“Azəriqaz”da şok talan – II hissə

II HİSSƏ

“Ernst and Young” şirkətinin audit hesabatında “Azəriqaz” İB-də hökm sürən korrupsiya, təsərrüfatsızlıq və yarıtmaz idarəçilik barədə başqa sensasion faktlar da yer alır. Sənəddə “Azəriqaz” İB-də aşkarlanan pozuntu və problemlər barədə faktların həcmi böyükdür, sənədlə tanış olanda belə birmənalı qənaət hasil olur ki, ölkənin qaz operatorunda demək olar heç bir iş qaydasında deyil. Korrupsiya, pis idarəçilik, təsərrüfatsızlıq baş alıb gedir və bunun nəticəsində hər il böyük həcmdə qaz itkisi baş verir, on milyonlarla manatlıq ziyan dəyir.

 

O hansı abonentlərdir ki…

saygac_esas_02Məsələn, sənəddə göstərilir ki, “Azəriqaz” bir sıra sənaye abonentlərinin qaz sərfiyyatını qaz ölçən cihazların göstəriciləri əsasında deyil, orta aylıq sərfiyyat əsasında müəyyən edir. Bu zaman orta sərfiyyat göstəriciləri azaldılır və həmin abonentlərin əvvəllər qaz ölçü cihazlarının qeydə aldığı sərfiyyat həcmi ilə uyğun gəlmir. Audit sənədində bir neçə belə sənaye abonentinin abonent kodları göstərilib. Məsələn, belə abonentlərdən birinin qaz ölçü cihazı 2012-ci ildən sökülüb və indiyə qədər də yerinə qoyulmayıb. Digər abonentin qaz ölçü cihazı isə 2014-cü ildən sökülüb. Hansı ki, qanunvericiliyə görə belə abonentlərin qaz ölçü cihazları bu və ya digər səbəbdən söküldükdə ən çoxu 3 ay ərzində yenisi qoyulmalıdır. Audit hesablamaları əsasında müəyyən olunub ki, 2015-ci il ərzində sənaye abonentlərinə (istixanalar, istehsalat müəssisələri və digərləri) real sərfiyyat həcmindən 119.6 milyon kubmetr az qaz sərfiyyatı yazılıb.

 

Keyfiyyətsiz borular, sabun köpüyü və ildə 10.5 milyon kubmetr itki

 

Yaxud “Ernst and Young” müəyyən edib ki, “Azəriqaz” İB-nin yerüstü qaz şəbəkələrində hər il 199.2 min sızma halı aşkarlanır. Bunun nəticəsində ildə 10.5 milyon kubmetr qaz itkiyə gedir. Həmin sızmaların səbəbi isə “Azəriqaz”ın podratçısı “Global Service” şirkəti tərəfindən görülən keyfiyyətsiz işlərdir. Belə ki, qaz xətləri çəkilərkən aşağı keyfiyyətli borulardan və mənəvi köhnəlmiş kipləşdirmə materiallarından istifadə olunur. Borularda “rezba”lar kustar üsulla açılır, sızmanı yoxlamaq üçün primitiv metoddan – sabun köpüyündən istifadə olunur, çünki təmir briqadalarının sərəncamında kifayət qədər qazoanalizatorlar yoxdur.

 

Sayğacların alınmasında dəhşətli yeyinti – bazar qiymətlərindən 72 faiz baha

 

“Ernst and Young” müəyyən edib ki, “Azəriqaz” İstehsalat Birliyi SOCAR-ın satınalmalarla bağlı təlimatına məhəl qoymayaraq mal-material resurslarını açıq tenderlərdə deyil, qapalı tenderlərdə, bazar qiymətindən baha alır. Özü də belə tenderlərə birbaşa istehsalçı şirkətlər yox, hansısa vasitəçilər buraxılır.

Sayğacların alınmasında şişirtmə isə daha yüksək həddədir. Belə ki, sayğacların faktiki satınalma qiymətləri onların bazardakı analoqlarının qiymətini orta hesabla 72 faiz aşır. Audit nəticələrinə əsasən 2015-ci və 2016-cı illərdə mexaniki və smart sayğacların satın alınmasına dair tenderlərin hamısı qapalı keçirilib, bu tenderlərə məhdud sayda iştirakçı buraxılıb. Nəticədə alınan sayğacların qiymətləri “şişib”. Audit şirkəti göstərir ki, “Azəriqaz” sayğacların alınmasına dair tenderlər keçirərkən MDB ölkələrinin, Çin və Türkiyənin daha ucuz sayğaclarını nəzərdən keçirmir.

 

Sayğacların cəmi 6 faizi yararlıymış

408364134Üstəlik məlum olub ki, “Azəriqaz”ın milyonlarla manat xərcləyib şişirtmə qiymətlərlə aldığı qaz sayğaclarının böyük əksəriyyəti hazırda yararsız vəziyyətdədir. “Müntəzəm yoxlamalar nəticəsində müəyyən edilib ki, yoxlanılan sayğacların cəmi 6 faizi sonrakı istismar üçün yararlıdır. Belə ki, “Goldcard” sayğaclarının qarantiya müddəti satın alındığı tarixdən etibarən 12 aydır, “İtron” və “Elster” sayğaclarının qarantiya müddəti isə 18 aydır” – audit hesabatında deyilir.

“Ernst and Young” tövsiyə edir ki, “Azəriqaz” sayğac təchizatçıların dəyişdirməli, qiymət baxımından daha sərfəli variant təklif edən təchizatçıları seçməlidir. Habelə sayğacların alınmasına dair tenderlər açıq keçrilməlidir. Hesablamalara görə, sayğacların real bazar dəyərinə alınması hesabına ildə 12.5 milyon manat iqtisadi effekt əldə oluna bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button