Azərbaycanın Səfəvi şairləri

Daşqın Gülməmmədov
16 saylı Cəzaçəkmə Müəssisəsindən məxsusi olaraq «Xural» qəzeti üçün

Azərbaycan türklərini digər türk xalqlarından, o cümlədən başqa qeyri-türkdilli xalqlardan fərqləndirən spesifik cəhətlərdən biri də şahlarının, sultanlarının, xanlarının sairlik istedadına malik olmasıdır. Azərbaycan şahları, sultanları qılıncla yanaşı, şeir yazan qələmə sahib olmuşlar. Tarixi vərəqləyərkən fəxr duyursan. İngilisin, fransızın və ya rusun şair-şahları olmayıb.

Qazi Bürhanəddin Sivasi (1344-1398), Cahanşah Həqiqi (1367-1467), Sultan Yaqub Ağqoyunlu (1457-1490), Hüseyn xan Müştaq (1705-1780), Nəriman Nərimanov (1870-1925) və s. Bu siyahını çox davam etdirmək olar. Bir-iki deyil ki, bitə, tükənə. Mövzu geniş mövzudur. Hər bir şair-şah haqqında, onun yaradıcılığı barədə cildlərlə kitablar yazmaq olar. Burada isə sufi, səfəvi şairlərindən bəhs edəcəyik.

Səfəvi şəcərəsindən nəinki görkəmli dövlət xadimləri, eləcə də elm xadimləri, şairlər yetişib.

Səfəviyyə sufi cərəyanı Şeyx Zahid Gilaninin (1215-1253) müridi və varisi olmuş İshaq Ərdəbili (1252-1334) tərəfindən təsis edilmişdir. İshaq Ərdəbili I Şah İsmayıl Xətainin ulu babasıdır. O, Şeyx Zahid Gilaninin qızı Bibifatimə ilə evlənmiş və bu nigahdan doğulan Şeyx Sədrəddin Musa (1305-1392) Səfəvi cərəyanını siyasi-dini cərəyana çevirmişdir. Möhtəşəm səfəvi sülaləsi məhz Şeyx Sədrəddin Musadan başlamışdır. Bu barədə XIV əsr müəllifi Təvəkkül ibn İsmayıl əl-Ərdəbili «Səfvat əs-Səfa» əsərində məlumat verir.

Azərbaycanın türkdilli ədəbiyyatında səfəvi şairlərinin yeri təqdirəlayiqdir. Onların müsbət poetik təsiri daima nəzərə çarpıb.

Səfəvi Qızılbaş imperiyası (1501-1736) qurulduqdan sonra Səfəvi sülaləsi ədəbiyyatın inkişafına çox diqqət ayırıb. Azərbaycan türkcəsinin rəsmi dövlət dili elan edilməsi, ondan divanxana işlərində, ordu idarəçiliyində, inzibati qurumlarda istifadə edilməsi istər-istəməz türkdilli ədəbiyyatın parlamasına təsir göstərmişdir. I Şah İsmayıl Xətai (1487-1524), I Şah Təhmasibin hakimiyyətləri dövründə Azərbaycan ədəbiyyatı xüsusi inkişaf zirvəsinə çatıb. Məlumdur ki, Məhəmməd Fizuli (1494-1556) «Bəngü-Badə» («Tiryək və Şərab») əsərini I Şah İsmayıla həsr etmişdir. Məhz Səfəvi himayəlində olan şairlər Mövlana Lisani (?-1533), Qazi Abdulla Xoyi (?-1584), Mircəfər Təbrizi, Mirzə Əşrəf, Şərəfi Rafeqi və digərləri fars dili yanaşı, Azərbaycan türkcələrində də gözəl şeirlər yazmışlar.

Yenə qayıdaq Səfəvi şairləri mövzusuna. Bu poeziya seçməsi «Xətai» təxəllüsü ilə şeirlər yazan I Şah İsmayıl Şeyx Heydər oğlundan başlayır. Azərbaycan ədəbiyyatında Səfəvi şairləri öz sufi dəst-xəttləri ilə seçilirlər.

«Xətai»nin füsunkar şeriləri həm əruz, həm də milli şeir vəznimiz heca vəznini əhatə edir. O, qəzəl, qəsidə, məsnəvi, rübai ilə yanaşı, qələmini qoşma, gəraylı, vursağı və bayatı yazmaqda da sınayıb.

I Şah İsmayılın məğrurluğu, rəşadəti, qəlbinin yanar alovu hər misrasından duyulur:

Uçmaqda tuti quşuyam,
Ağır ləşkər, ər başıyam,
Mən Sufilər yoldaşıyam,
Qazilər deyən şah mənəm.

Səfəvi şahının ədəbi yaradıcılığı geniş tədqiq olunsa da, bir çox məqamlar Azərbaycan Oxucusuna məlum deyil. Əsərlərinin çoxu toplanıb küllüyyat şəklində nəşr edilməyib. Beş yüz ilə yaxındır ki, əlyazmalarda, cildlərdə zamanını gözləyir. Xətainin əsas ədəbi yaradıcılığı dövrü 1514-cü ildən – Çaldıran vuruşundan sonra başlayıb. 1506-cı ildə yazıb tamamladığı «Dəhnamə» («On məktub») poeması, daha sonralar yazdığı fəlsəfi «Nəsihətnamə» məsnəvisi Azərbaycan türkdilli epik şeirinin ilk nümunələrindəndir.
Bayatıları atəşli qəlbin fəryadına bənzəyir:

Xətaiyə han gəldi,
Mürdə cismə can gəldi,
Yəqubi-zar olmuşam,
Yusifi-Kənan gəldi.

Səfəvi şahının şeirlərindən, qəzəllərindən, rübailərindən qəlb üsyanının, könül alovunun, eşq məşəlinin sədası gəlir.

Şah Xətai dost yolunda təslim etdi canını,
Sən görərsən hər olan «İnna İleyhi Raciun».

Fələyin gərdişi isə çox dəhşətlidir. I Şah İsmayıl Xətai 1524-cü ildə 38 yaşında Sərab şəhəri yaxınlığında vəfat etdi. Ölüm onun qəlbini söndürməsəydi, bəlkə bir yox, on «Dəhnamə» yazardı.

Lakin I Şah İsmayılın ölümü ilə Səfəvi xanədanının şöhrət məşəli sönmədiyi kimi, şeiriyyat məşəli də sönmədi. I Təhmasibin, Sam Mirzənin şeirlərində davam etdi.

Səfəvi tarixi, o cümlədən Səfəvi şairlərinin həyatı, yaradıcılığı barədə zəngin məlumatları alim Qazi Əhməd Qumi (1546-1606) «Xülasət əl-təvarix» əsərində verir. Bu tipli məlumatlar I Şah Abbasın saray tarixçisi və maliyyə naziri olmuş İsgəndər Rəy Mühşi (1560-1634) «Tarix-i Aləm arayi Abbasi» («Dünyanı bəzəyən Abbasın tarixi») əsərində də qeyd edir.

1524-cü ildə Səfəvi taxtına oturan I Şah Təhmasib istedadlı rəssam idi. Eyni zamanda qəlbindən şeiriyyat çeşməsi qaynayırdı. I Şah Təhmasib «Bəhrami» təxəllüsü ilə türkcə və farsca şeirlər yazmışdı. Bunu Qazi Əhməd Qumi təsdiq edir. Yaradıcılığı əsasən qəzəl və qəsidə janrını əhatə edir, həmçinin mənbələrdən qoşma yazdığı da məlum olur. Lakin I Şah Təhmasibin başı imperiyanın idarəçiliyinə qarışdığından, şairliyə bir elə də üstünlük verməmişdir.

I Şah İsmayılın ikinci oğlu Sam Mirzə (1517-1567) isə elm, incəsənət və ədəbiyyatla daha yaxından maraqlanmışdır. Sam Mirzə məhəbbət mövzusunda və dini qəzəllər yazmışdır. Onun bəzi şeirləri XVI-XVII əsr təzkirələrində verilir.

Ən dəyərli əsəri isə fars, türk və Orta Asiya şairləri haqqında qısa məlumatlar verən məşhur «Təzkireyi-Sami»dir. Sam Mirzənin bir çox qəzəlləri çox təəssüf ki, it-bata düşüb, dövrümüzə qədər gəlib çatmayıb.

Səfəvi nəslinə məxsus digər ilhamlı şairlərdən biri də I Şah İsmayılın nəvəsi Bəhram Mirzənin oğlu İbrahim Mirzə Cahidir (1543-1576). O, olduqca istedadlı şəxs idi. Ərəb, fars, cığatay ədəbiyyatını, yunan və şərq fəlsəfəsini, astronomiya, ilahiyyat və s. elmləri gözəl bilirdi. İbrahim Mirzə Cahinin fars və türkcə yazdığı şeirlərin həcmi 3.000 beytdən çoxdur. İran müəlliflərinin təzkirələrində onu şeirlərinə rast gəlinir. Qazi Əhməd Qumi «Xülasət əl-təvarixdə» Cahinin şeirlərinin 3.000 beytdən çox olduğunu qeyd edir.

İbrahim Mirzə Cahinin divanına arvadı Gövhərşah Banunun da şeir yazmağa təbi olub. Tarixi mənbələr İbrahim Mirzənin «Fərhəng İbrahim» adlı təzkirəsinin olduğunu təsdiq edirlər. Lakin bu təzkirə tam şəkildə əldə yoxdur. «Fərhəng İbrahim» təzkirəsində orta əsr şairləri, alimləri və incəsənət xadimləri haqqında qısa avtobioqrafik məlumatlar özünə yer tapıb. «Gahi» öz sarayında tez-tez «şairlər məclisi» də təşkil edirmiş. O, 1576-cı ildə Səfəvi taxtı uğrunda gedən siyasi çəkişmələrə qoşulduqdan sonra onunla II Şah İsmayıl (1540-1577) arasında düşmənçilik yaranmışdı. 1576-cı ildə II Şah İsmayılın əmri ilə İbrahim Mirzə Cahi öldürüldü.

Uzun müddət I Şah Təhmasib tərəfindən Qəhqəhə qalasında dustaq edilmiş, sonradan Səfəvi taxtına yiyələnmiş II Şah İsmayıl «Ali» təxəllüsü ilə şeirlər yazıb. II Şah İsmayıl Ali gənc ikən Qəhqəhə qalasında bir qəsidə yazıb I Şah Təhmasibə göndərilmiş. Bu faktı Qazi Əhməd Qumi də təsdiq edir. Təəssüf ki, «Ali»nin lirik şeirlərindən əldə qalan cüzidir.

Dövlət çevrilişi nəticəsində II Şah İsmayıl Ali 1577-ci ildə öldürüldü. Həmin zaman, yəni 24 sentyabr 1577-ci ildə Səfəvi imperiyasında diqqətəlayiq bir hadisə baş verdi. II Şah İsmayıl öldürüldüyü gün I Şah Təhmasibin qızı, II İsmaylın bacısı Pərixan xanım (1548-1578) hakimiyyəti ələ keçirdi. Qısa müddətli olsa da, o, Səfəvi imperiyasının hökmdarı oldu. Məhəmməd Xudabəndə 13 fevral 1578-ci ildə Pərixan xanımı devirib şah oldu və onu 17 fevralda edam etdirdi.

Pərixan xanım «Həqiqi» təxəllüsü ilə lirik şeirlər yazıb. O, yüksək bədii zövqə malik olub. Məhəbbət mövzusu qəzəllərində üstünlük təşkil edirmiş. Farsca yazdığı «Zindaniyə qəleyi Qəhqəhə» və «Qəsseye nor qusseye eşqe Pərixan» dastanları bədii-etik baxımdan maraq doğurur. «Zindaniyə qəleyi Qəhqəhə» əsərini Pərixan xanım Həqiqi qardaşı II Şah İsmayıla həsr eləmişdi. Bu tarixi faktlar «Xülasət ət-təvarixdə» öz əksini tapıb.

Mənbəyini İshaq Ərdəbilidən götürən Səfəvi sülaləsi beş yüz il ərzində – Azərbaycana, İrana, eləcə də Osmanlı imperiyasına görkəmli şəxsiyyətlər bəxş edib. Səfəvi sülaləsinin nümayəndələri I Şah İsmayıl, I Şah Təhmasib, I Şah Abbas şərqin qüdrətli dövlət xadimləridir. Sam Mirzə və Pərixan xanım Həqiqi isə Azərbaycan türklərinin Milli qürur rəmzləridir.

Qaynaqlar:
1. Qazi Əhməd Qumi «Xülasət əl-təvarix», Berlin nüsxəsinin fotosurəti.
2. «Tarixi-i aləm-arayi Səfəvi», əlyazma versiyası.
3. «Azərbaycan Tarixi», Bakı-2005.

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button