Azər Tağıyevdən Elçin Sadıqova təhlükə

 

Elçin Sadıqov

Tənqidçi medianı müdafiə edən vəkilləri sıradan çıxarırlar…

 Dünən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun mətbuat mərkəzində Media Hüquqları İnstitunun vəkili Elçin Sadıqov peşə fəaliyyəti ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı mətbuat konfransı keçirib.

Elçin Sadıqov bildirib ki, 2006-cı ildən başlayaraq, Media Hüquqları İnstitutunun vəkilli kimi qəzetlərə, jurnalistlərə və ümumilikdə mediaya qarşı qaldırılmış iddialarla bağlı proseslərdə müdafiəçi kimi iştirak edib. “Mediaya, xüsusən də tənqidçi mediaya qarşı qondarma məhkəmə işlərində müdafiəmizlə əlaqədar müxtəlif qurumların təzyiqləri ilə üzləşmişik. Vəkillər Kollegiyasından da dəfələrlə deyiblər ki, əl çəkin bu işlərdən. 2010-cu ilin aprel ayından isə dövlət qurumlarının təzyiqləri başlayıb. 4 aprel 2008-ci ildə – o zaman “Azadlıq”  qəzetinin müxbiri Aqil Xəlili müdafiə edirdim – Baş prokurorluğun Ağır Cinayətlərə dair İdarəsində 19 saat 40 dəqiqə saxlayıblar. 2010-cu il  aprelin 1-də isə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin işi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə çağrılmışam. Orada jurnalistin apellyasiya şikayətinin mətninin ictimaiyyətə açıqlanmasına irad bildirdilər və bununla bağlı izahat istədilər. Mən isə vəkillik fəaliyyəti ilə bağlı vəkildən izahat alınmasının qanuna zidd olduğunu dedim və imtina etdim” – deyən vəkil qeyd etdi ki, 2010-cu il noyabrın 5-də Vəkillər Kollegiyasının sədri Azər Tağıyev zəng edərək, Eynulla Fətullayevi müdafiə etməyinə irad bildirib. Vəkillər Kollegiyasının iradlarını qulaqardına vurması onunla nəticələnib ki, 2011-ci ilin əvvəlində kollegiyada barəsində intizam icraatı başlanıb. “Guya bir müştərim şikayət edibmiş ki, mən onun telefonunu götürməmişəm. Sonradan məlum oldu ki, həmin qadına şikayət ərizəsini zorla yazdırıblar və icraata xitam verildi” deyən vəkil əlavə etdi ki, Vəkillər Kollegiyası bununla da kifayətlənməyib. 2011-ci ilin aprel ayında kollegiya  ondan son 1 il ərzində icraatında olan işlər və fəaliyyəti ilə bağlı sənədləri istəyib. “Ancaq bu tam qanunsuz tələbdir, çünki “Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanuna görə müştərilərlə və vəkillik fəaliyyəti  ilə bağlı məlumat vəkillik sirri kimi qorunmalıdır. Bu səbədən də heç bir sənəd təqdim etmədim” – Elçin Sadıqov deyib.

Bütün bunlar isə onunla nəticələnib ki, onun barəsində Vəkillər Kollegiyasında növbəti intizam icraatı başlanıb. Belə ki, sentyabrın 15-də kollegiyadan zəng edərək ona bildiriblər ki, sənin barəndə ciddi şikayət var. Şikayətlə tanış olanda isə absurd bir ərizə ilə rastlaşıb. “Bakı şəhəri Mirzağa Əliyev küçəsi 10 ünvanında qeydiyyatda olan Bayram Əliyev adlı vətəndaşın şikayətində bildirilir ki,  guya mən xarici səfirlərlə görüşürəm, Milli Məclisin müxalifət deputatlarıyla əlbir olub külli miqdarda pul əldə etmişəm. Ən maraqlısı isə odur ki, guya mən 2013-cü ildə prezident seçkilərində jurnalist Eynulla Fətullayevi prezident seçdirəcəm, özüm isə Vəkillər Kollegiyasının sədri olacağam” – deyən Sadıqov onu da bildirdi ki, belə bir absurd və yalan şikayət ərizəsinə əsasən Vəkillər Kollegiyası onun barəsində intizam icraatını davam etdirir.

Elçin Sadıqov kollegiyanın bu hərəkətini son vaxtlar müstəqil vəkillərə qarşı aparılan kampaniyanın tərkib hissəsi kimi qiymətləndirib. O, sonda vurğulayıb ki, məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevə, Prezident Adminstrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova və Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət edib. 

Xatırladaq ki, son aylarda müxalif fikirli şəxsləri müdafiə etdiyinə görə, iki vəkil – Xalid Bağırov və Elçin Namazov müxtəlif bəhanələrlə Vəkillər Kollegiyasından uzaqlaşdırlıblar. Qeyd edək ki, Vəkillər Kollegiyasına üzv olmayan vəkillər yalnız mülki işlərə çıxa bilərlər. Cinayət işlərinə çıxmaq istəyənlər isə statusuna görə dövlət qurumu və ya ictimai təşkilat olması naməlum olan, son vaxtlar isə vəkillərə qarşı repressiyaları ilə ölkə və beynəlxalq arenanın gündəmində qalan Vəıkillər Kollegiyasına üzv olmalıdırlar. Vəkillər Kollegiyası son illərdə jurnalistlərin və  müxalifətdə olan siyasi fəalların hüquqlarını müdafiə edən vəkilləri müxtəlif şikayətlər əsasında kollegiyadan xaric edib. Bu siyahıda Arzu Alıyeva, Həzi Məmmədov, Akif Məmmədov, Namizəd Səfərov və Lətifə Əliyevanın da adı var. Həmçinin cəmiyyətdə müstəıqil fikirli şəxslər kimi tanınan İntiqam Əliyev, Ənnağı Hacıbəyli və digər hüquqşünaslar kollegiyayadan kənarda saxlanılırlar.

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button