Azər Tağıyevin kontorunu kim və niyə yaradıb?

Vəkillər Kollegiyası vəkillərə vəkillik etmir, onları vəkilə möhtac qoyur…

Son günlər Azərbaycanda müstəqil olaraq fəaliyyət göstərən və əsasən, həbsdə olan müxalifətçilərin, tənqidçi mətbuatın hüquqlarını müdafiə edən vəkillərə qarşı bir təzyiq kampaniyası başlayıb. Təzyiqlər əsasən Vəkillər Kollegiyasından gəlir. Son zamanlar müstəqil vəkillərə qarşı inzibati cəzalar, hətta vəkillik fəaliyyətinin məhdudlaşdırılmasıyla bağlı təzyiqlər artmaqdadır. Artıq ortaya bu vəkillərin hüquqlarının pozulmasından başqa, həm də yeni suallar çıxır. İlk olaraq ağıla gələn sual budur ki, ümumiyyətlə, Azərbaycana belə bir inzibati qurum lazımdırmı?

Bu sualımıza cavab almaq üçün ekspertlərdən bir sıra münasibətlər öyrəndik. Söhbətləşdiyimiz ekspertlərin əksəriyyəti hazırda fəaliyyətdə olan vəkillər olduğuna görə, onlar adlarının çəkilməsini istəmədilər. Lakin ortaya kifayət qədər maraqlı məqamlar çıxdı.

Öyrəndik ki, əslində, ölkədə Vəkillər Kollegiyasının varisi olaraq analoji qurum sovetlər dövründə mövcud olub. Sovetlər dövründə mövcud olan bu qurum əslində, daha çox inzibati xarakter daşıyır. Məsələ burasındadır ki, sovetlər dövründə ortaya kifayət qədər maraqlı məlumatlar çıxır. Belə ki, sovetlər dövründə mövcud olan qurum demək olar ki, vəkillərin lisenziyasını verən bir qurum olub.

Sovetlər dövründə bu qurum daha çox Mərkəzi Komitənin tabeçiliyində fəaliyyət göstərib. 1991-ci ildə isə Azərbaycan müstəqillik əldə etdikdən sonra bu qurumun fəaliyyəti və funksiyaları ciddi şəkildə dəyişdirilib. Əbülfəz Elçibəyin prezidentliyi dövründə qurumun səlahiyyətləri məhdudlaşdırılıb. Faktiki olaraq kollegiya vəkillik fəaliyyəti ilə bağlı lisenziya vermək səlahiyyətində olmayıb. Daha dəqiq ifadə etsək, bu qurumun üzvü olmayan vəkil Ədliyyə Nazirliyinə müraciət edib və lisenziya alıb. Qurumun üzvü olan vəkil isə elə kollegiyadan lisenziya alıb. Yəni artıq nazirlikdən lisenziya almağa ehtiyac qalmayıb. 2004-cü ildən isə Vəkillər Kollegiyasının funksiyası ilə bağlı qanunlara 4 dəfə əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər arasında qurumun səlahiyyətləri fundamental olaraq dövlət idarəsinin səlahiyyətləri ilə müqayisə ediləcək dərəcədə dəyişdirilib.

«Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanununa edilən əlavə və dəyişikliklər kifayət qədər diqqəti çəkir. Nəhayət, biz “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 986-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında prezidentinin sərəncamı ilə tanış oluruq. Bu sənəddə qanunlara edilən dəyişikliklər əslində, daha qurumun inzibati funksiyasının artırılmasına xidmət edirdi.

Məsələn, diqqəti çəkən məqam odur ki, hətta dövlət qurumlarından fərqli olaraq bu kollegiya birbaşa lisenziya verən orqan kimi göstərilir. Qanunvericilik bazasında bir nazirliyin hansısa profilli lisenziya verməsi üçün qanunda «müvafiq dövlət qurumu» anlayışlarından istifadə edilir. Lakin araşdırmalar göstərir ki, biz yalnız iki qurum haqqında qanunlarda, Qafqaz Müsəlmanları İdarəsi və Vəkillər Kollegiyası haqqında qanunlarda birbaşa olaraq «müvafiq qurumdan» sözünün «Qafqaz Müləmanları İdarəsindən» və ya «Vəkillər Kollegiyası»ndan sözlərinin istifadə edildiyini görürük. Faktiki olaraq ictimai təşkilat statusunda olan bu qurumlar birbaşa inzibati qurumların səlahiyyətlərini yerinə yetirir. Bunun üçün daban-dabana zidd olan qanunların isə hamısı qüvvədədir.

Yeri gəlmişkən, onu da əlavə edək ki, 2010-cu ildə Mətbuat Şurasına da belə bir əlavə səlahiyyətlər verilməsi haqqında sənəd mövcud olub. Lakin sənədin hüquqi baza baxımdan əsaslandırılması üçün lazımi işlər görülmədiyindən, bu, layihə olaraq qalıb.

Vəkillər Kollegiyası isə faktiki olaraq dövlət büdcəsindən vəsait almayan, lakin lisenziya verən bir qurumdur. Bundan başqa, kollegiya həm də test imtahanları təşkil edərək vəkil statusunu müəyyən edir.

Azərbaycan Respublikasının «Dövlət qulluqçuları haqqında» qanuna görə, belə imtahanları yalnız Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası və ya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası keçirə bilər. Lakin VK-da bu fərqlidir. Vəkil olmaq istəyənlər qurumun rəhbərliyinə imtahan verir və lisenziya alırlar.

Dünya praktikasında belə bir nümunə yoxdur. Hətta qonşu Gürcüstan Respublikasında cəmi 30 dəqiqə ərzində dövlətin diplomunu tanıdığı ali məktəbin hüquq fakultəsini bitirən məzun lisenziya alaraq vəkil kimi fəaliyyətə başlaya bilər.

Araşdırmalar göstərir ki, Azərbaycanın Vəkillər Kollegiyası ilə bağlı  təcrübəsi İran, Türkmənistan, Kuba ilə müqayisə oluna bilər. Ölkəmizin qoşulduğu Avropa Şurasına üzv olan dövlətlər arasında demək olar ki, bizim Vəkillər Kollegiyası kimi qurum fəaliyyət göstərmir.

Amma son zamanlar biz müstəqil vəkillərə qarşı təzyiqləri pisləyən Avropa Şurasının, Avropa Birliyinin, ABŞ-ın daha da sərtləşən münasibətlərinə şahidlik edirik. Təəssüflər olsun ki, bu gün ədliyyə naziri Fikrət Məmmədovla Şəkidən yaxınlıq əlaqələri qurduğunu iddia edən Azər Tağıyev həvəslə hüquqi dövlət anlayışlarını sarsıdır. Bunu isə biz yox, dəfələrlə təzyiqlərə məruz qalan vəkillər deyirlər. Və təəssüflər olsun ki, bu gün ictimai rəydə Azər Tağıyevin bir zamanlar Mərkəzi Seçki Komissiyasında göstərdiyi «uğurlu fəaliyyətinə» görə mükafatlandırıldığı barədə də rəy var.

Amma bu gün Mətbuat Şurası kimi Vəkillər Kollegiyası da kollegalarına vəkillik etmir. Əksinə, onları vəkilə ehtiyac qoyur.

Elvin Əfəndi

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button