Azərbaycan-Ermənistan sərhədi: atəşkəsin pozulduğu bildirilir

Yayımlandı: 22 Sentyabr 2022 12:40

Tərəflər bir-birini ittiham edir

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sentyabrın 22-də gecə saatlarında dövlət sərhədinin Kəlbəcər istiqamətində təxribata cəhd etdiyini açıqlayıb.

Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Nazirlik Ermənistan ordusunun Kəlbəcər istiqamətində Azərbaycanın hərbi bölmələrini iriçaplı silahlar, qumbaraatan və minaatanlardan atəşə tutduğunu qeyd edib.

Bildirilir ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu həmin ərazilərdə dərə boşluqlarını minalamaqla Azərbaycan ordusunun bölmələrinə basqın etməyə cəhd göstərib.

“Azərbaycan ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib”, – deyə məlumatda vurğulanıb.

Nazirlik hesab edir ki, Azərbaycan-Ermənistan sərhədində baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistan Müdafiə Nazirliyi isə sentyabrın 21-də, saat 20:00-da Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozduğu barədə məlumat yayıb.

Ermənistan tərəfdən bir nəfərin yaralandığı bildirilib.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button