Azərbaycansayağı İctimai Şura

Yayımlandı: 10 İyul 2024 16:38

Rövşən Hacıbəyli

Polisin, yoxsa “əsas insan və vətəndaş hüquqlarının müdafiəsi”…

Daxili İşlər Nazirliyi yanında İctimai Şura iyulun 8-də bəyanat yayıb. Saytlarda gedən bu xəbər adamı diksindirir. Bəyanat sözünü eşidəndə şura üzvlərinin polis-vətəndaş münasibətindən narazı qalıb belə addım atdıqları ilk ağla gəlir. Çünki polis-vətəndaş münasibətlərində daim problemlər olur. Polislə bağlı şikayətlər sosial şəbəkələrdə tez-tez qarşımıza çıxır. Bu münasibətləri tənzimləməli olan “İctimai iştirakçılıq haqqında” qanunun İctimai Şura üzvləri qarşısında qoyduğu vəzifə “əsas insan və vətəndaş hüquqlarının müdafiəsi”dir. Bəyanatı oxuyandasa tamam başqa mənzərə ilə qarşılaşdıq. 4200 işarəlik bu bəyanatı sanki Polisə Dəstək İctimai Birliyi hazırlayıb, nəinki İctimai Şura…

Foto: Meydan.tv

Bəyanatdan sitat: “Polis COVİD 19 pandemiyasında insanlarımızın sağlamlığının qorunmasında, 44 günlük Vətən müharibəsində, əmin-amanlığın təmin edilməsində ağır sınaqlardan peşəkarlığı ilə üzüağ çıxdı, qarşıya qoyulan bütün vəzifələri uğurla icra etdi”.

Vətəndaşların Prezidentin saytına yolladığı məktublar stilində bir bəyanatdır. Uzun-uzadı polis orqanlarının tərifindən sonra İctimai Şura üzvləri həyəcanlanıb bəyanatda sərt çağırış edir:

“Daxili İşlər Nazirliyi yanında İctimai Şura xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı müqavimət göstərilməsi, zor tətbiq edilməsi, hədə-qorxu gəlinməsi, yalan məlumatlar yayılması hallarına qarşı qanunvericiliyin ən sərt formada tətbiqinə çağırır. Bu cür hüquqazidd əməllərə görə qanunvericiliyin sərtləşdirilməsini vacib hesab edir və müvafiq dövlət orqanlarını bu istiqamətdə addımlar atmağa çağırır”.

Qanunlar yetərincə sərtdir və polisə geniş səlahiyyətlər verir. Polislə bağlı doğru məlumatlar belə həmişə təkzib olunur. Hər halda, İctimai Şura üzvləri də hansısa məsələ ilə bağlı üzr videolarına az şahidlik etməyiblər. Polislə bağlı yalan məlumatlar verilməsi halındasa vətəndaşlar dərhal cəzalandırılır. “Ən sərt formada” cəza tələb edən şura üzvləri, görəsən, nəyi nəzərdə tutur? Güllələnmə, edam cəzası bizim qanunlarla yasaqdır.

Belə anlaşılır ki, İctimai Şuranın növbəti müraciəti onları dubinka və silahla təmin etməklə bağlı olacaq. Təklif nəzərə alınarsa, vətəndaş-polis münasibətlərini İctimai Şura üzvləri özləri çözəcək; hansı üsulla olacağı bəyanatdan bəllidir…

Xatırladaq. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu 16 yanvar 2014-cü ildə qəbul olunub. Qanunun qəbulunda əsas məqsəd vətəndaşların dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləməkdir. Qanunun “İctimai iştirakçılığın məqsədləri” maddəsində yazılıb:

– vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi;
– mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi;
– mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili;
– mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması;
– dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması;
– əsas insan və vətəndaş hüquqlarının müdafiəsi.

Göründüyü kimi, qanunla müəyyən olunmuş məqsədlər arasında polisə dəstəklə bağlı İctimai Şuraya verilən tələblər yoxdur. Ancaq dövlət qurumlarının, o sıradan polisin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması şuranın məqsədləri arasındadır. Yeri gəlmişkən, qanunla şura fəaliyyəti barədə əhalini məlumatlandırmalı, öz fəaliyyətinə dair illik hesabat hazırlamalı və dərc etdirməlidir. 2024-cü il yarıdan keçib, 2023-cü ilin hesabatı hələ də yoxdur. DİN yanında İctimai Şura ilə bağlı sonuncu xəbər bu il yanvarın 18-də, ondan qabaqkı xəbərsə ötən il noyabrın 6-da sayta qoyulub. İllik hesabat verməyə borclu olan (qanunun tələbi) İctimai Şuranın hesabatı yoxdur, yəni saytın “Hesabatlar” bölməsi boşdur. Xəbərlər bölməsində 16 aprel 2023-cü il tarixdə “Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın 2022-ci il ərzində fəaliyyəti barədə HESABAT” cümləsi var, hesabatın özü isə yoxdur.

Hə, qanunla İctimai Şuranın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, habelə digər normativ hüquqi aktlara riayət etmək vəzifəsi var. Bu qanunlar sırasında “İctimai iştirakçılıq haqqında” qanun da var…

Bəyanat aşağıdakı çox “həssas” cümlə ilə bitir, ancaq bunun İctimai Şuranın vəzifəsinə daxil olub-olmadığı bilinmir.

“Daxili İşlər Nazirliyi yanında İctimai Şura polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlərin görülməsini vacib sayır və hökuməti bu istiqamətdə addım atmağa çağırır”.

Hər şeyin qiymətinin qalxdığı bu günlərdə İctimai Şuraların birləşib sosial müdafiəsiz vətəndaşlarla bağlı belə bir bəyanata imza atıb hökumətə çağırış etməsini düşünə bilən neçə nəfər var? Oturun yerinizdə…

Sonda tanışlığa ehtiyac var, polisə dəstək bəyanatı verən DİN yanında İctimai Şuranın üzvləri ilə:

  • Əliməmməd Nuriyev, İctimai Şuranın sədri, “Konstitusiya” Araşdırmaları Fondu
  • Xalid Kazımov, İctimai Şuranın sədr müavini, “Regional İnsan Hüquqları və Media Mərkəzi” İB
  • Mahirə Əmirhüseynova, İctimai Şuranın üzvü, XXI Əsrin Qadınları İctimai Birliyi
  • Sevda Məmmədova, İctimai Şuranın katibi, Azərbaycan Demokratik Jurnalistlər Liqası
  • Rəfail Becanov, İctimai şuranın üzvü, “İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyi
  • Gülayə Səfərova, İctimai şuranın üzvü, “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İB
  • Rauf Zeyni, İctimai şuranın üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu
  • Mehriban Zeynalova, İctimai şuranın üzvü, Təmiz Dünya Qadınlara Yardim İctimai Birliyi
  • Məhsəti Hüseynova, İctimai şuranın üzvü, “Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” İB
  • Elməddin Muradov, İctimai şuranın üzvü, Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi
  • Araz Nurməmmədov, İctimai şuranın üzvü, “Gender Bərabərliyi” İctimai Birliyi
  • Arzuman Abdulkərimov, İctimai şuranın üzvü, “Hilal” Sosial Araşdırmalar ictimai birliyi
  • Vüsalə Hüseyinli, İctimai şuranın üzvü, “İslahatçı qadınlar və innovasiyalar” İctimai Birliyi
  • İradə Nəsirova, İctimai şuranın üzvü, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi.

DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev eyni zamanda daha 3 qurumda İctimai Şura üzvüdür. Rauf Zeyni isə DİN-dən başqa 2 qurumda təmsil olunur, o, “Azərsu”da İctimai Şuranın sədridir. Elməddin Muradov da DİN-dən başqa daha 3 qurumda İctimai Şura üzvüdür. Məhsəti Hüseynova da 3 qurumda təmsil olunur. Başqa qurumlarda olan İctimai Şura üzvlərinin çoxu beləcə bir neçə yerə adlarını yazdıra biliblər. İctimai Şura üzvləri hər biri həm də bir və ya bir neçə QHT-yə rəhbərlik edir. Bu baxımdan “Hesabatlar” bölməsinin niyə boş olduğunu anlamaq çətin deyil, görünür, çatdıra bilmirlər…

Dövlət qurumlarında təmsilçilik QHT rəhbərləri üçün əlavə imtiyazdır; həm öz işlərini, həm də başqalarının işini aşırmaq üçün; ola bilsin, vətəndaşın da… Bu üzdən o qurumlara düşməkdən ötrü QHT rəhbərləri arasında amansız mübarizə gedir. Eyni zamanda dövlət qurumlarının da istədikləri QHT rəhbərlərinin onların yanındakı şuraya düşməsində marağı var. Sözə və ələ baxan adamlarla anlaşmaq daha asandır…

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button