Azərbaycan dövlətinin 30 İyunla öyünməyə haqqı var!

Fərizə böyük alqışlara layiq türk qadınıdır!

 

İyun ayının 27-də «Divani-Hikmət» Mədəni Məclisində Sevgililər Günü münasibətilə özəl bir ziyalı məclisi keçirildi. Bu tədbirin baş tutması İctimai Televiziyanın əməkdaşı Kamil Nehrəmlinin və dəyərli sənətkarımız Şəmistan Əlizamanlının xidmətləri sayəsində mümkün oldu. Onlar «Xural»ın bütün tədbirləri ləğv etdiyi xəbərini dərin ağrı ilə qarşılamış, özləri başqa bir məclis təşkil etmişdilər. Təbii ki, bütün tədbirlərdə olduğu kimi, bu tədbir də Əziz Şəhidimiz İlham Allahverdiyevin qardaşı Elxanın sayəsində həyata vəsiqə qazandı. «Xural» bu il obyektiv səbəblərdən əsas Şöləni təxirə salsa da, «İlham-Fərizəm lay-lay» adlanan disk hazırlamışdı və 27 iyun tarixində həm də fürsətdən istifadə edərək o diskin təqdimatını keçirməyi qərarlaşdırdıq. Yaxşı da alındı. Respublikanın əməkdar artisti Ağalar Bayramovun timsalında biz həmdə Əziz Şəhidlərimizin xatirəsinə və Sevgililər Gününü şəninə hazırladığımız bu möhtəşəm diski təqdim etdik.

«Xural» Oxucularının marağını və Sevgililər Gününün tarixini nəzərə alaraq tədbirdən geniş yazını diqqətinizə təqdim edirik. Tədbiri aparır Şəmistan Əlizamanlı.

«Xural» axına qarşı üzüb…

Əvvəli ötən saylarımızda

 

Ağalar Bayramov:

– Əzizim sinə, sinə,

Çən gəlir sinəsinə,

Aləmə sığmaz başım,

Sığıbdır sinəsinə.

 

Yaxud:

 

Əllərimi göynədir saçlarının həsrəti,

Gəl, yiyəsiz qalıbdır, könlümün məhəbbəti.

 

Rəhmətlik Əli Kərimli də belə yazırdı. Bugünkü gənclik bütün bunlardan xalidir, Əvəz bəy. Siz bu axına qarşı getmisiniz. Bu meyxanələrin, şouların, avara-avara yarışmaların müqabilində bu diskin dəyəri ondan ibarətdir ki, həyata mədəsinin gözü ilə baxanlar bunu sevməsələr də, həyata içi ilə, daxili mənəviyyatı ilə baxanlar sevəcəklər. Bir daha təkrar edirəm ki, siz bu diski buraxmaqla çox böyük iş gördünüz və məni də o işə yönəltdiniz. Mən də Allahın verdiyi bu səsi millətimizin xidmətinə çıxarıb, bu layihənin iştirakçısı oldum.

Bu günlər Sabir poeziya günlərində idim. Şamaxıda keçirilən bu tədbirdə odlu-alovlu çıxışlar oldu. Amma «Odlar Yurdu» universitetinin müəllimi Qismət balamız çox gözəl bir çıxış etdi, mənim üçün mənalı olan bir şeir söylədi.

 

Bakı elegiyası

 

Bakıya toxundum, əsdi ürəyim,

Toxunmaz olaydım, Bakı dəyişib.

Geyinib əyninə dekolte geyim,

Burnu kiçilibdir, dodağı şişib.

 

Burdan milyardlarla qonaq ötürüb,

İndi öz-özünə qonaq şəhərim.

Röyadan düzəltmə burun götürüb,

Aygündən «silikon dodaq» şəhərim.

 

Açıb yarıyacan öz sinəsini,

Biabır eyləyib məni bu şəhər.

Kəsib, qayçılayıb gödəkçəsini,

Geyinib əyninə mini bu şəhər.

 

De, nədir qəfildən səni dəyişən,

De görüm, tufanmı qopub içindən,

Sanki qocaldıqca lap gözəlləşən,

Gözəl bir qadınsan, şəhər cildində.

 

Götür o dəsmalı, sil o boyanı,

Səndən olmayana daha qoyma qol.

Tulla geyindiyin o dikdabanı,

Bir az balaca ol, amma Bakı ol.

 

Hər küçən, hər evin qürbət kimidir,

Hüznün, yalqızlığın paytaxtı şəhər.

Sanki Bakı bir qədim gəmidir,

Dayanıb, Bakını gözləyir Xəzər?

 

Şirinlik qalmayıb şirinliyindən,

Qadınlar soyunub çıxır şəhərə.

Mavi ekranların dərinliyindən,

Mas-mavi kişilər axır şəhərə.

 

Axır mavi-mavi bəyaz yalanlar,

Utanıb qızarır bəyaz qalanlar,

Qırmızı-qırmızı mavi olanlar,

Gündə bir boyanı yaxır şəhərə.

 

Bakının yəhəri özündə deyil,

Dolanır, özgənin altında Bakı.

Bir ayda, bir gündə Dubayda kökələnlərin,

Həm cibi, həm özü göy gələnlərin,

Dikdaban geyinmiş göydələnlərin,

Qalıb ayağının atında Bakı.

 

İtib iqtidarı, tükənib gücü,

Səsini itirmiş yalquzaq kimi.

Dilənçi uşağın pul yığmaq üçün,

Asfalta qoyduğu bir papaq kimi,

Kimdənsə mərhəmət umur bu şəhər.

 

Çıxmır üstündəki torpaqdır, gildir.

Qanmır ki, bu əvvəl belə deyildi,

Bir Allah bilir ki, gör neçə ildir,

Üzünü Xəzərdə yumur bu şəhər.

 

Hər tində ümidə bir qəbir qazan,

Adama xəcalət çəkdirən şəhər.

Şairi acından şeirlər yazan,

Mollası villalar tikdirən şəhər.

 

Neyləyim, sevməyə bilmirəm səni,

Bir ömür gözünü yollara tikən.

Tənha qadınların möhnəti Bakı

Pullu kişilərə baxıb «ah» çəkən,

Pulsuz kişilərin qisməti Bakı.

 

(Alqışlar…)

 

Fərizənin ucaldığı zirvəyə hər qadın ucalmaq istər!

 

Nəsibə İsrafilqızı

«Sevgi» jurnalının baş redaktoru:

– Mən İlham və Fərizəni dünyaya gətirən anaların qarşısında baş əyirəm. Əvəz bəyin keçirdiyi bütün məclislərdə neçə illərdir, onlarla qarşılaşıram. Bu gün onları görmədim, Allah canlarını sağ eləsin. Fərizə bacımız analıq şərəfini yaşaya bilmədi, özünü qurban verdi. Amma elə zirvəyə ucaldı ki, onu hər bir qadın, hər bir qız fəth etmək istəyər. «Qəbriniz nurla dolsun» şeirimi onlara həsr eləmişəm:

 

Soyuq yanvar günüydü, şaxta yaman kəsirdi.

Ağaclar titrəyirdi, möhkəm külək əsirdi.

 

Elə bu an uzaqdan, iki qadın göründü.

Qara geyinmişdilər, aləm başıma döndü.

 

Onlar yol gəlirdilər, dayanmadan, durmadan,

Analar ayrı düşüb, balasından doymadan.

 

Xiyabanın yolları, kimdirlər tanıyırdı,

Onlar ağlayırdılar, bəlkə yol qınayırdı.

 

Pilləni qalxırdılar, danışmadan, dinmədən.

Müqəvvaya dönmüşdü, yeriyən iki bədən.

 

Bir xeyli qönçə vardı, öndəkinin əlində,

Dualar oxuyurdu arxadakı dilində.

 

Onlar gəlib gözümün düz önündən keçdilər.

Çox çəkmədi, sonradan cüt məzara yetdilər.

 

Lal baxışla danışıb bir-birini duydular,

Çiçəkləri paylaşıb, məzarlara qoydular.

 

Uzaqdan göz gəzdirdim, gördüm iki nakamdır,

Biri gəlin Fərizəm, bir də bəy İlhamdır.

 

Verəmmədim təsəlli fəryad çəkən anaya,

Elə bil ki, donmuşdum, gedə bilmədim haya.

 

Ana ağı söylədi, dodaqları səyridi,

Dünya yaman qorunub, hər əzası əyridi.

 

«Bir gün evə dönəndə oğul balam quş oldu,

Yağılarla üzləşib, güllələrə tuş oldu.

 

Fərizəm də dözmədi, eşqinə peyman etdi,

İlhamının yanına, soyuq məzara getdi.»

 

Xiyabanda analar ağladılar, yandılar,

Övladlarına baxıb, keçənləri andılar.

 

Analar uzaqlaşdı, getdi, gözlərdən itdi.

«Şəhidlər Xiyabanı» bu gün yaman sakitdi.

 

Yamanca kövrəlmişdim, üzürdüm dərd gölündə,

Gəlib mən də baş əydim, bu cütlərin önündə.

 

İki qərənfil qoydum, dedim, qoy sizin olsun,

Allah rəhmət eləsin, qəbriniz nurla dolsun.

 

(Alqışlar…)

 

Qarabağı alacağıq!

 

Məhərrəm Zaman

Qarabağ müharibəsi veteranı, şair:

– Düzü, mən bu məclisə gəlməmişdən əvvəl elə bilirdim ki, oynamaqdan ayaqlarım tutulacaq. Çünki bu gün «Sevgililər Günü»dür. «Sevgililər Günü»ndə də demək, gülmək, oynamaq, bədbinlikdən bir az uzaq olmaq lazımdır. Amma neyləmək olar? Bayaq nəzər diqqətimi Fərizə və İlhamın plakatındakı şəkillərində hər ikisinin arasında olan ürək simvolu çəkdi. Onu görəndə içimdən balaca bir şeir keçdi:

 

Bircə biləydim, açıb ürəyimi özün görəydin,

Ürəyim içində bir ürək də var.

Sənin ürəyindi, onu biləydin.

 

Qarabağ mövzusu hər zaman bizi izləyir. Buna baxmayaraq, bədbin yaşamaq olmaz. Bu mübarizə nə qədər ki, biz varıq, o qədər də davam edəcək.

 

Nuriyyə xanımın ifasında mahnı səslənir.

 

Azərbaycan dövlətinin, məmləkətinin bu günlə öyünməyə haqqı var…

 

Mərcan Şahbuzlu

Şairə:

– Balzak deyirdi ki, insan ömrünə məhəbbət və ölüm xəbərsiz, ətərsiz, sakitcə axıb gəlir. Onun gəlmək vaxtı insana bəlli olmur. Amma digər tərəfdən, mən bir məsələyə toxunmaq istəyirəm ki, Azərbaycan dövlətinin, məmləkətinin bu günlə öyünməyə haqqı var. 2007-ci ildə biz «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə İctimai Televiziyanın «Aktual» verilişindəydik. Hətta mən bir az da ona qarşı kobudluq etdim (Söhbət 2007-ci ildə İsmayıl Ömərovun xeyir-duası ilə İTV-nin Əvəz Zeynallını ekranda «lincetmə» təşəbbüsündən gedir- Red.). Əvəz bəy ilk dəfə ictimai şəkildə bu təşəbbüslə çıxış etdi və mən də onun canlı şahidi oldum. Yadımdadır ki, o, həmin verilişdə «Valentinin bizim millətimizlə heç bir bağlılığı yoxdur» demişdi. Hətta bizim birinci xanımımızı misal çəkdi, onun Vətənə, dövlətə olan sədaqətindən danışdı və dedi ki, İlhamla Fərizənin məhəbbəti Azərbaycan tarixinə düşməlidir. Bu bizim mili mənəviyyatımızın yüksəlməsində önəmli bir gün olmalıdır. Əvəz bəy, bu təşəbbüsü irəli sürdüyünüz üçün bir ana, bir qadın olaraq qarşınızda baş əyirəm. Bir də mən onu demək istəyirəm ki, bu gün Fərizə də İlham da bir kiçik dövlət olaraq – ailə də kiçik bir dövlətdir – üçlükdə Vətən uğrunda həyatlarını qurban veriblər. Bəli, bu gün onların davamçıları olan yüzlərlə qadın var. Fərizəyə qədər Böyük Cahan savaşında həyat yoldaşını itirmiş yüzlərlə qadınımız oldu, nənələrimiz ərlərinin yastıqlarını, köynəklərini iyləyə-iyləyə ömürlərini başa vurdular, namus-qeyrətlə övladlarını böyütdülər. Bu gün bu tədbirin təşkilatçılarından biri olan Kamil Məhərrəmlinin anası da 41-45 müharibəsində 45 yaşlı həyat yoldaşını itirib, ondan yadigar qalan 7 övlad böyüdüb. Mən o qadının əllərindən öpdüm. Çünki Kamil Məhərrəmli kimi, Adil kimi oğullar böydüb. Mən öyünürəm ki, Azərbaycanımızın belə oğulları, belə qızları, belə övladları var. Gün o gün olsun ki, Qarabağ uğrunda mübarizəmizi qələbə ilə bitirək. Şəmistan Əlizamanlı xalqımıza qələbə xəbərini versin, Ağalar Bayramov gur səsi ilə insanları riqqətə gətirən şeirlər dilə gətirsin, Vahid Əziz də bundan sonra qələbə şeirləri yazsın.

 

Nə Leyli, nə də Nigar məhəbbəti Fərizənin məhəbbəti qədər olmayıb…

 

Nizami Muradov

Şair-publisist:

– Bu tədbirə dəvət olunduğumu eşidəndə, bunu çox məmnuniyyətlə qarşıladım. Çünki bizim xalqımızın taleyində belə əlamətdar hadisələr çox azdır, amma çox şükür ki, var. Tarixən qayalardan özünü atan, düşmən əlinə keçməmək üçün zəhər içən, ömür yoldaşı, sevgisi uğrunda canlarını fəda edən qızlarımız, gəlinlərimiz olub. Onlar haqqında çoxlu dastanlar, hekayələr, əsərlər, şeirlər yazılıb. Amma nə Leyli, nə də Nigar məhəbbəti Fərizənin məhəbbəti qədər olmayıb. Onlar uzun zaman həsrətlə yaşayıb, ömürlərini başa vurublar. Fərizə isə özünü sevgisi yolunda məhv edib. Ona görə o böyük alqışlara layiq türk qadınıdır. Görün, nə qədər böyük sevgisi olub… O, hər birimiz üçün ibrət dərsi olmalıdır.

 

İlhamı Vətən qədər sevən Fərizə…

 

İsmayıl Həkimli

Qarabağ müharibəsi veteranı, İlhamın ailəsinin dostu:

– Dünyanın ən möhtəşəm salonlarında keçirilən tədbirlərinin hamısından möhtəşəmdir bu tədbir. Çünki əsrlərin o tayından gələn mili-mədəni sərvətlərimizin içərisində Fərizə və İlham sevgisinin qayəsi və ruhu bu məclisdə dolanır. Bu bizim bir mili dəyərimizdir, mili kökə bağlılığımızın ən önəmli təsir vasitəsidir. Mən 77-ci ildən İlhamgillə qonşuyam. Ofeliya xalanın o uşaqları necə əzizləyə-əzizləyə böyütdüyünün şahidiyəm. Həm də Fərizəgillə qonşuyam. Mən onları uşaqlıqdan tanıyıram. Onların ailə qurmamışdan əvvəl aralarındakı mehribanlığın hamımız şahidi olmuşuq. Tanrı da onların məhəbbətinin, etibarının, sədaqətinin qarşısında acizdir. Ona görə ki, onların özlərinin həm fizioloji, həm də daxili mənəvi inamları elə o dünyada da bir-birini çox tez qovuşdurub. Toylarından cəmi 6 ay sonra Qırmızı imperiyanın tırtılları altında əzilən minlərlə azəri övladlarından biri də İlham oldu. Onun ömür-gün yoladışı, onu Vətən qədər sevən gözəl Fərizə xanım da ona yenidən qovuşmaq üçün bu addımı atdı və həyatına qəsd etdi. Əminəm ki, dünən də bu gün də xalqımız, millətimiz Fərizə və İlhamın məzarları qarşısında baş əyiblər və onlara bu sədaqətlərinə görə minnətdarlıqlarını bildiriblər.

Şəmistan Əlizamanlı və Nuriyyə xanım «Hay ver mənə, cənab leytenant!» mahnısını ifa etdilər.

30 İyun – Milli Birlik Günü olsun!


Elxan Allahverdiyev

İlhamın böyük qardaşı:

– Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün tədbir iştirakçılarına da öz minnətdarlığımı bildirirəm. Azərbaycanın çox dəyərli oğulları bu gün bura toplaşıblar. Qədir Rüstəmova, Flora Kərimovaya, Vahid Əzizə, Vaqif Gərayzadəyə, Aktif Nağıya, Şəmistan bəyə, Ağalar müəllimə və hər birinizə minnətdaram. Ailəmiz adından hamınıza təşəkkür edirəm. İlham mənim qardaşım olmağına baxmayaraq, artıq o, tək bizim yox, bütün Azərbaycanın, Türk dünyasının oğludur. Mən onu tək bizim ailənin oğlu, qardaşı yox, bütün türk dünyasının oğlu, qardaşı hesab edirəm. Mən çox istərdim ki, «30 İyun – Sevgililər Günü»nü Azərbaycanın bütövlüyünə, birliyinə xidmət etsin. Millətimizin bütün oğulları bir-birinə mehriban olsunlar, sevgi və hörmətlə yanaşsınlar, «el bir olsa, zərbi kərən sındırar». Millətimiz bir olarsa, arada ayrı-seçkilik olmazsa, bizim nə Qarabağ problemimiz olacaq, nə də başqa problemlərimiz. Bizim də bir canımız var, onu da bu millətin yolunda fəda etməyə hər zaman hazırıq.

Ağalar Bayramovun ifasında Əjdər Olun «Öldürməsin» şeiri səslənir. Tarda Xan Şuşinski adına Musiqi Məktəbinin direktoru Rafiq müəllim müşayiət edir. Sonra ölməz şairimiz Bəxtiyar Vahabzadınin «İlham Fərizə» adlı şeiri səsləndirilir.

Müğənni Aslan Hüseynov tədbir iştirakçılarını, o cümlədən Azərbaycan xalqını «30 İyun-Sevgililər Günü» münasibətilə təbrik etdikdən sonra Xanım İsmayılqızının Sevinc Tofiqqızının sözlərinə yazılmış «Çağır məni» mahnısını ifa edir. Ardınca «De, necə çatım sənə bu gecə» gəlir.

A.Bayramov:

– 1990-c ıil yanvarın 22-də keçmiş «Malakan» bağında Mikayıl Mirzə ilə Xəlil Rzanı rus əsgərləri qandallayıb maşına otuzdurdular. Əzizbəyov metrosunda təbii ki, Mikayıl Mirzəni buraxdılar. Xəlil Rzanı isə birbaşa Moskvaya «Lefortovo» həbsxanasına apardılar. O illər hər birimizin yadındadır. Yazıq Firəngiz xanım nələr çəkmədi. Nəhayət, 3 aydan sonra oradakı azərbaycanlı ziyalıların köməyi ilə martın 19-da prokuror Firəngiz xanımın Xəlil Rza ilə bir saatlıq görüşünə icazə verdi. Təsəvvür edin ki, o görüş necə ola bilərdi. Xəlil Rzanın sinəsindəki misralar necə axa bilərdi. Bu diskdə xüsusi musiqi altında həmin qəzəli dinləyəcəksiniz. Sonra da Ağadadaş Ağayevin ifasında «Gəldin» qəzəlinə yazılmış mahnını eşidəcəksiniz.

Diskə qulaq asırlar və tədbir bağlı elan olunur.

Son

Hazırladı:

XuralTAC

 

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button