Azərbaycanda “Ergenekon” əməliyyatı başlayır – General Mədət Quliyev böyük sınaq və yeni mükafat qarşısında!

medet-quliyev-1.jpg

Oktyabrın 17-də Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində keçirilən və öz miqyasına görə Türkiyədəki məşhur “Ergenekon işi”ylə müqayisə oluna biləcək əməliyyatın yeni və indiyədək ortaya atılmış bir çox iddiaları alt-üst edəcək təfərrüatları ortaya çıxıb.

Strateq.az-ın əldə etdiyi məlumatlardan aydın olur ki, Mili Təhlükəsizilik naziri, general-polkovnik Eldar Mahmudovun vəzifəsindən azad edilməsi və eyni anda içərisində ikisi xüsusi xidmət generalı olmaqla 7 nəfərin həbsiylə nəticələnən bu qəfil əməliyyat planı əslində bir xeyli müddət əvvəldən – Prezident İlham Əliyev Qazaxıstana getməmişdən öncə, dövlət başçısının birbaşa nəzarəti altında və olduqca məxfi şəraitdə hazırlanıbmış və sadəcə, həyata keçirilməsi üçün uyğun vaxt gözlənilirmiş.

Bildirildiyinə görə, məxfiçiliyin qorunması üçün əməliyyatın bütün detalları yalnız ölkə başçısına məruzə edilirmiş və əməliyyatın keçirilmə vaxtını da Prezidentdən savayı heç kim bilmirmiş.

Strateq.az-a çatan bilgilərə görə, MDB dövlət başçılarının sammiti kimi əhəmiyyətli səfərini də başa vurduqdan və ölkəyə qayıtdıqdan sonrakı vaxtı Prezident əməliyyat planının icrası üçün daha münasib sayıb: öncə, Milli Təhlükəsizlik naziri Eldar Mahmudovu Administrasiyaya çağırtdıraraq, onun rəhbərlik etdiyi qurumda böyük cinayətlərə yol vermiş dəstənin törətdiyi və birbaşa ölkənin maraqları əleyhinə yönəldilmiş fəaliyyətlərini əks etdirən qovluğu ortaya qoyub, onu vəzifəsindən azad etdiyini bildirib və bu məsələdə hesabat verməsini tələb edib;  eyni zamanda, Xüsusi Dövlət Mühafizə Xidmətinə MTN-də və şəhərin bir neçə yerində qəfil əməliyyat keçirmək, artıq əvvəlcədən nəzarətə götürülən şəxslərin saxlanılaraq, istintaqa cəlb edilməsi göstərişini verib…

Məlumata görə, ilkin olaraq məhz o şəxslər saxlanılıblar ki, onların izahat və ifadələri MTN içərisindəki böyük bir qrupun illərlə törətdiyi bütün cinayətlərə aparıb çıxarmaq, onları çözmək imkanı verir və yəqin ki, çox yaxın gələcəkdə bu qrupa göstərişlər verən və onlardan hesabat qəbul edən daha bir neçə generalın qollarının qandallanmasının şahidi olacağıq…

Qeyd edək ki, bizim əldə etdiyimiz məlumatlarda, Penitensiar Xidmətin rəisi general Mədət Quliyevin qəfildən, heç kimin gözləmədiyi halda MTN-in birinci müavini vəzifəsinə təyin olunmasının da sirrini çözən xeyli maraqlı məqamlar var.

Deyilənə görə, Mədət Quliyev MTN-də belə bir məxfi əməliyyatın keçiriləcəyi haqda öncədən məlumatlı olan Prezidentin yanındakı azsaylı generallardan biri olub.

Bildirildiyinə görə, MTN-dəki bu qruplaşmanın bir ucu həm də Azərbaycan həbsxanalarına gedib dirənən irimiqyaslı cinayətlərinin aşkarlanmasında məhz Mədət Quliyevin və onun əməliyyat-rejim üzrə müavini polkovnik İmran Tağızadənin müstəsna xidmətləri olub (İmran Tağızadənin adı məhbus jurnalistlərə, siyasi motivlərlə həbs olunan şəxslərə daha yaxından tanışdır -S.).

Belə ki, Xüsusən də MTN-dəki məlum qruplaşmanın həbs etdirdiyi və Penitensiar Xidmətin nəzarətindəki cəzaçəkmə müəssisələrində saxlanan dustaqlar ətrafında aparılmış əməliyyat tədbirləri zamanı aşkarlanan çoxsaylı qanun pozuntuları və əsl həqiqətlər toplanaraq, sistemləşdirilib və ölkə rəhbərliyinə məruzə olunub. Ölkə rəhbərliyinin diqqətinə çatdırılıb ki, Azərbaycan həbsxanalarında saxlanan yüzlərlə məhbus – hətta aralarında siyasi dustaqlar da varməhz MTN-dəki bu qruplaşmanın oyunlarının qurbanı olub, bir çox hallarda isə ölkə rəhbərliyinə bilərəkdən yanlış məlumatlar verilib, o, məqsədli şəkildə aldadılıb… Elə “cinayət hadisələri” olub ki, MTN-dəki bu quruplaşma özü onu təşkil edib və sonra da “problemi aradan qaldırdıq” görüntüsü yaradıb. Arada isə yüzlərlə günahsız insan həbsə atılıb, ölkənin beynəlxalq imicinə məqsədli zərbələr vurmaq üçün bilərəkdən əsaslar, münbit zəmin yaradılıb(Bu haqda ayrıca araşdırmamız var və onu yaxın zamanlarda təqdim edəcəyik – S.)

Qeyd edək ki, general Mədət Quliyevlə Eldar Mahmudovun MTN-dəki komandasının maraqlarının toqquşduğu bu ilin əvvəllərində ölkə mediasında böyük ajiotaja çevrilmiş “Lamiyə işi”ndə açıq-aşkar üzə çıxmışdı. Mətbuat işçilərinə yaxşı məlumdur ki, məhz həmin vaxt MTN-in nəzarətindəki bütün media şəbəkəsinə “Lamiyə işi”ni qabartmaq, Mədət Quliyevi vurmaq və gözdən salmaq göstərişi verilmişdi…

…İndi belə görünür ki, Prezident Mədət Quliyevə nəinki öz qisasını almaq, həm də bu strukturda əməlli-başlı düzən yaratmaq üçün onu daha da irəliyə aparacaq çox böyük bir şans verib. Belə məlumatlar var ki, Mədət Quliyevə MTN-dəki bu qruplaşmanın cinayətkar fəaliyyəti barədə indiyədək ölkə rəhbərliyinə məruzə etdiyi bütün məsələləri birdəfəlik çözmək üçün bir sınaq, aralıq möhləti və geniş səlahiyyətlər verilib: əgər general Mədət Quliyev bu sınaqdan üzüağ çıxacaqsa, ona göstərilən etimadı doğruldacaqsa və həqiqətən də, MTN-də kök atmış və dövlət əleyhinə fəaliyyət göstərən böyük bir cinayətkar şəbəkəni neytrallaşdırmağı bacaracaqsa, o, daha böyük bir mükafata layiq görüləcək – Milli Təhlükəsizlik naziri postuna gətiriləcək! Onun hazırki yerinə – birinci müavin postuna isə bütün bu proseslərdə Mədət Quliyevə çox yaxından köməklik göstərmiş və peşəkar əməliyyatçılardan sayılan polkovnik İmran Tağızadənin gətiriləcəyi gözlənilir…

Belə görünür ki, ikinci “Ergenekon əməliyyatı”na Azərbaycanda hələ indi start verilir…

Hələlik ölkənin ən strateji strukturunda – MTN-in içərisində başlanan bu əməliyyat Prezidentin iradəsi əleyhinə çıxmaq istəyən, onu aldatmağa səy göstərən bütün iriçaplı məmurun, xüsusən də ölkənin var-dövləti hesabına milyardların sahibi olan, ancaq hakimiyyətin çətin anında sədaqətsizlik göstərən xeyli oliqarxın da başını aparacaq, həmçinin illərlə “xaric törətdi” düşüncəsiylə üstünə qaranlıq pərdəsi çəkilmiş bir çox cinayətlərin də gerçək səbəblərinə işıq salacaq…

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button