Azərbaycan iqtidarına ağır öhdəliklər qoyuldu

Ölkəmiz rəsmən Şərqi Avropa ölkəsi kimi tanındı

 Dünən başa çatan Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının ikigünlük sammiti Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukraynanı “Şərqi Avropa ölkələri” kimi tanıyıb. Bundan əvvəl coğrafi baxımdan Cənubi Qafqaz ölkələri Avropa ölkələri adlandırılmırdı. Bəyannamə «bəzi tərəfdaşların Avropa səylərini və Avropa seçimini, onların dərin və stabil demokratiyanın inkişafına yönələn səylərini» tanıyıb.

«Şərq tərəfdaşlığı» iştirakçısı olan dövlətlərin əsas demokratik prinsiplərə əməl etməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, hər bir ölkə ilə ikitərəfli münasibətlərin inkişafı aparılan islahatların sürətindən və effektivliyindən asılı olacaq. «Fəal islahatlar aparan tərəfdaşlar Avropa İttifaqı ilə əməkdaşlıqdan daha çox qazanacaq. Bura daha yaxın siyasi assosiasiya, Aİ-nin daxili bazarlarına tədricən daha dərin iqtisadi inteqrasiya və Aİ-nin böyük yardımı da daxildir”, – sənəddə deyilir.

Sammit iştirakçıları “Şərq tərəfdaşlığı”nın əsas məqsədlərindən biri kimi iştirakçı dövlətlər üçün vizasız rejimin tətbiqini göstəriblər və viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlərin imzalanması və uğurla həyata keçirilməsi yolunda ilk addım adlandırıblar. Bu mənada Ukrayna və Moldovanın vizasız rejimin tətbiqinə dair planı digər iştirakçı dövlətlər üçün nümunə hesab olunub.

Sammit iştirakçıları bildiriblər ki, “Şərq tərəfdaşlığı” gələcəkdə də sabitliyə və inamın hərtərəfli möhkəmləndirilməsinə xidmət edəcək.

Sammit müvafiq formatlar və proseslər çərçivəsində münaqişələrin nizamlanmasında Aİ-nin rolunun gücləndirilməsini alqışlayıb. Bəyannamədə tezliklə münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri, həmçinin bu çərçivəsində təqdir olunmuş qərarların və sənədlərin əsasında nizamlanmasının vacibliyini bildirilib.

Sammit Filip Leforun Avropa İttifaqının Cənubi Qafqazda yeni xüsusi nümayəndəsi və  Gürcüstanda böhran üzrə nümayəndə təyin olunmasını alqışlayıb.

Bəyannamədə qeyd olunur ki, “Şərqi tərəfdaşlıq” ölkələri proqramın gələcəkdə reallaşmasına sadiq olduqlarını, həmçinin “Şərq tərəfdaşlığı”nın azadlıq, demokratiya, insan hüquqlarına hörmət, qanunun aliliyinə əsaslandığını bir daha bəyan ediblər və iştirakçı ölkələr bu prinsiplərə sadiq  qalmaqla bağlı öhdəlik götürüblər. Sənəddə “Şərq tərəfdaşlığı” layihəsinə maliyyə dəstəyinin artırılması qeyd olunur.

Yekun mətbuat konfransında Avropa Komissiyasının sədri Coze Manuel  Barrozu bildirib ki, bu məqsədlə Aİ-nin hesabından və müxtəlif fondlardan 16 mlrd. avro ayrılacaq. Bu, Aİ və “Şərq tərəfdaşlığı” ölkələrin arasında tərəfdaşlığın xeyli möhkəmlənməsindən xəbər verir. 2008-ci ildə Aİ bu məqsədlə 2014-cü ilədək beşillik proqrama 600 mln. avro ayırıb.

Belarusu tənqid edən bənd yekun bəyannamədən çıxarılıb və onu Aİ-nin Belarus üzrə xüsusi bəyannaməsi kimi qəbul ediblər. Beş postsovet ölkəsi yekun bəyannaməni bu bəndlə birgə imzalamaqdan imtina etdikdən sonra bu qərar qəbul olunub. Aİ-nin təzyiqləri üzündən sammitdə iştirakdan imtina edən Belarus həmrəyliyə görə keçmiş ittifaq respublikalarına minnətdarlığını bildirib. Həmçinin Minsk demokratikləşmənin müqabilində Aİ-nin 9 mlrd. avro həcmində yardım təklifini də qəbul etməyib.

Sentyabrın 29-30-da Varşavada “Şərq tərəfdaşlığı” sammitində Avropa İttifaqının 27 dövlətindən və proqram iştirakçısı olan 5 ölkədən 7 prezident və 20-dən çox hökumət başçısı iştirak edib.

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button