Azərbaycan az qala dələduz bir ölkəyə çevrilib

Əyyub Kərimov: “Azərbaycanda cinayətlərlə bağlı statistika olduğu kimi açıqlansa, vəzifədə olan şəxslərin postları təhlükəyə düşər”

Azərbaycanda insan alveri qurbanlarının sayının artması ilə bağlı ABŞ Dövlət Departamenti məlumat yayıb. Məlumatda Azərbaycanın insan alverinə görə öncül sırada durduğu bildirilir. Lakin DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ABŞ Dövlət Departamenti tərəfindən verilən məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
FaktXeber.com-un “Departamentlə DİN-nin açıqladıqları hesabat arasında ziddiyyətlərin olmasının əsas səbəbi nədir” sualına aydınlıq gətirən hüquq müdafiəçisi Əyyub Kərimov, DİN-nin açıqlamasının başqa cür olmasının mümkünsüzlüyünü bildirdi: “Başqa nə gözlənməlidir ki? Təbii olaraq hər bir dövlət çalışır ki, statistik rəqəmlər onun xeyrinə olsun. Digər təşkilatlar tərəfində də verilən hesabatlar öz marağına uyğun olmayanda, bu cür hesabatların reallığı əks etdirmədiyini bildirir. Hesab edirəm ki, statistika dalınca qaçmaq Sovet dövründən qalma bir bəladır. Yəni kağız üzərində hər şey əladır. Ancaq reallıq tamamilə başqa cürdür. Buna misal olaraq Daxili İşlər Nazirliyinin hər 6 aydan bir cinayətlərin açılması ilə bağlı verdiyi hesabatı göstərmək olar. Hesabatda bildirilir ki, ölkədə olan cinayətlərin 80-90%-nin üstü açılır. Lakin ABŞ və Fransa kimi dövlətlərdə cinayətin üstünün açılması 25-30%-dən yuxarı deyil. Onda belə bir sual çıxır ki, əgər Azərbaycanda cinayətlərin 90%-nin üstü açılırsa, nəyə görə yazıçı Rafiq Tağının ölümündən 10 gündən çox vaxt keçməsinə baxmayaraq, hələ də cinayətkar müəyyən olunmayıb? Əgər cinayətlərin açılma faizi dünyanın ən inkişaf etmiş ölkələrdən iki dəfə üstündürsə, onda Rafiq Tağının cinayətinin üstü 2 saata açılmalı idi”.
Reallığın vətəndaşlar tərəfindən açıq-aşkar görüldüyünü qeyd edən Əyyub Kərimov, statistikaların bu reallıqlarla üst-üstə düşmədiyini bildirib: “Statistikalarda bildirilir ki, ölkədə vətəndaşların mülkiyyət hüququ qorunur. Reallıqda bir hüquqşünas kimi görürəm ki, hər gün məhkəmələrdə nə qədər insan mülkiyyət hüququndan məhrum olunurlar. Azərbaycan az qala dələduz bir ölkəyə çevrilib. Polis bölmələrində olan 3 cinayət işindən biri dələduzluq üzrədir. Adətən belə hallarda cinayət işi qaldırmırlar. Çünki deyirlər ki, əgər cinayət işi qaldırsaq, statistika üzrə batarıq. Statistikaya baxanlar deyərlər ki, bunlarda nə qədər dələduz varmış. Buna görə də dələduzlar cinayətlərinin sayını günü-gündən artırırlar. Çünki mübarizə aparılmır. Mübarizə yalnız kağız üzərində aparılır. Statistika əgər olduğu kimi açıqlansa, vəzifədə olan şəxslərin postları təhlükəyə düşür. Reallıqdan fərqli olaraq kağız üzərində hər şey əladır. Ona görə də qıraqdan hər hansı bir sərf eləməyən hesabat gələndə, həmin hesabatı inkar edirlər.”

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button