Azərbaycan hakimiyyəti KİV-in fəaliyyətinə mane olmur

eli hesenov08.07.2013

“Azərbaycan hakimiyyəti televiziya və radioların fəaliyyətinə mane olmur, onların yayımlandığı dalğalara müdaxilə etmir, dalğaları vurmur”. Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iyulun 8-də “Media forum” saytına açıqlamasında deyib.

Əli Həsənov vurğulayıb ki, Azərbaycan hakimiyyəti “Azadlıq” radiosunun televiziya variantının yayımına müdaxilə etməyib və radio, həmçinin onun televiziya proqramı fasiləsiz olaraq yayımlanır: “Azadlıq” radiosu istədiyi dalğada gecə-gündüz informasiya yayır. Baxmayaraq ki, bu informasiyaların əksəriyyəti səhv, əsassız, obyektivlikdən və radionun missiyasından uzaqdır, Azərbaycan hakimiyyəti “Azadlıq” radiosuna, onun qanun çərçivəsində olan fəaliyyətinə mane olmağı planlaşdırmır. İndiyədək belə bir fikirdə olmamışıq və bundan sonra da olmayacağıq. Ona görə də “Azadlıq” radiosunun dalğalarının vurulması haqda deyilənləri təkzib edirik”.

İyun ayında “Azadlıq” radiosunun rəhbərliyi radionun “Fərqli xəbərlər” həftəlik televiziya proqramının peyk yayımına müdaxilələrin olduğu, bunun aprelin sonlarından başlandığı və bəzi müdaxilələrin ABŞ-ın Beynəlxalq Yayım Bürosunun mühəndisləri tərəfindən qeydə alınaraq sənədləşdirildiyi haqda məlumatlar yayıb. Radio rəhbərliyi peyk siqnallarının qəsdən və sistematik şəkildə boğulduğunu güman edir.

İyulda ABŞ-ın Bakıdakı səfirliyi bildirib ki, səfirlik məsələni “Azadlıq” radiosu və Azərbaycan hökuməti ilə müzakirə edir. Bunun ardınca ABŞ Dövlət Departamentinin sözçüsü Patrik Ventrell də Vaşinqtonda keçirdiyi brifinqdə deyib ki, məsələ ilə bağlı “Azadlıq” radiosu və Azərbaycan rəhbərliyi ilə müzakirələr aparılır.

“Azadlıq”ın “Fərqli xəbərlər” həftəlik televiziya proqramı 2012-ci ilin noyabrından hər bazar günü Türkiyənin “TürkSat” peykindəki “MedyaTV” kanalından yayımlanıb. Hazırda bu proqram “TürkSat” peykində “Sivas SRT” telekanalında yayımını davam etdirir.

“Fərqli xəbərlər” proqramı “Azadlıq” radiosu əməkdaşlarının Azərbaycanın siyasi, sosial, iqtisadi və mədəni həyatı haqda reportajlarından ibarətdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button