AZƏRBAYCANIN BAHARI HƏLƏ DƏ ÇİÇƏK AÇMAYIB

Maks Taker

“Amnesty İnternational” təşkilatının  nümayəndəsi

Çərşənbə axşamı Bakıya gələndə gördüm ki, özümü yaxşı hiss etməkdə çətinlik çəkirəm. Hətta Azərbaycana soyuq qışda, səhər saat 5-də gəlməyimin də köməyi olmadı. Heydər Əliyev adına hava limanı, Heydər Əliyev prospekti, Heydər Əliyevin heykəlinin və plakatlara yazılan şüarlarının yanından keçib Bakının mərkəzinə gedirik.
Bakıya hər səfərimdə içimdə baş verəcək pis bir hadisədən doğan hisslər yaranır. Ötən dəfə Azərbaycanda mart hadisələri ərəfəsində olmuşduq. O zaman bizim operator polis tərəfindən sorğu-sual olundu. Sürücümüzün maşını müəmmalı şəkildə dartılıb aparıldı, əməkdaşlıq etdiyimiz və bizi Bakıya dəvət edən QHT-nin fəaliyyətinə isə sonradan Ədliyyə Nazirliyi tərəfindən xitam verildi. Bəlkə də bu hadisələrin gəlişimizlə heç bir əlaqəsi yox idi, amma hökumətin parlament seçkilərində kimin seçiləcəyindən tutmuş televiziyalara kimin çıxacağına qədər hər şeyə nəzarət etdiyi bir ölkədə gözə şübhəli şəxs kimi görünmək çox asandır.
Keçmiş vicdan məhbusu Adnan Hacızadə öncəki səfər zamanı mənə demişdi ki, Azərbaycanda mətbuat müstəqil deyil. Heç bir televiziya hökumətin strategiyası ilə üst-üstə düşməyən xəbərləri efirə buraxmır.
Bakının havasından neft qoxusu gəlir və neft dollarlarının gücünə həyata keçirilən layihələr şəhərdə üstünlük təşkil edir. Tənha binaların mənzilləri hələ də orda yaşamaqdan imtina edən sakinlərin yolunu gözləyir.
Hazırkı dövlət başçısı İlham Əliyevin atası, sabiq prezident Heydər Əliyevin adına salınmış parka gedən yolun genişləndirilməsi üçün şəhərin mərkəzindəki ailələr köçürülür, onların evləri dağıdılır. 2009-cu ildə prezidentliyə limit götürülüb. Beləliklə də İlham ömrünün sonuna qədər ölkəni idarə edə bilər.
Bakıya “Ərəb baharı” seriyasından olan, insanları ruhlandıran və hakimiyyət tərəfindən dağıdılan mart və aprel mitinqlərinin nəticələrini elan etmək üçün gəlmişdik. O zaman Bakıya gələndə etirazçıların küçələrdə “Azadlıq” şüarları səsləndirdiyinə görə polis tərəfindən döyüldüyünün, təpiklənərək polis maşınlarına doldurulduğunun şahidi olduq. Apreldə vəziyyət daha da pisləşdi. Polis mitinqçilərin qarşısına dubinkalarla, genişmiqyaslı mitinqləri dağıtmaq üçün tətbiq olunan şitlərlə, rezin güllələrlə çıxmışdı. Onda həbs olunan 150 nəfərin 13-ü indi uzunmüddətli həbsə məhkum edilib.
Biz 2007-ci ilin mayında həbs olunmuş jurnalist, keçmiş vicdan məhbusu Eynulla Fətullayevin mətbuat konfransına qatıldıq. Avropa Məhkəməsinin qərarına baxmayaraq Azərbaycan hakimiyyəti onu azad etməkdən imtina etmişdi. Bu gün “Amnesty İnternational” hesab edir ki, Azərbaycanda 17 vicdan məhbusu var. Onların ailələri və dostları bizim təşkilatın onlara hansı köməyi edə biləcəyini soruşur. Onların arasında Cabbar Savalanın anası Təravət Əliyeva da var. O hələ də oğlunun məhkəmə qərarı ilə evə qayıdacağına ümid edir.
Yaydığımız “Çiçək açmayan bahar: Azərbaycanda azadlıqlar boğulur” hesabatında fundamental ifadə və toplaşma azadlıqlarının qorunmasına dair Azərbaycan hakimiyyətinə tövsiyə və təkliflərimiz yer alır. Amma onların bizimlə görüşdən imtina etməsi göstərir ki, onlar bu arzulardan çox uzaqdır. Biz Azərbaycanda daha çox təsir imkanları olan diplomatlarla görüşmüş və 17 vicdan məhbusunun azadlığa buraxılması üçün onlardan hakimiyyətə təzyiq göstərməyi xahiş etmişik. Ümid edirik ki, onların hökumətlərinin Azərbaycanda neft-qaza olan marağı bu istəyin qarşısını almayacaq.

Tərcümə Leyla İlqarındır

“Yeni Müsavat” qəzeti 2011 11 20

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button