Azərbaycan Ordusunun Naxçıvan istiqamətində hücumu

Xəbər verdiyimiz kimi, “Hetq” internet nəşrinin baş redaktoru, hərbi reportyor Edik Bağdasaryan dünən bəyan etmişdi ki, Azərbaycan Ordusu bu günlərdə Ermənistanla sərhədin Naxçıvan istiqamətində neytral zona boyu irəliləyərək böyük bir ərazini nəzarətə götürüb.

“Neytral sahədə azərbaycanlılar öz mövqelərini irəli çəkməyə və böyük əraziləri nəzarət altına almağa nail olublar”, – deyə E.Bağdasaryan bildirmişdi.

Azərbaycanın rəsmi dövlət xəbər agentliyi AzərTAc da mayın 24-də ordumuzun Naxçıvan istiqamətində “planlı mühəndis-istehkam işləri apardığı” barədə xəbər yaymışdı.

Məlumatda deyilirdi ki, təsdiq olunmuş plana uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri qış mövsümündən sonra müdafiə zolağında fortifikasiya qurğularının təkmilləşdirilməsi məqsədilə mühəndis işlərinin aparılmasına başlayıb.

Virtualaz.org bildirir ki, Azərbaycan Ordusunun Naxçıvan istiqamətində irəliləyişi haqda informasiya öz təsdiqini tapır. Belə ki, Azərbaycan hərbi bloqeri Tofiq Şahmuradov öz mənbələrinə istinad edərək, Azərbaycan Ordusunun müvəffəqiyyətinin təfərrüatlarını açıqlayıb. Ancaq sonra bloqerin yazısı sosial şəbəkələrdən silinib.

İnformasiyaya əsasən, Naxçıvanda xüsusi təyinatlılar ermənilərdən iki postu qaytarıblar və bununla neytral zonada yerləşən Günnüt kəndini atəş altından çıxarıblar. Erməni hərbçiləri böyük itkilərə görə postları tərk etmək məcburiyyətində qalıblar.

Bu postlar yüksək dağlıq ərazidə yerləşir və erməni hərbçiləri Günnüt kəndinə məhz onun sayəsində nəzarət edirdilər. Hazırda kənd Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button