“Azəriqaz”ın regional idarəsindən fəhlələr kütləvi işdən çıxarıldıqlarını deyirlər

Yayımlandı: 20 İyun 2024 11:50

“İşdən çıxarılandan sonra bəlli oldu ki, bizimlə bağlanmış müqavilə hər ay yenilənirmiş”

SOCAR-ın tabeliyindəki “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin Ağsu xidmət sahəsində ictimai işlər üzrə çalışan işçiləri kütləvi şəkildə işdən azad olunurlar. Onlar fəhlə köməkçisi işləyiblər.

Bu barədə Meydan TV-yə işçilər məlumat veriblər. Onların sözlərinə görə, əsasən 2016-cı ildə işə götürülənlər kənarlaşdırılır.

İşdən çıxarılanlardan biri, Rövşən Süleymanov deyir ki, onlara işdən çıxarılmalarının səbəbi açıqlanmayıb.

“Biz Hacıqabul rayonunda qaz ixrac idarəsinə tabe idik, kimi fəhlə, kimi də operator kimi işləyirdi. Sonra bizi DOST Xidmətinə müqaviləli işçi kimi keçirdilər. Hər il müqavilə təzələnirdi. 5-6 ay əvvəl regional qaz idarəsinin tabeliyinə verildik. Bu yaxınlarda heç bir səbəb göstərmədən bizimlə bağlanmış Əmək Müqaviləsinin müddəti artırılmadı”,-Süleymanov bildirib.

Şikayətçi deyib ki, 42 yaşı var, digər sahələrdə çalışa bilir. Amma işdən kənarlaşdırılanların arasında elə şəxslər var ki, ailəsinin dolanışığı üzərindədir, 345 manatla bir ayı yola vermək məcburiyyətindədir.

Foto: Meydan TV

Şikayətçilər deyiblər ki, artıq 20- yə yaxın işçi vəzifəsindən kənarlaşdırılıb:

“Biz DOST Xidmətindən heç kimi tanımırdıq. Yalnız işdən çıxarılandan sonra bəlli oldu ki, bizimlə bağlanmış müqavilə hər ay yenilənirmiş. Hazırda rəsmi olaraq 14 nəfərin işdən çıxarıldığı təsdiqlənib. Deyirlər ki, 300-400 nəfər işdən uzaqlaşdırılacaq”.

İşdən azad olunanlar arasında şəhid ailələri də var. İşini itirənlərdən biri deyib ki, 9 il Biləsuvar rayonu Qaz İdarəsində müqavilə ilə çalışıb. İyunun 12-də işdən çıxarıldığını öyrənib.

Üzeyir Məmmədov adlı şikayətçi isə Lənkəran regionunda xəbərdarlıq edilmədən işdən çıxarılıb.

“Azəriqaz” İB-dən məsələyə aydınlıq gətirilməyib.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, Əmək Məcəlləsinin tələblərinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir:

Foto: Mirvari Qəhrəmanlının şəxsi arxivindəndir

İşçilərin uzun müddət – hər ay müqavilə vaxtı uzadılmaqla, 8 ildən yuxarı bu vəzifələrdə çalışması onu sübut edir ki, bu vəzifə daimi xarakterli olub. Bu halda işçilərlə bağlanmış Əmək Müqaviləsi niyə müvəqqəti olmalıdır? Niyə 5 ildən sonra bu müqavilələr daimi xarakterə malik olmayıb? Bunu qanunumuz tələb edir”, – Qəhrəmanlı sual edib.

Hüquq müdafiəçisi bildirib ki, işçilərin kütləvi uzaqlaşdırılması ilə bağlı təşkilata hər gün müraciətlər daxil olur, amma bununla bağlı açıqlama verən yoxdur.

DOST Xidmətindən bildiriblər ki, bayramdan sonra məsələ araşdırılaraq cavablandırılacaq.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button