Azərbaycan hərbi texnikasını gücləndirir

herbi-texnika227.07.2013

Azərbaycan 1992-2012-ci illərdə müxtəlif ölkələrdən 321 ədəd tank, 264 döyüş maşını, 400 artilleriya sistemi və 21295 ədəd raket və raketburaxıcı sistem alıb. Bu barədə BMT-nin Adi Silahlar Registri məlumat verib.

Bu dövrdə hərbi aviasiyasını əhəmiyyətli dərəcədə gücləndirən rəsmi Bakı 64 ədəd təlim və döyüş təyyarəsi, 24 döyüş helikopteri əldə edib. Qeyd edək ki, siyahıya Azərbaycanın İsraildən və Türkiyədən son illərdə satın aldığı artilleriya sistemləri və reaktiv yaylım atəş sistemləri, həmçinin pilotsuz uçuş aparatları, eləcə də 2012-ci ildə Rusiya ilə imzalanmış müqavilələr üzrə 2013-cü ilin əvvəllərində çatdırılmasına başlanmış tanklar və döyüş maşınları daxil deyil.

Registrin məlumatlarına görə, hesabat dövründə Azərbaycana ən çox hərbi texnika satan ölkə Ukrayna olub. Rəsmi Bakı bu ölkədən 198 ədəd döyüş tankı (əsasən T-72 və T-55), 173 ədəd zirehli transportyor, 294 ədəd artilleriya sistemi, 37 döyüş və təlim təyyarəsi, 12 döyüş helikopteri, 95 raket sistemi alıb.

Silah alımında ikinci yerdə Rusiya dayanıb. Bu ölkə 20 ildə Azərbaycana 62 tank, 24 ZTR, 18 ədəd haubitsa, 12 ədəd helikopter və 1200 ədəd raket satıb. Siyahıya Azərbaycanın Rusiyadan satın aldığı iki divizion S-300 PMU-2 “Favorit” kompleksləri, habelə 2008-2012-ci ildə alınmış Ka-32 və Mi-17V tipli nəqliyyat helikopterləri daxil edilməyib.

Azərbaycan mühüm hərbi tərəfdaşlarından olan Belarusdan isə 60 tank, 42 ədəd haubitsa, 6 təyyarə alıb.

Hesabatda qeyd olunub ki, 1992-2012-ci illərdə Azərbaycan Slovakiyadan 1 ədəd tank, Bosniya və Hersoqovinadan 10 ədəd RAK-128 reaktiv atəş sistemi və 20 min ədəd raket, CAR-dan 32 ədəd zirehli transportyor, Gürcüstandan 13, Qazaxıstandan isə 8 döyüş təyyarəsi satın alıb.

Ümumilikdə Ukraynadan satın alınmış təyyarələr MiQ-29 və L-39, Belarus və Gürcüstandan satın alınan təyyarələr Su-25, Qazaxıstandan alınmış təyyarələr isə MiQ-25 modelləri olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button