Azərbaycanda idmanı ilə bağlı müdhiş beynəlxalq qalmaqal!

Kəmaləddin Heydərov Beynəlxalq Boks Federasiyasını satın almaq istəyirdi?

 Ağacan Əbiyev: «“2 miylon dollar vermişik, ancaq…»

 Dünən Azərbaycanda idman sektorunda beynəlxalq bir dartışma baş verdi. BBC-nin Newsnight televerilişi Azərbaycandan Beynəlxalq Boks Təşkilatına (World Series Boxing (WSB)) milyonlarla dollar məxfi ödəmələrə dair dəlillər aşkar edib.

WSB rəhbəri iddia edirdi ki, pullar Azərbaycan boksçularının Londonda 2012-ci il Olimpiya oyunlarında iki qızıl medal qazanacaqlarına zəmanət verilməsi müqabilində alınıb. Olimpiya döyüşlərini təşkil edən Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) etiraf edir ki, Azərbaycan vətəndaşı yarışlardan birinin fonduna 9 milyon dollar pul köçürüb. Lakin AİBA razılaşdırılmış medallar üçün sövdələşmə olduğunu inkar edir.

Bu arada, Boks Təşkilatındakı mənbələr Newsnight-la əlaqə qurublar və WSB direktoru İvan Xodabaxşı Azərbaycanla əlbir olmaqda ittiham ediblər. Onların sözlərinə görə, Olimpiadada Azərbaycan döyüşçülərinin qızıl medal almasına zəmanət verilməsi üçün boks turnirinin saxtalaşdırılması müqabilində Azərbaycandan maliyyə vəsaiti alınması üçün gizli saziş imzalanıb.

“İvan bizdən bəzilərinin qarşısında öyünürdü ki, pul üçün narahat olmağa dəyməz. Azərbaycanlılar medal alan kimi WSB nağd pul alacaq”.

Digər mənbənin sözlərinə görə, Xodabaxş otağa girərək deyib: “Hər şey qaydasındadır – azərbaycanlılar gəldilər, buna görə onlara medal verməli olacağıq”.

“O, milyonlarla dollar məxfi ödəmələr müqabilində Londonda qızıl medallardan danışırdı”, deyə mənbə əlavə edib.

Lakin Xodabaxş Azərbaycanla hər-hansı sövdələşmələr haqqında ittihamları “tamamilə yalan” adlandırıb.

Bir müddət əvvəl AİBA iddia edirdi ki, Amerikadan WSB-də alınmış pullar özəl İsveçrə şirkətindən daxil olub, lakin Newsnight-da olan sənədlər Xodabaxş və AİBA-nın icraçı direktoru Xo Kim və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında 10 mln. dollarlıq kredit haqqında investisiya sazişi ilə bağlı məlumat mübadiləsi olduğuna dəlalət edir.

Sənədlər arasında Xodabaxşdan Azərbaycan nazirinə aşağıdakı sorğu ilə elektron məktub da var: “Xahiş edirik, investisiya pullarını mümkün qədər tez WSB America-nın hesabına köçürəsiniz”.

AİBA və WSB-ni təmsil edən hüquqşünaslar təsdiq ediblər ki, pullar İsveçrə şirkəti tərəfindən ödənilib, amma Azərbaycandan daxil olub. Lakin onlar pulların Azərbaycan hökumətindən daxil olduğunu inkar edirlər. Onlar bildiriblər ki, Azərbaycan naziri Heydərov WSB-yə azərbaycanlı fərdi investoru təqdim edib və hökumətin bu üzvü və onun köməkçisi iki ölkə arasında vasitəçilər rolunda fəaliyyət göstəriblər, belə ki, investor ingiliscə yaxşı danışa bilmirdi.

Newsnight Heydərovun ofisi ilə əlaqə saxlamağa çalışıblar, lakin cavab ala bilməyiblər.

Hazırda anonim investor artıq WSB America-nın hesabına 9 milyon dollar ödəyib.

AİBA və WSB xüsusi bəyanatla çıxış edərək, Azərbaycan investorundan idmanın inkişafı məqsədilə pul aldığını təsdiq edib.

Kredit “məxfi” olmayıb və heç bir qaydanı pozmayıb və Azərbaycan hökuməti tərəfindən təqdim olunmayıb.

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev ANS-ə açıqlamasında məsələyə münasibət bildirərək səslənən ittihamları gülünc adlandırıb.

“Hər hansı bir ölkə Dünya çempionatı, Avropa çempionatı və digər turnirləri keçirirsə, mütləq bunun üçün rüsum ödəməlidir. Bu, artıq AİBA-da təsdiq olunmuş məsələdir. Rüsumun məbləğinə gəldikdə isə bu rəqəm 2 milyon dollardır və məbləğ AİBA-nın hesabına köçürülür”, – deyə Ağacan Əbiyev bildirib. Ağacan Əbiyev bu ittihamların Azərbaycan Boks Federasiyasından daha çox AİBA-ya qarşı yönəldiyini də əlavə edib.

Xatırladaq ki, sentyabrın 25-də Bakıda boks üzrə 2012-ci il London yay Olimpiya oyunlarına lisenziya xarakterli dünya çempionatının açılışı keçiriləcək. Sabah (bu gün) isə Bakı Beynəlxalq Boks Assosiasiyasının növbədənkənar konqresi keçiriləcək.

Qeyd edək ki, bu məsələ ilə bağlı olaraq aldığımız xəbərlərdə həqiqətən də böyük bir pul sövdələşməsinin olması bildirilirdi. Dünən günün sonuna yaxın BBC-nin rəsmi internet saytı məlumatlar yayaraq bildirirlər ki, araşdırmalar davam edir  və böyük ehtimallarla yaxın günlərdə boks sektorunda müəmmalı pulların verilməsiylə bağlı açıqlamalar olacaq. Onu da əlavə edək ki, Azərbaycanda Olimpiya Komitəsinin rəhbəri postunu Azərbaycan respublikasının prezidenti İlham Əliyev tutur. Ayrı-ayrılıqda nazirlər və komitə sədrləri Azərbaycan bir sıra idman federasiyasının rəhbərləridir. Boks Federasiyasının prezidenti Ağacan Əbiyev isə İdman Akademiyasının rektorudur.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button