Azərbaycan İsraildə səfirliyini açır

 

Azərbaycanın İsraildə səfirliyi təsis edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün, noyabrın 18-də keçirilən iclasının gündəliyinə əlavə edilən “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində əksini tapıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

 

İsraillə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelindən başlayıb. 1993-cü ilin avqustunda Azərbaycanda İsrailin səfirliyi açılıb. Buna baxmayaraq, İsraildə Azərbaycanın səfirliyi indiyə qədər olmayıb.

 

Azərbaycanın Fələstin Dövlətində (Ramallah şəhərində) isə Təmsilçilik Ofisi təsis edilir.

 

Milli Məclisin noyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihəsi də müzakirə edilib. Bu layihə də qəbul edilib.

 

2011-ci ildə Bakıda Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin rəsmi açılışı olub. Lakin Fələstində Azərbaycanın səfirliyi yoxdur.

 

Onilliklərdir İsrail və Fələstin arasında zaman-zaman insan itkiləri ilə nəticələnən münaqişələr baş verir.

 

Azərbaycan rəsmiləri bildirirlər ki, Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüds olmaqla “iki dövlət” prinsipinə əsasən həllini dəstəkləyirlər.

 

2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin paytaxtı elan edib.

 

Amma ABŞ-ın keçmiş prezidenti Donald Tramp hakimiyyəti dönəmində Yerusəlimi – Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. ABŞ-dan sonra Çexiya da oxşar qərar verib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button