Azərbaycanda Avropanın ən iri südçülük-maldarlıq kompleksi tikilir.

424.07.2013
Qəbələ rayonunun Vəndam kəndində tikilən «Aqrokompleks Qəbələ»də gündəlik olaraq 50 ton süd istehsalı planlaşdırılır. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın süd və ətə böyük tələbatı var: «Keçən il adambaşına 30 kq ət istehsal olunub. Amma biz istəyirik ki, ət istehsalı ən azı 70 kq-a çatdırılsın. Bu, strateji vəzifəmizdir. Bundan başqa, Ağcabədi rayonundakı «Aqat-aqro» MMC-də 3 ton süd istehsal etməyi planlaşdırırıq», – deyə şöbə müdiri əlavə edib.

Azərbaycanda 12 iri südçülük kompleksi fəaliyyət göstərir və daha 3 yeni kompleks artıq istifadəyə verilib. Həmin komplekslərin hər birində 600-700 baş sağılmalı inək saxlanılır.

 Xatırladaq ki, Ağcabədi rayonundakı «Aqat-aqro» MMC və Şəkidəki «Aqro-indastri» MMC təsərrüfatının hər birində 2012-ci ildə orta hesabla hər inəkdən 6-6,5 ton süd sağılıb.

QEYD: Qəbələ Heyvandarlıq-Südçülük Kompleksinin ümumi dəyəri 12,9 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 3 milyon manat güzəştli kredit ayrılmışdır. Kompleksdə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2011-ci ilin sonunda başlanmışdır. Bu ilin fevral ayında isə işlər tam başa çatdırılmışdır. Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, kompleks sağmal inəklər üçün fermalar, yem təsərrüfatı, avtopark və digər köməkçi sahələrdən ibarətdir. Müəssisə ABŞ-ın “BouMatic” şirkətinin ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə sistemləri, birdəfəyə 40 baş inək tutumlu “Paralel” tipli sağım avadanlığı, soyutma sistemləri və digər avadanlıqla təchiz edilmişdir. Hər biri gündəlik 25 litrdən çox südvermə qabiliyyətinə malik 500 baş “Holstein Friesian” cinsindən olan inək gətirilmişdir. Hazırda sağmal heyvanların sayı 660 başa çatdırılmış, onlardan 150 bala alınmışdır. Gələcəkdə kompleksdə sağmal inəklərin sayının min başa çatdırılması nəzərdə tutulur. Qeyd olundu ki, hər inəkdən bir ildə 8 min 500 litr, ümumi fermada isə gündəlik təqribən 15 ton süd sağımı proqnozlaşdırılır. İstehsal olunan süd Qəbələ süd emalı zavoduna göndərilir. Burada “Jalə” brendi ilə ağartı məhsulları istehsal olunur. Kompleks üçün Qəbələ rayonu ərazisində mövcud əkin sahələri hesabına yem təsərrüfatı yaradılmışdır. Bütün aqrotexniki normalara riayət etməklə aparılan növbəli əkin hesabına təsərrüfatda yüksək məhsuldarlığa nail olunur. Bunun nəticəsində müəssisənin yemə olan tələbatı tam ödənilir. Komplekslə tanışlıq zamanı dövlət başçısına məlumat verildi ki, layihənin icrası nəticəsində 95 nəfər iş yeri ilə təmin olunmuşdur. Tətbiq olunan müasir texnologiyanın istifadəsi, cins heyvanların yemlənməsi və bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədi ilə burada çalışan mütəxəssislərin bir hissəsi Hollandiyada xüsusi kurs keçmişdir. Gələcəkdə təcrübələrinin artırılması üçün digər işçilərin də kurs və seminarlara göndərilməsi nəzərdə tutulur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button