Azərbaycan pasportu ilə vizasız hara getmək olar?

Pasportların indeksinin yeni versiyası açıqlanıb. Bunu Henley & Partners beynəlxalq konsaltinq şirkəti hazırlayıb. Şirkət investisiyalar vasitəsilə yaşayış icazəsinin və vətəndaşlığın verilməsi üçün dövlət proqramlarının hazırlanması üzrə ixtisaslaşır. Reytinqə görə, bu dəfə siyahıda lider mövqeləri Sinqapur və Yaponiya tutub. Onlar öz vətəndaşlarının dünyanın 180 ölkəsinə və ərazisinə vizasız girişini təmin ediblər.

Son beş ildə reytinqdə ilk yeri tutan Almaniya ikinci sıraya enib. Bu il Almaniya pasportu ilə dünyanın 179 ölkəsinə vizasız səyahətə çıxmaq olar ki, bu da ötən ildə olduğundan bir ölkə çoxdur. Üçüncü yeri yeddi dövlət bölüşüb: Danimarka, İspaniya, İtaliya, Finlandiya, Fransa, İsveç, Cənubi Koreya. Həmin ölkələrin vətəndaşları dünyanın 178 ölkəsinə vizasız getmək imkanı əldə ediblər.

Mövcud praktikaya görə, il ərzində pasportların indeksi bir neçə dəfə yenilənir ki, ölkələrin vizasız rejimindəki dəyişikliklərlə bağlı insanlara operativ məlumat verilsin. Dünya pasportlarının indiki yenilənmiş indeksi 2018-ci ilin əvvəlində Henley & Partners tərəfindən buraxılan əvvəlki reytinqin dəqiqləşdirilmiş və korrektə edilmiş variantıdır. Baxmayaraq ki, o vaxtdan cəmi iki ay keçib, indeksdə ciddi dəyişikliklər var: araşdırmanın bəzi iştirakçıları öz mövqelərini ya saxlayıblar, ya da itiriblər, digərləri öz vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı və ərazi üzrə göstəricilərini yaxşılaşdırıblar.

Rusiya indeksdə 48-ci yerdən 45-ə qalxıb. İndi Rusiya pasportu dünyanın 114 ölkəsinə vizasız girişi təmin edir, halbuki, yanvarın əvvəlində onların sayı 110 olub. Ukrayna da vizasız ölkələr siyasıhını 4 dövlət genişləndirərək 118-ə çatdırıb və 44-cü yerdən 42-ə keçib. Qazaxıstan isə reytinqdə bir pillə enərək 66-cı yeri tutub. Ancaq öz göstəricisini 2 ölkə (73 ölkəyə vizasız giriş) yaxşılaşdırıb.

Bizim ölkəyə gəlincə, Azərbaycan beynəlxalq reytinqdə bu ilin əvvəlində olduğu 72-ci yerdən fevralın sonlarında 75-ci yerə enib. Vizasız girişin mümkün olduğu (və ya gəliş zamanı viza almağın mümkün olduğu) ölkələrin sayı dəyişməz qalıb -63. Əlbəttə, bu göstərici qonşu Gürcüstanla heç müqayisəyə gəlmir. Hazırda Gürcüstan pasportu vətəndaşların dünyanın 100 ölkəsinə (yanvarda olduğundan bir ölkə çox) getməsinə imkan verir. Ancaq bunu da qeyd etmək lazımdır ki, 2016 və 2017-ci illərdə bizim vətəndaşlar 62 ölkəyə, 2015-ci ildə isə 58 ölkəyə vizasız səfər edə biliblər. Bu sahədə müsbət tendensiya var.

İndeksi ənənəvi olaraq Əfqanıstan qapayır. Ölkə vətəndaşları dünyanın 24 ölkəsinə vizasız gedə bilər.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button