ xəbər tutub və təyyarələr Bakıda saxlanılıb.

Rahat Əliyev yazır: «Dostlar malı alıcıya yük təyyarələri ilə çatdırmağa qərar verdilər. Petrenko marketinq araşdırması apararaq, aydınlaşdırdı ki, Ukraynanın “Ruslan” yük təyyarəsinin göyərtəsinə altı, rusların “İl-76”təyyarəsinin göyərtəsinə isə ancaq iki MİQ-21 təyyarəsini yerləşdirmək mümkündür. “Ruslan”ı sifariş etdilər. Xarici kəşfiyyatı yanıltmaq üçün bizim dostlarımız belə bir marşrut fikirləşdilər: əvvəlcə Ukraynanın An-123 “Ruslan” nəqliyyatçısı “Sarıözək” hərbi hava limanından Bakıya uçaraq orada yanacaq doldurur, sonra Çinə gedir, təkrar yanacaq aldıqdan sonra oradan Pxenyana uçur. Yəqin ki, Abıkayevlə Petrenko bu sxemi çox məxfi və möhtəşəm zənn edirdilər.

1999-cu ilin iyununda Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Nurtay Abıkayevin kabinetində hərbi əks-kəşfiyyatın və “pravoslav biznesmen” Petrenkonun iştirakı ilə məşvərət keçirildi. Müzakirələrin əsas və yeganə mətni isə belə idi: satmaq lazımdır!»

«133 ədəd təyyarənin texniki cəhətdən heç kəsə yaxalanmadan Şimali Koreyaya çatdırılmasının mümkün olmadığı bildirildi. Əks-kəşfiyyatın generalı Bojko isə bu məsələyə daha nikbin əhval-ruhiyyədə yanaşırdı. Sonra Aleksandr Petrenko söz aldı. O dedi ki, heç bir risk yoxdur, hər şey tam şəkildə məxfidir və sövdələşmənin bütün ödəmələri nəğd yolla olacaq. Eyni zamanda iki müqavilə hazırlanacaqdı. Onlardan birincisi, məlum əməliyyatı ört-basdır etmək məqsədilə, mövcud malların təkrar metal emalı üçün guya ki, “Aqroplast” çex firmasına veriləcəyi barədə idi. İkincisi  isə əsl müqavilə idi. Hissələrə ayrılmış MİQ hissələri isə, amerika peyk cəsuslarından yayınmaq üçün işıq aldatmacası təmin etmək məqsədilə ancaq gecə vaxtı yüklənəcəkdi» yazan Rahat Əliyevin bu qeydləri artıq ABŞ-da bir sıra nifuzlu nəşrlərin diqqətini çəkib. Maraqlıdır ki, bu məsələ ilə bağlı hələlik Azərbaycan tərəfi heç bir münasibət bildirməyib. Bu mövzu ilə bağlı olaraq araşdırmalar aparan zaman «Azal»ın da mövqeyini öyrənməyə çalışsaq da, heç bir nəticəsi olmadı.

Mövzu diqqətimizdədir.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button