Azərbaycan Heç bir zaman İslam dövləti olmayacaq!

«Xural» və «Oxu» qəzetlərinin təşkil etdikləri dəyirmi masa qalmaqallı fikirlərlə yadda qaldı…

Hicab məsələsi birdən-birə ölkə gündəminə dırmaşdı və dərhal da heç bir olmamış kimi hər şey müvəqqəti səssizliyə büründü. Hicabın dartışıldığı və mitinqlərin başladığı vaxtdan çox keçmədi ki, dindarların tuthatutu başladı. Bununla da məsələyə fərqli baxışlar meydana çıxdı. Bu problemi xüsusi qabardanlar da oldu, yan keçmək istəyənlər də. Amma bütün hallarda ortada artıq bir gerçək var və Azərbaycan cəmiyyəti bu gerçəklə üz-üzədir – Hicab! Bəziləri ona «Çadra», bir başqaları sadəcə «Baş örtüyü», biriləri isə «Hicab» desə də…

«Xural» «Oxu» qəzeti ilə birlikdə mövzunu masaya yatırdı və «Xural»ın redaksiyasında başbilənləri topladıq. Qüdrət Həsənquliyevdən Fazil Mustafaya kimi bir çoxlarını müzakirəçilər qismində görmək istəsək də, onlarla əlaqə yarada bilmədik. Son günlər din və hicab haqqında ən çox danışan və ciddi açıqlamalar verən BAXCP sədrini tapmaq bizim üçün müşkül oldu. BQP sədri isə nədənsə telefonlarımızı götürmədi. Amma yenə kalitəli bir masa təşkil etdik və mövzunu müzakirəyə çıxardıq.

İsti, hətta qaynar bir masa alındı. Pənah Hüseyn az qala dava salacaqdı, Seymur Baycan prinsipial və təmkinli halı ilə dediyini dedi, Elşad Miri çıxışçıların sözlərini kəsdi, Əvəz Zeynallı ilə Pənah Hüseyn əsəbi tonlarla qarşıdurmaya qədər getdilər…

Hər şeyə siz qərar verəcəksiniz, Əziz Oxucu!
Doğrudan da «Baş örtüyü dövlətçiliyə təhlükədirmi?» Qərarı insanların özü verəcək…

Əvvəli ötən saylarımızda

Azərbaycan türkünün tarixində baş örtüyü olub, hicab olmayıb…

Pənah Hüseyn
Sabiq deputat:

– Doğru deyil axı… İki eşşəyin arpasını bölməyi bacarmayan adamlar o boyda İslam sivilizasiyasından imtina edirlər…

Seymur Baycan:
– Siz deyin, biz də o sivilizasiyadan yararlanaq.
– Ailəsini, uşağını idarə edə bilməyən adamlar müsəlman idarəçiliyinə etiraz edirlər. Boş-boş boşboğazlıq etmək lazım deyil.

Hicab dövlət üçün təhlükə yarada bilər…

Vüqar Bəyturan
Milli Qurtuluş Partiyasının sədri:

– Savadlı olmaq, savadsızlığa son qoymaq lazımdır. Bu məsələyə tək hüquqi spektordan yanaşmaq və yaxud texniki sferadan baxmaq olmaz. Məsələyə təkcə baş örtüyü və ya hicab kimi yanaşmaq yanlışdır. Azərbaycan türkünün tarixində baş örtüyü olub, amma hicab olmayıb. Baş örtüyünü çadra və ya hicabla eyniləşdirmək lazım deyil. Bu gün evlərimizdə də, ucqar kəndlərimizdə də başıbağlı analarımız, nənələrimiz var. Amma heç kim onlara məcburi qaydada deməyib ki, mütləq başını örtməlisən. Yəni bu, təbii olaraq insanlar tərəfindən həyata keçirilir. Məcbur deyil ki? Başı açıq gəzən o qədər xanımlarımız var ki… Bu, insanın təbii haqlarıdır və fərdi yanaşmaq lazımdır. Amma söhbət hicabdan gedirsə, o zaman bugünkü dəyirmi masanın mövzusu düzgün qoyulub. Hesab edirəm ki, hicab dövlət üçün təhlükə yarada bilər. Təhlükə ondan ibarətdir ki, konkret olaraq bu bir uniformadır və onun arxasında siyasi qüvvələr durub və həmin siyasi qüvvələr hakimiyyətə gəlmək uğrunda mübarizə aparırlar. Qızların məktəbə buraxılıb-buraxılmaması məsələsi də yalnız bu siyasətin kiçik bir detalıdır.

Elşad Miri
«Oxu» qəzetinin baş redaktoru:

– Xanım, siz uniforma geyinmisiniz?

Gülyaz Məmmədova:
– Yox.

V.Bəyturan:
– Hicab konkret başörtüsü formasıdır ki, bütün qadınlar ona riayət etdikləri təqdirdə hicab sayıla bilər. Deməli, uniformadır.

Bizim qadınların namus bilib başına taxdıqları örtüyə uniforma demək tərbiyəsizlikdir…

(Ara yenə qarışır…)

P.Hüseyn:
– Başqasını niyə şərləyirsən ki, bu uniformadır?
– Mən bütün kriteriyalarına görə hicabı uniforma hesab edirəm. Necə ki çadra da uniformadır. Bu da mənim şəxsi fikrimdir və onu dəyişmək niyyətində deyiləm.
– Sənin məntiqinə görə, sənin geyimin də uniformadır…
– Nəyə görə?
– Elə ona görə…
– Uniformada hər hansı bir ideologiya var… Xahiş edirəm, imkan verəsiniz, izah edim.
– Bizim qadınların namus bilib başına taxdıqları örtüyə uniforma deməyin özü tərbiyəsizlikdir. Mən də belə hesab edirəm…

Bizim qadınlarına namus adı ilə başörtüyü kimi təqdim edərək zorən hicab taxdırmaq da tərbiyəsizlikdir…

(Pənah Hüseyn heç kimə aman vermir…)

– Mən də əks fikirlərimi deyirəm və bildirirəm ki, bizim qadınlarımıza namus adı ilə başörtüyü kimi təqdim edərək zorən hicab taxdırmaq da tərbiyəsizlikdir. Bir insanın şəxsi fikirlərinə hörmətlə yanaşmamağın özü də bir tərbiyəsizlikdir.
– (Hirsli formada və qışqıraraq…) Tərbiyəsiz özünsən! Boş-boş danışmaqdan başqa heç nə danışmırsan. Mənasız-mənasız da əsəbiləşdirirsən adamı…
– Çox təəssüf edirəm ki, siyasətimizdə belə səbirsiz adamlar var.
– Tərbiyəsiz!..

Pənah bəy, sizi bura sifarişlə göndəriblər?..

Əvəz Zeynallı müdaxilə etdi və Pənah Hüseynlə belə bir dialoq alındı:
– Pənah bəy, o tərbiyəsizlik deyil, insanın fikirlərinə hörmətlə yanaşmaq etik qaydalara daxildir.
P.Hüseyn:
– Əgər indi kiməsə «çaqqal» desəm, bu mənim fərdi yanaşmam olacaq?
– Siz artıq müzakirə etmirsiniz, tədbiri pozur və dalaşırsınız.
– Bir-birimizə hörmət eləyək…
– Pənah bəy, kim deyir ki, etməyək. Amma siz dinləmirsiniz… «Uniforma» sözünü İranda da deyirlər, bəzi ərəb ölkələrində də, Türkiyədə də… Bu, tək Vüqar bəyin fikri deyil ki…
– Əgər siz aparıcı kimi bu fikri sifarişlə təbliğ etmək istəyirsinizsə, o başqa… Əslində elə deyil axı…
– Pənah bəy, siz çox gözəl bilirsiniz ki, mən kiməm və sifarişlə heç bir zaman iş görmürəm. Amma siz çox qəribə apardınız bu gün özünüzü. Müzakirənin normal keçməsinə imkan vermədiniz. Hətta mənə elə gəldi ki, sizi sifarişlə bura göndəriblər.
– Mənim sifarişim vicdanımdır…
– Elə mənim də sifarişim vicdanımdır. Olmadı ki… Danışana imkan vermirsiniz… Elə belə olduğunuza görə ölkəmiz bu günlərə gəlib çıxdı da…
– Yaxşı görək… Diqqəti ondan-bundan yayındırmaq sizin borcunuzdur…
– Bəlkə səhv dedim? Azərbaycan xalqının o boyda imkanları var idi, gəlmişdiniz, idarə edəydiniz, bizi də bu qədər problemlərin içinə salmayaydınız.
– 40 yaşınız var, eləyin də. Düşün qabağa, eləyin.
– Eləyəcəyik. Biz eləyəcəyik…

Heydər Əliyevi 67 yaşında hakimiyyətə gətirdiniz…

– Orada-burada yatıb yekə-yekə danışırsınız…
– Harada yatmışıq? Nə vaxt yatmışıq? Uşaqlığımızdan, gəncliyimizdən hər zaman mübarizənin önündə getmişik. Heydər Əliyevi 67 yaşında hakimiyyətə gətirdiniz, mənim hələ 41 yaşım var.
– Səndən Heydər Əliyev çıxmaz!
– Ondan betəri çıxar!

M.Mirəlioğlunun replikası:
– Pis mənada, yaxşı mənada?
– Elə pis mənada da, yaxşı mənada da…

(Qarşılıqlı söz atışmasından sonra ortaya qısa bir sükut çökür və Vüqar Bəyturan sözlərinə davam edir…)

Arxalarında İran var…

V.Bəyturan:
– Ümumiyyətlə, biz Azərbaycanda nə vaxt dini aksiyaların keçirildiyini görmüşük, o zaman məlum olub ki, kənar qüvvələr tərəfindən maliyyələşdirilib və idarə olunub. Kərbəla müsibəti ilə bağlı tədbirlərin əksər hissəsi videolentə alınıb, İran dövlətinə verilib. Artıq o da aydınlaşıb ki, bu gün həbsdə yatan İslam Partiyasının üzvləri İranla sx bağlı olublar, müəyyən dairələrdən maddi dəstək alıblar. Bu, məhkəmələrin apardığı istintaq zamanı da öz əksini tapıb. Yəni mən bunları deməklə yeni heç nə demirəm. Sadəcə, diqqətin hicab məsələsinə yönləndirilməsi həm də bayaq qeyd olunduğu kimi hakimiyyətin böyük bir səhvi və yanlışlığıdır. Hakimiyyət qərbə göstərmək istəyir ki, sivil və demokratik islahatlar həyata keçirməkdə maraqlı olan dövlət mövcuddur və onun əsas alternativi də qaragüruhçu, fundamentalist islamçı qrupdur. Bu, bir variantdır. Digər variant da var ki, həqiqətən də hakimiyyət uzun müddət bu məsələyə fikir verməyəib və o da şişib, böyüyüb. Bu gün Nardaran boyda problemimiz var. Konkret müəyyən siyasi qüvvələrə bağlı adamlar var ki, Nardaranı idarə edirlər, deyirlər ki, İranda hansısa müctəhid fitva verir və biz də onu yerinə yetiririk. Biz nə Azərbaycan qanunlarını tanıyırıq, nə də Azərbaycan dindarlarını… Bu özü cinayətdir. Azərbaycanda 5 min nəfər potensial əsgərləri var ki, Qumda təhsil alaraq Azərbaycana göndəriliblər. Dövlətimizə qarşı olan bütün bu təhlükələr aradan qaldırılmalı və sıradan çıxarılmalıdır. Dini əqidəni ifadə etməklə dini təbliğat aparmaq tamamilə başqa-başqa şeylərdir. Dini əqidəni ifadə etməyin heç kəs əleyhinə deyil. O insanlar öz ibadətlərini apara bilərlər. Amma gəlib sivil bir dövlətin orta məktəbində çadra və ya hicabla oturmaq digər şagirdlərə də mənfi təsir göstərə bilər. Məncə bu, həqqiqətən dövlət üçün təhlükədir və sözün əsl mənasında qarşısı alınmalıdır. Söhbət tək hakimiyyətdən getmir. Sabah bu hakimiyyət gedəcək, başqası gələcək. Hər hakimiyyətə, hər iqtidara bu böyük bir problem yaradacaq. Fikir verin, əvvəllər siyasi gündəmimizi Qarabağ məsələsi, Güney Azərbaycan mövzuları tuturdusa, bu gün diqqətimiz hicab məsələsinə yönləndirilib.

Azərbaycanlılar Allahdan başqa hər şeydən qorxurlar!

S.Baycan:
– Əgər məsələ bu qədər məcrasından çıxdısa, onda bir söz də demək istəyirəm. Bu dəyirmi masadan da gördük ki, fikirlər çox fərqlidir. Elşad bəylə (Elşad Mirini nəzərdə tutur – Red.) bizim çoxdan münasibətimiz olub və bü gün də var. Amma bugünkü müzakirə göstərdi ki, hicabın əleyhinə olan insanlar kifayət qədər səbirlə, hövsələ ilə qarşı tərəfin dediklərini dinlədilər, amma bizim çıxışlarımız, həm Vüqar bəyin, həm Razinin, həm də mənim çıxışım dəfələrlə Elşad bəy tərəfindən kəsildi. Hansı ki, Elşad bəy o camiənin içində ən sivil insan hesab etdiyim adamdır. Yəni bunun özü göstərir ki, oturub bir yerdə nəyisə müzakirə etmək bu təbəqənin insanları ilə çox çətindir. Bilirsinizmi, azərbaycanlıların çox sevdikləri bir söz var: «Mən Allahdan başqa heç kimdən qorxmuram…» Proseslər onu göstərdi ki, azərbaycanlılar Allahdan başqa hər şeydən qorxurlar – rəisdən, məktəb direktorundan, polis serjantından, JEK müdirindən, avtobus sürücüsündən və s. Əsasən, dini camiədə mənim qəbul etmədiyim yeganə şey, bu insanların qeyri-səmimiliyidir. Mən Balakən rayonunda bir hadisə ilə üzləşdim. Orada rayon icra hakimiyyətinin binası ilə məscidin binası yanaşıdır. YAP-çıların o binadan çıxaraq məscidin binasına, cümə namazı qılmağa getdiklərinin şahidi oldum. Bu, artıq özlüyündə bir mesajdır. Artıq hakim partiyanın üzvü olan insanların 70-80 faizi dinin gözəlliyindən danışaraq, onun insan təfəkkürü üçün faydalarından bəhs edəcək. Amma bir tərəfdə də sivil dünya var. Çox maraqlıdır ki, Azərbaycandan Kərbəlaya, Məşhədə gedənlərin sayı çoxaldıqca, dinə meyllənən insanların sayı artdıqca, rüşvətə və harama əl atanların da sayı çoxalır.

Ateistlər daha əxlaqlı idilər…

Ateist sovet dövləti hesab edirəm ki, bu günkü Azərbaycan iqtidarından dəfələrlə əxlaqlı bir dönəm yaşatmışdı insanlara… Bəzən Türkiyə ilə Azərbaycanı qarışdırır, müqayisələr aparırlar. Türkiyədə bu məsələr müzakirə olunanda türk mətbuatının köşə yazarlarından biri çox gözəl bir ifadə işlətmişdi: «Atatürkün reformaları olmasaydı, bu gün Türkiyədə qızlar məktəbə gedəcəkdilərmi?» Bax o bəyənmədiyiniz, lənətlədiyiniz adamlar o qızların əlindən tutub məktəbə gətirdilər. Mən bir şeyi vurğulamaq istəyirəm. Bəlkə də azərbaycanlılar yeganə xalqdır ki, onların düşüncə tarixi ateizmlə – Mirzə Fətəli Axundovla başlayır. O adam da bizə yol göstərib, başa salıb ki, bir var bu yol, biri də var o yol. Mən də sizə o yolu göstərirəm…

P.Hüseyn:
– Əşi, bu olmadı ki, deyir azərbaycanlılar dünyada yeganə xalqdır ki…

S.Baycan:
– Xahiş edirəm, sözümü kəsməyin. Etirazınız olsa, məndən sonra fikrinizi bildirərsiniz. Əvəz bəy, xahiş edirəm, müdaxilə edəsiniz…

Ə.Zeynallı:
– Pənah bəy, zəhmət olmasa, sonadək dinləyin.

P.Hüseyn:
– Seymur bəy niyə bu qədər replikalara dözümsüz yanaşırsınız, ey…

Azərbaycan heç bir vaxt İslam dövləti olmayacaq…

S.Baycan:
– (Vəziyyətin yenə də gərginləşdiyini nəzərə alaraq…) Mən fikrimi tamamladım. Bir daha təkrar edirəm ki, Azərbaycan xalqının düşüncə tərzi Mirzə Fətəli Axundovla başlayır, o da ziyalı olmaqla yanaşı, həm də ateist olub. Yəni özünüzü yormayın, Azərbaycan heç bir vaxt İslam dövləti olmayacaq.

Mənim əcdadım Həzrəti Adəmdir…

P.Hüseyn:
– Kiminsə dədə-babası və yaxud da özü bir fərd olaraq ateistdir, bir çoxları da öz əcdadlarının sovet dönəmində meymundan olduğunu iddia edirdilər. Məsələn, deyirdilər ki, insan meymundan yaranıb. Elə deyilmi? «Bizim əcdadlarımız meymundur» deyən darvinistlər bu gün də var. Mən bilmirəm, Seymur bəy də darvinistdir, ya yox? Amma mən iddia edirəm ki, mənim əcdadım Həzrəti Adəm olub. İndi bu kişi hesab edir ki, onun düşüncəsi ateist düşüncəsidir. Mən bilmirəm, onun təfəkkürü Axundovla və ya kiminlə başlayıb, amma zəhmət olmasa, hər deyilən sözü də ümumiləşdirib, bütöv bir millətin üzərinə atmasın.

İmkan verin Seymur Baycana…

Ə.Zeynallı:
– Bizdə hələlik ideoloji insan qrupları olmadığından hamıya elə gəlir ki, hamı eyni cür fikirləşməlidir və hamı da eyni şeylər deməlidir. Qardaş, imkan verin Seymur Baycana… O da bir fikrin təmsilçisidir. O, öz fikrini deyir, siz razılaşmayın. Mən də hesab etmirəm ki, mənim düşüncə tərzim Axundovla başlayıb, mən hesab edirəm ki, bu, daha dərindir…

P.Hüseyn:
– Öz fikini başqalarının fikri kimi təqdim etməsin…

Komandan niyə özümüzünkülər tərəfindən öldürüldü?!

M.Mirəlioğlu:
– Pənah bəy ayaqüstə danışmağı dəbə saldı, amma mənim cəmi 2 dəqiqəlik deyəcəklərim var. Burada deyilənlərin hamısı ilə razılaşmaq da olar, razılaşmamaq da. Təbii ki, subyektiv fikirlər daha çoxdur. Amma mən bir fikirlə tam razılaşıram və buna özüm də inanıram ki, Azərbaycanda İslami quruluşu bərpa eləmək, onu bura yerləşdirmək mümkün deyil, ola da bilməz və bunun reallıq dərəcəsi sıfırdır. Bu, heç bir zaman olmayıb, tarixən də olmayıb. İkinci xüsusi məqam var ki, mən bunu əvvəldə də dedim. Bu, süni şəkildə yaradılmış bir problemdir. Baxmayaraq ki, mənim də düşündüklərimin əleyhdarları var, sağ olsunlar, onların da düşüncələrinə hörmətlə yanaşıram. Bugünkü məclis də sübut etdi ki, hicab süni yaradılmış məsələdir və biz ortaq razılığa gələ bilmirik. Üçüncü xüsusi məqam odur ki, bu, dövlət üçün təhlükə deyil. Əgər Azərbaycan üçün İran deyilən ərazi təhlükədirsə, onda İranın Azərbaycanın sərhədlərini pozan təyyarəsi nə üçün Salyanda vurulmur, amma onları vurmalı olan komandan bizim özümüzünkülər tərəfindən öldürülür? Təhlükə baxın, budur. Hamımız sovet məktəbində təhsil almışıq, o tərbiyədə böyümüşük, orada bizi öyrədiblər ki, inqilabı ixrac etmək mümkün deyil. Həqiqətən inqilab dövlətlərin özündə doğulur və hadisələri o dövlətin çərçivəsində istiqamətləndirir. İnqilab da yetişməlidir. Bunsuz olmaz.

Razi Abasbəyli-Pənah Hüseyn debatı…

Ə.Zeynallı:
– Razi bəy, çox istəyirdiniz ki, seçki kampaniyası zamanı Pənah bəylə debata çıxasınız. Buyurun, indi sözünüz kəsilir, cavab verin.

P.Hüseyn:
– Mənimlə debata çıxmaq istəyib?

R.Abasbəyli:
– Seçki müddətində istəmişəm. Siz Sabirabaddan namizədliyinizi irəli sürsəydiniz, sizinlə debata çıxmaq istəyirdim, siz də olmadınız. Bunu çox arzu edirdim. Sizdən çox şey öyrənmək olar, həqiqətən… Mən konvensiyalarla bağlı suala cavab vermək istəyirəm. Bəzən deyirlər ki, «demokrasidə çarə tükənməz»… Demokratiyanın ucundan tutub çox uzağa aparırlar. Azərbaycan Avropa Şurasının üzvüdür. Avropa Şurasının Azərbaycan parlamenti qarşısında qaldırdığı bir sıra məsələlər var ki, Azərbaycan mentalitetinə, elə İslam dininin tələblərinə uyğun gəlmir. Biz bunu qəbul etmək istəmirdik. Yəni orada bizim mili dəyərlərimizə uyğun gəlməyən bəndlər var. Ellə götürək, cinsi azlıqların evlənmə hüququnun tanınması ilə bağlı… Biz bu təşkilata qəbul olunmuşuqsa, onun nizamnamə şərtlərini qəbul etmişiksə, ona əməl etməyə də borcluyuq.

Oğlum Atilla mənə deyir ki…

P.Hüseyn:
– Biz heç nəyə borclu deyilik. İmperativ şərtlər var, başqa əsas götürülən məsələlər var…
– Bir fərd olaraq mənim fikrim odur ki, bir yeniyetmə qızın hicabla orta məktəbə gəlməsi – ali məktəbdə artıq o özünü dərk edərək qərar verdiyi üçün mən bu təhsil ocağının adını çəkmədim – düzgün deyil. Axşam oğlum Atilla mənə deyir ki, mənə Mehdinin kompüterindən al. Uşağa deyə bilmərəm ki, get saqqal saxla, təsirə düş.

Ən böyük problem mili-ideoloji boşluğun olmasıdır…

Əhməd Oruc
«Azadlıq» Partiyasının sədri:

– Burada belə bir fikir səsləndi ki, bu məsələ süni şəkildə hakimiyyət tərəfindən ortaya atılmış problemdir. Mən belə hesab etmirəm, çünki hakimiyyətdə belə baş yoxdur. Bu əgər oyundursa, çox təhlükəli oyundur. Hakimiyyətin o qədər inanclı adamı ortaya çıxarmaq üçün dərinliyə gedəcəyinə də inanmıram. Hakimiyyət bu yolla inanc adamlarını repressiya etmək üçün oyuna girməz. Çünki əgər girsə, çıxa da bilməz. O baxımdan yanlış fikirdir. Azərbaycanda həqiqətən da bundan böyük problemlər var. Azərbaycanda ən böyük problem mili-ideoloji boşluğun olmasıdır. Azərbaycanın ən böyük problemi Azərbaycan hakimiyyətinin, Azərbaycan siyasilərinin, liderlərinin öz dininə sahib çıxmamasıdır. Dinə sahib çıxmaq lazımdır. O zaman İslam pərdəsi altında nə İran, nə də başqa qruplaşmalar Azərbaycanda at oynada bilməzlər.

E.Miri:
– Bir şeyi fikirləşmək lazımdır. Bu gün orta məktəblərdə dinlə bağlı heç bir fənn tədris olunmur. Universitetlərimizdə yoxdur, valideynlərin bu haqda ümumiyyətlə məlumatları yoxdur. Bütün bunlar olmaya-olmaya insanlar necə olur ki, başlarını örtürlər? Necə olur ki, bu həddə çatırlar? Bu gün bu məsələ ola-ola, başörtülü qadınlarımız şəxsiyyət vərəqəsi ala bilmədikləri halda, qatarlardan, təyyarələrdən normal halda istifadə edə bilmədiyi halda daxili işlər naziri bununla bağlı mətbuata müsahibə verir və bu məsələyə öz mənfi fikrini bildirir. Yəni bütün bunlar onu göstərir ki, bu məsələdə həqiqətən də çox böyük anlaşılmazlıq var. Bu insanlar hələ bilmirlər ki, baş örtüyü, hicab, bəzilərinin iddia etdiyi kimi çadra məsələsi ümumiyyətlə yoxdur. Bunların hamısı haradan gəlib, hansı tarixi qaynaqdan qaynaqlanır, onun bu günə daşınmasının səbəbi nədir? Bir az əvvəl Vüqar Bəyturan qeyd etdi ki, baş örtüyü qədim türklərdə də olub. O türklər nədən başlarını örtüblər, səbəbi nədir? Haradan gəlib, bir əsası varmı? Bütün bunları biz əsaslandırıb, izah etməliyik. Seymur Baycanın dediklərinə cavab verməyəcəm, çünki o, öz səviyyəsinə uyğun olaraq bunlara cavab verdi və Seymur bəyin indiyə qədər danışdığı da, yazdığı da, verdiyi müsahibələr də hər zaman deyilən sözlərdir. Yeni bir şey yoxdur.

Məsələlərin kökündə Qafqaz Müsəlmanları Ruhani İdarəsi durur…

S.Baycan:
– Siz də 1400 ilin sözünü deyirsiniz də…
– Bəli, biz 1400 ilin sözünü deyirik. Bu gün də onu müzakirə edirik və bu müzakirələr də qiyamətə qədər davam edəcək. Son olaraq onu demək istəyirəm ki, bu məsələnin kökündə Qafqaz Müsəlmanları Ruhani İdarəsi durur. Mənim başörtüsü ilə bağlı məqaləmi nə iqtidar, nə də müxalifət qəzetləri dərc etmədilər. Özlərindən bəh-bəh vuran heç bir qəzet bunu dərc etmədi. Sonda, Qənimət bəy sağ olsun, «Azadlıq» qəzetində həmin məqaləni dərc etdirə bildim. O da həmin məqalədə şeyxülislamla bağlı yeri çıxararaq, dərc etdi. Türkiyədə qızların məktəbə getməsi üçün «Kızlar okula!» layihəsi var. Mən istəmirəm ki, sabah Azərbaycanda da eyni layihələr həyata keçirilsin ki, qız uşaqları oxumamış qalsın və onları məktəbə gətirmək üçün cəhdlər göstərək. İslam dinində əmr var ki, namazdan və başörtüsündən əvvəl oxumaqdır. Quran yeganə kitabdır ki, «anlayaraq oxu» mənasını daşıyır.

Replika:
– Allahın kitabını heç kimin kitabı ilə heç müqayisə etmək olmaz…
– Təbii ki, olmaz. Bir şeyi də unutmayaq, M.F.Axundovu bizə təqdim edən sovet rejimi olub. M.Ə.Sabiri bir qədər fərqli formada bizə təqdim edən də sovet rejimi olub. Koroğlunu və qaçaqları da bizə təqdim edən eyni rejim olub. Gülnaz xanım (qapalı xanımı nəzərdə tutur – Red.) 3 dildə bilir, təmiz yazır və oxuyur. Yəni bu insan azadlığını bu şəkildə, qapanmaqla ifadə edirsə, o, bunun şəxsi işidir və heç kimin ona qarışmaq izxtiyarı yoxdur. Azadlığını o cür görürsə, onu onun əlindən almaq olmaz. Hamı bir-birinin azadlığına hörmətlə yanaşmalıdır. Çünki azadlıq da bir başqasının azadlığının məhdudlaşdırıldığı yerə qədər olur. Bizim azadlığımıza mane olmayın!

Ə.Zeynallı:
– Mən bu məsələyə qəzetçilik baxımdan yanaşıram və hesab edirəm ki, çox yaxşı dəyirmi masa alındı. Sizi əmin edirəm ki, əgər Azərbaycanın telekanallarından heç olmasa biri belə bir masa təşkil edə bilsəydi, bu cür problemləri çox asanlıqla həll edə bilərdik. Hətta kəskin də danışmaq olar, bir-birinə sərt sözlər də demək olar. Bu, çox normaldır. Mən inanıram ki, Azərbaycanda nə vaxtsa demokratik bir rejim qurulacaq, hər şey çox gözəl olacaq, heç kim də bir-birini incitməyəcək…

P.Hüseyn:
– İslamdan da qorxmayın!

Ə.Zeynallı:
– İslamdan heç kim də qorxmur!

Son

Hazırladı:
XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button