Azərbaycanlı deputata məxsus olduğu bildirilən gecə klubundakı yanğında azı 15 nəfər ölüb
Rusiyanın Kostroma şəhərindəki “Poliqon” gecə kafe-klubunda baş verən yanğında azı 15 nəfərin həlak olduğu bildirilir. TASS-ı yaydığı məlumata görə, 250-dən çox insan təxliyə edilib.
Fövqəladə hallar xidməti hadisəsinin pirotexniki vasitələrdən istifadə olunması səbəbindən baş verdiyini bildirir. “Mash” teleqram kanalı daha 4 nəfərin komada olduğunu, 60-a yaxın zərərçəkənin də təcili yardıma müraciət etdiyini yazır.
TASS gecə klubunda kütləvi dava olduğunu, bu zaman bir nəfərin pirotexnik raketdən və ya siqnal tapançasından istifadə etdiyini yazır. Hazırda həmin şəxsin axtarışa verildiyi bildirilir.
“SPARK” analitik sistemin məlumatına görə, klubun sahibi Kostroma Regional Dumasında “Vahid Rusiya” fraksiya rəhbərinin müavini İxtiyar Mirzəyevdir.
Kostroma vilayət Dumasının internet səhifəsində yer alan məlumata görə, adı çəkilən deputat Azərbaycanın Yardımlı rayonunun Ostayir kəndindəndir. Hələki İxtiyar Mirzəyevdən yazılanlara münasibət öyrənmək mümkün olmayıb.