Azərbaycan hakimiyyəti “Avroviziya”ya 100 milyon manatdan çox pul sərf edəcək!

Rəsul Cəfərov: “Əminəm ki, bizim irəli sürdüyümüz şərtlərə əməl olunmayacağı təqdirdə, müsabiqə baş tutmayacaq”

Rövşən Hacıbəyli: “..Azərbaycanın adını qara siyahıda saxlayan 70 nəfər siyasi məhbus var”

Şahvələd Çobanoğlu: “Ciddi təzyiq, pressinq olacağı təqdirdə viza məsələsində də sadələşdirmənin olacağını gözləyirəm…”

 «Avroviziya» milyonlar silmək üçün istifadə olunacaq

Rəsul Cəfərov:

Biz bu məsələ ilə bağlı bir sıra müzakirələr aparmışıq. Norveçdə yarışmanın təşkili 17 milyon avroya başa gəlmişdi. Amma bizdə hələlik 9 milyon ayrılıb. Rəsmi sərəncamda belə də qeyd olunub ki, «ilkin olaraq»… 9 milyonun içində kompleksin tikilməsi nəzərdə tutulub. Ancaq onun içində digər infrastruktur məsələsi qeyd olunmur. Tam olaraq nə qədər vəsait xərclənəcək, bizim üçün də maraqlıdır. Kompleks 25 min adam üçün nəzərdə tutulub və bu da bizə əsas verir ki, müsabiqəyə qatılmaq üçün kənardan təxminən 30 min adamın gələcəyini təxmin edək. O adamların Azərbaycana problemsiz gəlməsi üçün viza məsələsini yüngülləşdirmək hakimiyyət üçün şərtdir. Əgər vizanın şərtləri bu qaydada olsa, – əvvəlcədən razılığın alınması və s. – çox çətinliklər baş verəcək. Bəzi səfirliklər, konsulluqlar deyirlər ki, viza üçün dəvət XİN-də təsdiqlənməlidir; yəni bildirirlər ki, göndərin, biz XİN-ə göndərərik, cavab gələndən sonra verərik.  Biz məhz bu səbəbdən XİN-ə sorğu göndərmişik, təbii ki, hələ cavab almamışıq. Ona görə deyirəm ki, bu müsabiqənin keçirilməməsi məsələsi tam realdır. Tək siyasi məsələlər deyil, texniki məsələlər də ciddi problemlər yaratdığından, ola bilsin ki, bu, baş tutmasın. Mən əminəm ki, bizim irəli sürdüyümüz şərtlərə əməl olunmayacağı təqdirdə, müsabiqə baş tutmayacaq. 2010-cu ildə Belorusiyada “Uşaq Avroviziyası” keçirildi və o müsabiqəyə çox az ölkə qatıldı. Yəni əksər ölkələr məhz insan haqları məsələsinə görə ora getməkdən imtina elədilər. Hər bir halda belə məsələlərin həll olunmaması ölkənin imicinə təsir göstərən məsələlərdir.

 

Kartla məvacib alan insanlardan 1 faiz «Avroviziya-2012» yarışması üçün pul tutulur…

 

Rövşən Hacıbəyli:

– Çox acınacaqlı faktdır ki, bu gün də dövlət sektorunda çalışan məmurlar, kartla məvacib, təqaüd alan insanların haqlarından 1 faiz «Avroviziya-2012» yarışması üçün tutulur. Təsəvvür edin ki, tək Bayraq Meydanında bir bayrağın qaldırılması üçün istifadə olunan boruya bu hakimiyyət 30 milyon manat pul sildi. Burada 30 min adamın yerləşməsi, müəyyən müddət üçün yaşaması, müsabiqəyə qatılması üçün tikiləcək kompleksə görün hakimiyyət nə qədər pul silməyi planlaşdırır. İndi də xərclər haqqında vətəndaşlara şişirdilmiş rəqəmlər təqdim olunacaq, amma gəlirin hesabatı verilməyəcək. Fikrimcə, bu müsabiqəyə Azərbaycan hakimiyyəti ən azı 100 milyon manatdan çox pul sərf etdiyi haqqında açıqlama verəcək.

 

«Avroviziya» Azərbaycan üçün təbliğat şousudur

 

– Müzakirələrdən belə bir nəticə çıxır: bir tərəfdən viza məsələsinin sadələşdirilməyəcəyi təqdirdə müsabiqənin ləğv olunması gündəmə gəlir. Azərbaycan hakimiyyəti isə rəsmi olaraq Səməd Seyidovun timsalında bəyan etdi ki, Azərbaycanda viza sitseminin sadələşdirilməsindən söhbət belə gedə bilməz. Hətta Almaniyanı da misal göstəriblər ki, bu dövlətdə də viza sistemi sadələşdirilməyib. Digər tərəfdən, Azərbaycan «Avroviziya» müsabiqəsinə 2010-cu ildə 3 milyon, 2011-ci ildə isə 2 milyon avro pul xərcləmişdi. Bu fakta söykənib belə ehtimal irəli sürürdülər ki, 2011-ci ildə, xüsusilə «Ərəb dalğası»nın başladığı bir dönəmdə Azərbaycan hakimiyyəti öz nümayəndələrinin bu il «Avroviziya»da qalib gəlməsini istəməyib. Sizə elə gəlmirmi ki, Azərbaycan rəsmilərinin «Avroviziya»ya ev sahibliyi etməməsi üçün hər şeyə getdiyi qənaətini irəli sürməyə kifayət qədər əsaslar var?..

 

Kampaniyanı ciddi aparacağımız təqdirdə hakimiyyətindən reaksiyalar olacaq…

 

Şahvələd Çobanoğlu:

– Açığını deyim ki, Azərbaycan olimpiadaya da iddia edən ölkədir və hazırda bu məsələ Dünya Olimpiada Komitəsində müzakirə olunur. Yəni namizəd şəhərlər siyahısına Bakının adı daxil edilib. Bizim hakimiyyətin siyasəti ondan ibarətdir ki, necə olursa-olsun, belə yarışmalardan öz çevrələri, müəyyən beynəlxalq dairələrdə bir şou kimi istifadə etsin, bundan yararlansın. Bu, onun üçün bir təbliğat şousudur. Bayaq da vətənpərvərlik ritorikası ilə bağlı bəzi məqamlara toxunduq. Vətənpərvərlik ritorikası Azərbaycanda çox spesifik bir xarakter daşıyır. Bu cür ritorikaya Qazaxıstanda, Tacikistanda, Özbəkistanda rast gəlmək olar. Hətta Türkiyədə belə ritorika yoxdur. Bizdəki vətənpərvərlik ritorikası çox spesifikdir. Bu ritorikanın uzunömürlü, Avroviziya dönəmində də keçərli olması üçün bütün hallarda yarışmanın ölkədə keçirilməyini istəyirlər. Amma eyni zamanda çalışırlar ki, bu, o qədər də səs-küy yaratmasın, sakitlik və əmin-amanlıq şəraitində keçsin. Bizim müraciətimizin iqnor olunması da məhz buradan qaynaqlanır. Digər tərəfdən, bayaq açıqlandı ki, Avropa Şurasının xeyli sayda rəsmiləri bu məsələləri diqqətə alırlar. Ancaq mən heç şübhə etmirəm ki, biz kampaniyanı aparacağıqsa, xüsusilə də beynəlxalq təşkilatlar, xüsusilə də Avropada yerləşən insan hüquq və azadlıqları institutları bu məsələni daha ciddi şəkildə ortaya qoyacaqsa, media bu məsələnin üzərinə çox ciddi şəkildə gedəcəksə, kampaniya davam etdiyi təqdirdə Azərbaycan hakimiyyətindən reaksiyalar olacaq. Mən eyni zamanda ciddi təzyiq, pressinq olacağı təqdirdə viza məsələsində də sadələşdirmənin olacağını gözləyirəm…

 

Viza məsələsini qəsdən şişirdirlər

 

Rövşən Hacıyev:

– Viza məsələsi məncə Azərbaycan hakimiyyətinin ilk olaraq güzəştə gedəcəyi bir məsələ olacaqdır. Sadəcə olaraq, bu gün onların məqsədi odur ri, bizim qaldırdığımız digər beş məsələni saxlayıb, viza məsələsini qabartsınlar və danışıqlarda bu məsələ bazarlaşma predmeti ola bilsin. Baxın, Eynulla Fətullayev 3 il bundan əvvəl də azad oluna bilərdi. Amma Eynulla Fətullayevin məsələsini o qədər şişirtdilər, o qədər gərginləşdirdilər ki, sanki heç bir zaman o məsələdə güzəştə getməyəcəklər. Bəyəm onun azad olunması üçün Avropa Məhkəməsinin qərar verməsi vacib idi? Buna ehtiyac var idi? Xeyr.

– Eynulla Fətullayev azad olunandan sonra daha da bütün məsələlər rahatlaşdı, başqa nə oldu ki?

 

Mənə yaxın olmayan fikirlər nə vaxta qədər beyinlərimizə tirajlanacaq?

 

Rövşən Hacıyev:

– …Azərbaycanın adını qara siyahıda saxlayan 70 nəfər siyasi məhbus var. Bəyəm onların hamısı azadlığa buraxılsa, ölkədə siyasi çevriliş baş verəcək? Qətiyyən. Bu adamların arasında ümumiyyətlə, elələri var ki, bütün ömürləri boyu siyasi fəaliyyətlə məşğul olmayıblar. Vaxtilə OMON-çu olanlar var, nə vaxtsa dini ayinləri icra edənlər var… Heç bir səbəb olmadan o adamlar bu gün həbsdədirlr. Yəni demək istəyirəm ki, hakimiyyət hər zaman çalışır ki, bir məsələ çox şişirdilsin, vəziyyət olduğundan qat-qat gərginləşsin və həmin məsələ Avropanın insan hüquqları təşkilatlarında bazarlaşma predmetinə çevrilsin, ondan sonra güzəştə getsinlər. İnsan hüquqları, siyasi azadlıqlarla bağlı məsələlər haqqında düşünürəm ki, bizim QHT-lər, siyasi partiyalar, beynəlxalq təşkilatlar, müəyyən çevrələr bu kampaniyaya qoşulmalıdırlar. Məsələn, viza məsələsi bizim menyumuz deyil, daha çox avropalılara lazımdır. Bizim üçün daha vacib olan məsələ siyasi məhbusların azad olunması, insan hüquq və azadlıqlarının bərpası, ifadə azadlığı, mətbuat azadlığıdır; İTV-nin ölkənin bütün alternativ fikir sahiblərinin üzünə açıq olmasıdır. Nə vaxta qədər mənim ödədiyim vergilər hesabına fəaliyyət göstərən efirlərdən eyni üzlər, eyni fikirlər evimizə təcavüz edəcək? Mənə yaxın olmayan fikirlər nə vaxta qədər beyinlərimizə tirajlanacaq? Azərbaycanın bütün ziyalı zümrəsi onu istəyir ki, heç olmasa İTV dəyişsin. Efirlərini heç bir ictimai maraq kəsb etməyən insanlara açmaqdansa, efirləri alternativ fikir sahiblərinə açsın.

 

«Avroviziya» təbliğatı niyə dayanıb?

 

Şahvələd Çobanoğlu:

Bir məsələni də qeyd edim. İlk addımlardan görünür ki, hətta hakimiyyətin özündə belə xeyli müəmmalar var. Heç onlar da doğru-dürüst dərk etmirlər ki, bu tədbiri necə keçirəcəklər? Siz görürsünüz ki, Azərbaycan hakimiyyətini təbliğ edən, onun fəaliyyətini hər zaman yüksəklərə qaldıran hakimiyyət mediasının özü belə bu mövzunu təhlil etməkdən, ictimaiyyətə real açıqlamalar verməkdən çəkinir. Bu məsələdə özlərinə əmin deyillər…

Təntənə yoxdur...

– Bəli. Həmin təntənə bu gün artıq real iş görmək məsələsi ortaya atılanda tükənir, sevinclərinin üzərinə su səpilir. Elə hesab edirəm ki, bu müsabiqədə Azərbaycanın qalib gəlməsinin mahiyyət etibarilə nə olduğunu hakimiyyət indi-indi dərk etməyə başlayıb. Şəhərdə təkrar-təkrar asfaltlaşma işləri, binaların üzlətdirilməsi işləri aparılır, ancaq bu, o deyil. O müsabiqənin ən azı standartlara uyğun səviyyədə keçirilməsi üçün güclü infrastruktur lazımdır. 30 min insanı lazımi səviyyədə qəbul edib, müsabiqənin davam etdiyi günlərdə yedirib-içirmək, qalmaqları üçün şərait yaratmaq, ən azı Azərbaycanın görməli yerlərinə ekskursiyalar təşkil etmək, nəqliyyat məsələsini həll etmək, müxtəlif dillərdə danışacaq qonaqları tərcüməçi ilə təmin etmək və s. kimi məsələlər necə həll olunacaq, hələ məlum deyil. Şəhər buna hazırdırmı? Hakim dairələr buna hazırdırmı? Məsul şəxslər bu gündəliyi nə cür tərtib etmək niyyətindədəirlər? Bütün bunlar sual olaraq qalır. Bütün bunlardan vəziyyətin hansı səviyyədə olması özünü biruzə verir. Əgər bir ev qonaq qəbul edə bilmirsə, demək, onun buna şəraiti imkan vermir. Hərdən adama elə gəlir ki, bütün Bakı restoran və kafedən ibarətdir, amma statistik məlumat bunun əksini deyir. Adambaşına düşən restoran stulunu götürəndə, Azərbaycan bu sahədə çox-çox geridə qalan ölkədir. Azərbaycan əhalisinin iş vaxtı işinə yaxın olan bir kafedə normal qəlyanaltı etmək imkanı yoxdur. Bizə elə gəlir ki, bu ölkədə kafe-restoran o qədər çoxdur ki, hamı yeyib-içib kef eləyir. Halbuki elə bir şey yoxdur. Görürsünüzmü, 30 min nəfərin kənardan ölkəyə gəlişi artıq bu statistik rəqəmin ağırlığını göz önünə gətirir.

 ParkNN otelinə aftava qoyuruqsa, şəraitimiz bəllidir

 Davamı gələn saylarımızda

 Hazırladı:

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button