Azərbaycanda çimərlik mövsümü açıldı

woman relaxing on the beach“İyunun 1-dən etibarən Azərbaycanda çimərlik mövsümü açılıb. Mövsüm başlayan gündən suyun altına baxış keçirilib və ərazilərdə şarlar quraşdırılb. Xilasedicilər nəzarət edirlər ki, insanlar həmin ərazini keçməsinlər”.
 
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev bildirib.
Hazırda ölkə üzrə DSXX-nin 42 struktur bölməsinin fəaliyyət göstərdiyini deyən M. Piriyevin sözlərinə görə, 400-ə yaxın xilasedici gücləndirilmiş iş rejimində fəaliyyətə başlayıb. Mövsüm başlanandan DSXX-nin məntəqələrinin fəaliyyət göstərdiyi çimərliklərdə sularda boğulma hallarına rast gəlinməyib.
Sektor müdiri həmçinin bildirib ki, çimərliklərdə  lövhələrin quraşdırılması, çimərlik ərazilərdə xilasetmə işi və təhlükəsizliklə bağlı bütün tədbirlər görülüb. Bu il də DSXX Bakı və Abşeronda, o cümlədən, respublikanın digər bölgələrində yerləşən su hövzələrinin vəziyyətinin öyrənilməsilə bağlı monitorinqlər keçirilib. Monitorinqlər zamanı məlum olub ki, əslində bəzi özəl çimərlik kimi tanınan ərazilər özəl çimərlik yox, istirahət mərkəzi, iaşə obyektləridir.  İnsanlara həmin yerlərdə hətta spirtli içki də satılır.
“Bəzi çimərlik ərazilərində çirkab suların axıdılması, məişət tullantılarının atılması halları müşahidə olunur və bəzən çimərliklərin içərisinə avtomobillərlə daxil olurlar. Bu və monitorinqin nəticələri ilə bağlı digər məsələlər yerli icra hakimiyyəti orqanlarıyla birgə keçirilən müşavirələrdə müzakirə olunur və aradan qaldırılacaq” – deyə M. Piriyev qeyd edib.
Sektor müdirinin sözlərinə görə, su hövzələrinə yaxınlıqda yerləşən qəsəbə və kəndlərdə təbliğat işi aparılmalıdır. Bu baxımdan polis orqanları, sahə müvəkkilləri, icra nümayəndələri və bələdiyyələrin üzərinə müəyyən işlər düşür. Məqsəd yerli icra orqanları ilə bu kimi halların qarşısını almaqdır.
“Özəl çimərliklərə xəbərdarlıq və tövsiyə etmişik ki, çimərlik kimi fəaliyyət göstərən istirahət mərkəzlərində xilasedicilər olsun. Həmin ərazidə minimum təhlükəsizlik tədbirləri görülsün. Çimərliklərdə xilasedici qülləsi olmalı, əraziyə xilasedici cəlb edilməlidir. Bu problemlər həll olunandan sonra ərazidən çimərlik kimi istifadə etmək olar”.
M. Piriyevin həmçinin bildirib ki, ölkəmizə I Avropa Oyunlarıyla bağlı xeyli turistin gələcəyini nəzərə alıb maarifçilik tədbirləri daha da genişləndirilib. Onun sözlərinə görə, bu il xeyli sayda həm Azərbaycan dilində, həm ingilis dilində təbliğat materialları hazırlanaraq obyektlərə və yerli icra hakimiyyəti orqanlarına paylanıb.
“Çimərlikdən əlavə, su hövzələri, kanallar, göllər var ki, bunlar hər hansı hadisə baş verməsin deyə xüsusi nəzarətdə saxlanmalıdır. Buna görə ərazidə çəpərləmə olmalı və ya lövhə quraşdırılmalıdır. Bədbəxt hadisələr baş verməsin  deyə azyaşlıların, məktəblilərin istirahət etdiyi ərazilərə nəzarət güclənməlidir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button