Azərbaycana sığmayan Rafiq Əliyev

Teylor Fətişoğlu

Bakı İstintaq Təcridxanasından

21.11.2011

Mənim xanım-xatın, kişi zabitəli, zəhmli əsir yurdum Novruzlunun qızlı-oğlanlı körpələrinin dünyamıza gəlişinin bələdçisi Billurə mamamın sevimli qardaşı, and yeridir Rafiq Əliyev. Bizim ellərdə artıq hamı adət edib. Billurə mamam əlini belinə qoyub, Rafiqin əziz canına and içdisə, deməli hər iş bitdi. Dünya dağılsa da onu heç kim fikrindən daşındıra bilməz. Rafiq Əliyev Vətən qarşısındakı xidmətlərinə görə şəxsən bu hörməti qazanıb, İllərdir ki, qazanıb və bunu onun əlindən kimsə ala bilməz.
Dünya elminin ləyaqətli imza sahibi Rafiq Əliyevin adı Qarabağ, Ağdam, Novruzlu üçün bir vizit kartı, indi isə təzəlikcə dilimizə düşmüş brenddir. Rafiq Əliyevə hücum edənlərin mətbuatda gedən müraciətlərindəki əndrəbadi, palaz-palaz imzalarına baxdıqca, boğazlarını yırta-yırta cır səslərini başlarına atıb, ayaqlarını iclas salonlarında yerə döymələrini eşitdikcə bir vaxtlar bir vaxtlar mərhum Heydər Əliyev hakimiyyətdə olmayan illərdə ona Ali Məclisdə fit çalanları, təpiklərini yerə döyüb, tribunadan qışqır-bağır salıb nitqini kəsənləri xatırlayıram. Çox da uzaq olmayaq 90-cı illərdə bu gün Rafiq Əliyevin əleyhinə 245 nəfərlik böhtan kampaniyasını aparan mövsümü «klassik yaltaqlar»ın, muzdlu fit çalıb, təpik döyənlərin başqa bir dəstəsi Heydər Əliyevi fitləyir, Məşədi İbadın cır, bığları çəkmə yağlı qoçuları kimi iki barmaqları arasından fit çalırdılar. Moskvaya, İttifaq mətbuatına bir neçə yüz imzadan ibarət müraciətlər göndərilir, «əliyevşinanın Azərbaycana bəla gətirəcəyindən həyəcan təbili çalırdılar. Bu günümüzdə isə adlarına alim, ziyalı sözündən başqa nə desən yaraşan başqa bir dəstə bəşəriyyətə XX əsrdə bədbəxt xalqımızın ən böyük töhfəsi, dünya fövqündə dayanan qüdrtli düha sahibini, dahi alimi, Rafiq Əliyevi ağızları köpüklənə-köpüklənə yamanlayırlar. Zaman həmin zaman olmasa da dəyişən heç nə yoxdur. Söymək, yamanlamaq makinasının düyməsini basanlar elə həmin şər qulluqçularıdır. İcraçıların ger-geyimlrinindəbindən başqa heç nə dəyişməyib. Lazımi məqamda dünyanın qəbul etdiyi şəxsiyyət kimliyindən, dühasından asılı olmayaraq, yuxarı eşalondan kimlərinsə ayağını tapdaladısa, ştatlı, hazır müraciətlərə qəbul otaqlarında oxumadan imza atanlara onun üzərinə hücum əmri verilir. Rafiq Əliyevin kimliyini, tərcümeyi-halını kimsəyə xatırlatmağa ehtiyac yoxdur, Dünya elminin atalarından biri olan, Lütfi Zadə kimi korifeylərin, elmi əsərlərinə istinad etdiyi Rafiq Əliyevin şəxsiyyətinə, dühasına ölkədə o qədər böyük qısqanclıqla yanaşılır ki, hətta televiziya kanallarında Lütfi Zadə haqqında veriliş gedərkən Rafiq Əliyevlə olan kadrları efirdən kəsirlər. Nədən qaynaqlanır, dünyanın fövqündə dayanan alimimizə olan bu düşmənçilik? Əgər Rafiq Əliyevin vaxtı ilə Vəzirovun aparatında işləməsi əsas götürülürsə, bu səbəb deyil.
Azından ona görə ki, çox da uzaq olmayan keçmişin arxivlərini azacıq qurdalasan, saralmış qəzet səhifələrini, video kasetləri çevirsən, Heydər Əliyevə hədyan söyləyənlərin, fit çalanların yenə deputat kürsülərində, vəzifə kreslolarında əyləşdiklərinin, var-dövlət içində üzdüklərinin şahidi oluruq. Bəs, onda nəyi bağışlaya bilmirlər Rafiq Əliyevə? Hansı günahından keçə bilmirlər, siyasi hakimiyyətin olimpində oturanlar? Niyə belə hikkəli-hirsli, havalıdırlar?
Səbəbin Ziyalılar Forumunda dəyərli alimin, böyük şəxsiyyətin, Qarabağın, eləcə də Böyük Azərbaycanın fəxri olan əzəmətli türk kişisinin çıxışında olduğunu dərindən düşünmək lazım deyil. Rafiq Əliyev yeni heç nə deməyib. Onun Forumda söylədikləri hər gün milyonlarla insanın gözləri önündə baş verir. Ölkənin korrupsiya və rüşvətxorluq çamurunda boğulduğu, insanların, azad fikir sahiblərinin şərlənərək həbsxanalara atıldıqları gün kimi aydın həqiqətdir. Korrupsiyanın, rüşvətin tüğyan etdiyi ölkənin fəlakətə sürükləndiyi göz qabağındadır. Rafiq Əliyev məşhur çıxışında yeni olan nə dedi ki, hakimiyyət mənsubları ona bu qədər qəzəbləndilər? Dəyərli elm adamına bütün ömrünü həsr etdiyi Neft Akademiyasındakı heç bir siyasi yük daşıymayan kafedra müdirliyi vəzifəsini belə çox gördülər.
Səbəb körpə uşağın da qavraya biləcəyi dərəcədə sadədir. Dünya elmində öz sözü və yeri olan, nüfuzlu Qərb universitetləri tələbələrinin mühazirələrini ayaq üstündə dinlədikləri böyük alimin günü-gündən artan şöhrətindən, Avropada, Amerikada , Rusiyada qeydsiz-şərtsiz kibernetika elminin banisi kimi qəbul olunmasını həzm edə bilməyib, içlərini didib-dağıdan paxıllıq, qibtə hisslərini Azərbaycansayağı ucuz, primitiv üsulla təşkil edir və şablon olaraq böhtan zəhəri ilə çölə tökürlər. Guya Azərbaycanın başına bütün bu oyunları Rafiq Əliyev gətiribmiş. Halbuki Rafiq Əliyev dünya gündəmini silkələyən elmi monoqrafiyalarına bir dünya qonorar alanda, əyninə şalvar belə almağa pul-para tapmayan indiki milyonçular bu gün hansı oyunların içində olduqlarını unudurlar. Ölkədə fahişəliyin, narkomanlığın artmasında, neft və milyonlar səltənəti olan Azərbaycanda qul bazarlarının günbəgün genişlənməsində, iqtisadi və sosial sıxıntıların bütün məmləkəti yeddibaşlı ilan kimi sıxaraq, yarımcan etməsində, ziyalı insanlara qara yaxaraq onları cəmiyyətdən uzaqlaşdırmaq məqsədilə həbsxanalara atılmasında azmı xidmətləri var bu məmur-milyonçuların? Bəyəm bütün sadalananlarda Rafiq Əliyevmi günahkardır?
Görünür, hakimiyyət də onlara bunun üçün rəvac verir. Yuxarılardan siyasi sifarişlər verənlər, ölkəni zəlil günə saldıqlarını bildiklərindən dünya elminin fövqündə dayanan, kibernetika elminin atasına, Azərbaycan adlı məmləkətin adını yer üzündə nefti qədər məşhurlaşdıran hər zaman qürurlu və alnıaçıq olan Rafiq Əliyev hakimiyyətin hansı siyahısına düşməsindən asılı olmayaraq, xalqın çoxdan rəğbətini qazanıb. Mənim hər zaman vüqarlı, başında saçları ağappaq əlçimə dönmüş, sevimli Billurə mamamın əziz qardaşı, and yeri Rafiq Əliyevin nüfuzunu, şanını, şöhrətini heç bir «qul» nəzərdən sala bilməz. Onda bu canfəşanlıq kimlər üçündür? Əslində Rafiq Əliyevin Ziyalılar Forumundakı kəskin çıxışı normal demokratik ölkələrdə müsbət qarşılanmalı və ziyalıların bu cür topsuz-tüfəngsiz, iddiasız çıxışları və tənqidləri hakimiyyət tərəfindən nəzərə alınmalıdır. Belə ziyalılar istənilən hakimiyyətin ömrünü uzatmaq gücünə malikdir. Onları susdurmaq və tənqidlərinə vəhşicəsinə yanaşmaq əvəzinə, mövcud problemləri aradan qaldırmaq lazımdır.
Qaldı, Rafiq Əliyevi müdafiə edənlərə, vaxtilə rəhmətlik Elçibəy demişkən, hər bir işi yoluna qoyacaq, dünyanın fövqündə dayanan, Azərbaycana sığmayan Rafiq Əliyevi qarabağlıların toy məclislərində yen də mədəniyyəti, insanlığı Sadıq Murtuzayevdən öyrənən Ağdam camaatı, onun haqqındakı ürək sözlərini nümayişkəranə şəkildə yenə də mikrofonda söyləyəcəklər.
Tarix hər zaman çərxi-fələyin necə döndüyünü insanlara göstərib və onlara xəbərdarlıq edib. İnsanlar isə hər zaman fələyə qalib gələcəklərini düşünərək, şeytanın məsləhətlərilə davranıblar, Allahın nümunəvi bəndələrinə qara yaxmaqla məşğul olublar. Ancaq Çərxi-Fələyin də indiki hakimiyyətdən soruşmayaraq yazdığı öz kitabı var.

Bu gün Rafiq Əliyevi və onun timsalında onlarla ziyalımızı insanların gözündən salmağa çalışanların başına sabah nə oyunlar gələcək, bunu zaman və çərxi-fələk göstərəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button