Azərbaycan: neft dollarlarının şəffaflığı

Çingiz Sultansoy

 İkinci-son hissə

 Londonun Olimpiya stadionunda bütün tikinti işləri başa çatdırılmış və qaçış zolağı təzə örtüklə döşənmişdir. Yerdə qalan iş arenanın elektronlaşdırılması, antennaların quraşdırılması, tablo və kabellərin çəkilməsidir.

Bu stadionun qiyməti 486 milyon funt sterlinqdir. Bu gün 1 funt – 1,55 dollardır. Tikintisinin yekununda aparılan hesablamalara görə, stadionun tikintisi nəzərdə tutulandan 10 milyon aşağı başa gəldi.

 Xərcli tikintilər

 «Analoqu olmayan» və kiçik ölkə üçün böyük sayılan neft pullarına sahib olan Azərbaycanda bir çox böyük kapital qoyuluşu tələb edən tikintilər var və olub. Misal üçün biz Oğuz-Qəbələ-Bakı su xəttinin tikintisini götürə bilərik. Bu su xətti beş il qabaq elan olunan 450 milyon dollar xərc əvəzinə, 1 milyard dollara başa gəldi. Yəni iki dəfə baha. Həm də Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, belə baha başa gələn su xəttinin çatışmayan cəhətləri var, hansıları ki, hal-hazırda düzəldirlər. Bu da əlbəttə, əlavə xərcsiz başa gəlməyəcək.

 Çox baha olmayan körpü

 Tikintinin əvvəldən nəzərdə tutulan smeta dəyərindən baha başa gəlməsinə cox misallar gətirmək olar. 20 Yanvar dairəsində körpü və yeraltı keçidin tikintisini daha bir misal kimi göstərmək mümkündür. Elan olunmuş 25 milyon manat smeta dəyərli bu tikinti 45 milyona başa gəlmişdi. Demək olar ki, iki dəfə baha. Lakin milyonlar və on milyonlar artıq xırda bir şeydir, onlar haqda danışmağa dəyməz…

 Çox baha kanal 

 Abşeron yarımadasının suvarma sisteminin yenidən qurulması layihəsi – burada əsas yeri Samur-Abşeron kanalı tutur – bizim ən uzun sürən tikintilərin parlaq nümunəsidir. Yenidənqurma xərcləri 1 milyard dolları keçən bu tikintinin gələcəkdə çəkilən xərci necə çıxaracağı bilinmir. Elan olunan 1 milyard dollar xərc haradan, necə çıxıb və bu kanal ekspluatasiyada ona qoyulan xərci necə doğruldacağı haqda ictimaiyyətə xəbər verilmir. Niyə də verməlidirlər?

 Böyük Şorda stadion

 Daha bir milyardlıq tikinti Böyük Şorda super müasir, smeta xərci 1 milyard dollar elan olunmuş stadion tikintisidir. Demək olar ki, Londonda tikilən stadionun xərcindən 250 milyon baha. Belə stadionun, belə qiymətə lazımlılığı və məqsədəuyğunluğu cəmiyyətdə və KİV-lərdə etiraz dalğası yaratdı. Bu etirazları görən hakimiyyət qiymətin azaldılması ilə bağlı ölçülər götürəcəyini elan etdi. Ölçülər götürüləcəyinə inanıram, lakin azaltmaqla bağlı… baxarıq!

Bu faktlar təzə deyil və bu siyahını uzatmaq olar. Lakin lazımdırmı? Sadəcə, Londonda tikilən və smeta dəyərindən 10 milyon dollar ucuz başa gələn stadion mənim yadıma bu tikintiləri saldı. Hər halda, London stadionundakı bu qənaət onun keyfiyyətinə xələl gətirmədi. 

 Şəffaflıq təbəssümü

 Burada istehsal sektorunda şəffaflıqla bağlı dünyanın təşəbbüsü yada düşür. Bu təşəbbüsə Azərbaycan da qoşulub. Azərbaycan Dövlət Neft Fondundan büdcəyə keçirilən bütün maliyyə vəsaitləri şəffafdır. Bu haqda məqaləmizin birinci hissəsində də qeyd etmişdik. Heydər Əliyevin zamanında, 2001-ci ildə yaranan Neft Fondu hələ Şəffaflıq Təşəbbüsünə qoşulmamış da şəffaf idi. Beləliklə, ARDNF-dan büdcəyə gələn nəhəng pulların şəffaflığı ilə bağlı tələb olmasaydı – bu pulları Fondda gizlicə mənimsəmək olmur – çətin ki, Azərbaycan xalqı nə super bahalı yolların, su kəmərlərinin, körpülərin, yol ayrıclarının, nə də köhnə binaların yenidən qurulamasının şahidi olacaqdı. Neftdən gələn nəhəng pullar bu işlərə xərclənir.

 Bakı London deyil

 Azərbaycan isə Böyük Britaniya deyil, heç deyil. Orada monarxiya sistemi olmasına baxmayaraq, hökumət öz seçiciləri, Əlahəzrət Kraliçanın təbəələri qarşısında hesabat verməlidirlər, çünki hökuməti parlament seçkisinin nəticəsinə görə formalaşdırırlar. Bizdə deyəsən, respublika üsuli-idarəsidir. Lakin nə dövlət başçısı, nə də hökumət büdcədə olan nəhəng maliyyə xərcləri ilə bağlı nə «əl parlamenti», nə də çox az qalmış müxalif KİV-lər qarşısında hesabat verirlər. Çünki bizdə demokratik və azad seçkilər keçirilmir və kimin qalib gələcəyi əvvəldən hamıya məlumdur.

 Şəffaflıq Əliyevin nəyinə lazımdır?

 Heydər Əliyev şəffaf Neft Fondu yaratdı və bu Fondda neft gəlirlərinin bir manatı belə itə bilməz. O, bu addımı atmalı idi, əks təqdirdə dövlətin imici Niqeriya və Çadın imicinə oxşayacaqdı. Şəffaf Neft Fondu – dünya demokratik cəmiyyətinin gözündə yaxşı imicdir, bu, onun üçün kozırlı kartdır. Axı, Azərbaycan Avropa Şurasına qəbul edilib! Bu isə öz xalqınla, bu xalqa məxsus olan sərvətlərlə, o cümlədən neft gəlirləri ilə bir az qanacaqlı davranmağa məcbur edən faktordur. Lakin büdcədə olan vəsaitlər nə dərəcədə şəffaf və məqsədəuyğun xərclənir – bu, ayrı söhbətdir. İxtiyari tənqidə cavab olaraq demək olar ki, Avropa Birliyinin üzvləri olan Yunanıstan və İspaniya öz büdcələrini daha effektsiz xərcləyirlər və bu, Avropa İttifaqının əsas pul verən dövlətlərinin, məsələn, Almaniyanın xoşuna gəlmir.

 Gözə kül üfürmək

 Bütün bunlar əslində, hamıya məlum olan şeylərdir, sadəcə, London stadionu tikiləndə qənaət edilən 10 milyonla bağlı məsələ yadıma düşdü. Amma böyük və ya çox orta vəzifə sahibləri növbəti dəfə tamaşaçılara nağıl – «xüsusi inkşaf yollarından» danışaraq, Azərbaycanın «analoqu olmayan» inkşafı barədə gözlərinə kül üfürmək istəyəndə bizim yazdığımız faktları və rəqəmləri yada salsanız, yaxşı olar.

 

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button