“Azərbaycanda insan haqlarını müdafiə edənlər xain yox, qəhrəmandır” VİDEO

Mişel Foster: “Şiddətli təzyiq nəticəsində vətəndaş cəmiyyətinin fəaliyyəti iflic vəziyyətə düşüb”

BMT-nin xüsusi məruzəçisi Mişel Foster Bakıya 9 günlük səfəri və burada hökumət təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri, jurnalistlər və siyasi məhbuslarla keçirdiyi görüşlərdən sonra belə nəticəyə gəlib ki, bu ölkədə vətəndaş cəmiyyəti, hüquq müdafiəçiləri, tənqidçi media ciddi təzyiq və təqiblər altındadır. Bu barədə məruzəçi sentyabrın 21-də BMT-nin Bakıdakı ofisində səfərin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Məbuat konfransında ilkin müşahidə və tövsiyələrini açıqlayan Fosterin ətraflı hesabatı gələn ilin martında BMT-nin Cenevrədəki İnsan Hüquqları Şurasına təqdim olunacaq.

“Azadlıq”a qarşı təzyiqlər…

“Son üç ildə Azərbaycanın vətəndaş cəmiyyəti ölkə müstəqillik qazandığı vaxtdan bəri ən pis vəziyyətə salınıb” deyən xüsusi məruzəçi bildirib ki, onlarla QHT rəhbərləri, bu təşkilatların əməkdaşları və onların ailə üzvləri inzibati və hüquqi təqibə məruz qalıb, əmlakları müsadirə edilib, bank hesabları bağlanıb, ölkədən çıxışlarına qadağa qoyulub.

Azərbaycanda söz və ifadə azadlığı, müstəqil mətbuatın durumunun da ağır olduğunu deyən BMT məruzəçisi qeyd edib ki, yerli və ölkənin qoşulduğu beynəlxalq konvensiyalarda ifadə azadlığı hüququ təmin edilsə də, Azəbaycan media və jurnalistlər üçün lazımi mühitin yaradılmasında çətinlik çəkməkdə davam edir. Foster “Azadlıq” qəzeti, “Meydan TV”, “Azadlıq” radiosuna qarşı təzyiqlərdən də danışıb: “Müstəqil media orqanları tez-tez hədəf seçilir. Tənqidi fikir söylədiklərinə görə, onların lisenziyaları əllərindən alınıb. Məsələn, 2014-cü ilin dekabrında hökumət vətəndaş cəmiyyətinə qarşı təqib kampaniyası çərçivəsində “Azadlıq” radiosunun fəaliyyətini dayandırıb. Eyni ayda “Meydan TV” də yayımını dayandırmağa məcbur edilib. Bu media orqanının həm redaktoru, həm də direktoru xaricə qaçmağa məcbur olub, jurnalistlərinin ölkədən çıxışına qadağa qoyulub. 2014-cü ilin avqustunda saxta xuliqanlıq ittihamı ilə həbs edilən və 5 il azadlıqdan məhrum olunan “Azadlıq” qəzetinin jurnalisti Seymur Həzi ilə də həbsxanada görüşdüm. “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirov bir ay əvvəl Fətullah Gülən barədə kitabları saxlamaq və yaymaq ittihamı ilə həbs olunub. Onun həbsi qəzetin bank hesabının dondurulmasına səbəb olub. 2015-ci ilin sentyabrında araşdırmaçı jurnalist Xədicə İsmayılova barəsində 7 il 6 ay azadlıqdan məhrumetmə hökmü çıxarılıb. O, 2016-cı ilin mayında şərti cəza ilə həbsdən buraxılsa da, beş il ölkədən çıxışına qadağa qoyulub. Bu və ya digər səbəblərdən ölkədən çıxışına qadağa qoyulmuş ən azı, 20 jurnalist və blogger barədə mənə məlumat verilib.

Mənə həmçinin bildirilib ki, tənqidçi və müstəqil media orqanlarına reklam verən özəl şirkətlərə təzyiq edilir. Bu da həmin media orqanlarının maliyyə durumunu pisləşdirib, fəaliyyətini məhdudlaşdırıb”.

“facebook”dakı tənqidlərə görə həbslər

Azərbaycanda məlumat almaq sahəsində çətinliklər olduğunu deyən məruzəçi qeyd edib ki, dövlət orqanı sorğuya cavab vermədikdə məhkəməyə müraciət etmək olar. Amma bu ölkədə məhkəmələr də hakimiyyətin nəzarətindədir: “Həmçinin məlum olub ki, hakimiyyət orqanlarının korrupsiya və digər sui-istifadə halları barədə məlumat verən şəxslər cinayətkarlar tərəfindən cəzalandırılır”.

İnternet-media barədə danışan Foster qeyd edib ki, ölkədə internetə çıxış imkanları genişdir, sosial mediadan istifadə artmaqdadır. Amma internetdə tənqidi fikir bildirdiyinə görə cəzalandırılan, həbs olunanların sayı da artmaqdadır. Məruzəçi misal olaraq, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının “facebook” statuslarına görə həbs olunmasını göstərib: “Fuad Qəhrəmanlı “facebook”da insanlara öz hüquqlarını qorumağa çağırış etdiyinə görə 2015-ci ilin dekabrında həbs olunub”.

Avropa Məhkəməsinin qərarları icra olunmur

Azərbaycanda dinc etiraz hüququnun məhdudlaşdırıldığını vurğulayan BMT təmsilçisi Milli Şuranın 17 sentyabr mitinqi öncəsi və ondan sonra həbs olunanlarla bağlı məsələyə də ətraflı münasibət bildirib. Qeyd edib ki, saxlanılanlardan ibarət 45 nəfərlik siyahını hökumətə də təqdim edib: “Siyahını təhvil vermişəm və məsələyə aydınlıq gətirilməsini səbrsizliklə gözləyirəm”.

Mişel Foster QHT-lərlə bağlı qanunvericiliyə edilən dəyişikliklərdən də danışıb və bu dəyişikliklərin vətəndaş cəmiyyətinin fəaliyyətinə mənfi təsir göstərdiyini vurğulayıb: “QHT-lərin fəaliyyətinin qarşısı effektiv şəkildə alınır. Mənim ilkin müşahidələrim 2014-cü ildən bəri Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq QHT-lərin böyük miqyaslı təqibinə yönəlib. Təqiblərə məruz qalmış QHT rəhbərlərinin ölkədən çıxışına qadağa qoyulub, bank hesabları dondurulub”.

İnsan haqlarının müdafiəsilə məşğul olan vəkillərə qarşı təzyiq və təqiblər də məruzəçinin diqqətindən kənarda qalmayıb. Foster bu sırada İntiqam Əliyev, Əlayif Həsənov, Xalid Bağırov, Aslan İsmayılov, Müzəffər Baxışovun adını çəkib.

Azərbaycanda Avropa Məhkəməsinin qərarlarının icrası sahəsində də problem olduğunu deyən məruzəçi buna misal olaraq, REAL Hərəkatının sədri İlqar Məmmədov barədə qərarı göstərib.

“Onlar Azərbaycanda azad və ədalətli cəmiyyət qurulması naminə dəyişiklikləri təşviq edən insanlardı”

“Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının ölkə müstəqillik qazanandan bəri ən pis vəziyyətlə üzləşdiyinə dair qənaətimi ilkin müşahidələr çərçivəsində Azərbaycan hökumətinə təqdim etdim. Şiddətli təzyiq nəticəsində vətəndaş cəmiyyətinin fəaliyyəti iflic vəziyyətə düşüb. Dövlət rəsmiləri hüquq müdafiəçilərini Qərb dövlətlərinin beşinci kalonu, xarici dövlətlərin casusu kimi təqdim edir. Bunun da nəticəsində vətəndaş cəmiyyəti fəallarının oynadığı rola dair əhali arasında yanlış təsəvvür formalaşdırır. Fundamental azadlıqları təşviq edən, qanun pozuntularını tənqid edən şəxslər hücumlara məruz qalır, damğalanır, maddi maraqlar güdən şəxs kimi təqdim edilir, “xuliqanlıq”, “narkotik”, “çirkli pulların yuyulması”, “dövlətin quruluşunu zorla dəyişdirməyə cəhd” və s. ittihamlarla həbs olunur, məhkum edilir. Gördükləri işi gözdən salmaq məqsədilə hüquq müdafiəçiləri onların şəxsiyyətini ləkələyən kampaniyalara məruz qalırlar, satqınlıqda ittiham olunurlar. Bu gün çatdırmaq istədiyim mesaj budur ki, Azərbaycanda insan haqlarının müdafiəsi ilə məşğul olan insanları xain deyil, qəhrəman kimi qəbul eləmək lazımdır. Onlar Azərbaycanda azad və ədalətli cəmiyyət qurulması naminə dəyişiklikləri təşviq edən insanlardı. Mən onlarla söhbət etdim, təsiredici hekayələrini eşitdim. Onları rədd etmək yox, qəbul etmək lazımdı. Məhz bu səbəbdən mən hökuməti vətəndaş cəmiyyəti təşkilatları ilə körpülər qurmağa çağırıram”.

Foster qeyd edib ki, Azərbaycanda hüquq müdafiəçilərinin vəziyyəti ilə əlaqədar hökumətlə konstruktiv dialoqu davam etdirməyə hazırdır: “Mandatıma hökumətlərə məsləhətlər vermək səlahiyyətinin də daxil olmasını nəzərə alaraq, bu hesabatda əksini tapan tövsiyələrin nəzərdən keçirilməsi və tətbiqi ilə əlaqədar hökumətə tələb olunan texniki yardımı göstərməyə və əməkdaşlıq etməyə də hazıram”.

BMT məruzəçisi hökuməti hüquq müdafiəçilərinə qarşı təzyiqlərdən çəkinməyə, müstəqil medianın, vətəndaş cəmiyyətinin fəaliyyətinə dəstək olmağa çağırıb. Həmçinin beynəlxalq ictimaiyyətə də Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətini səlahiyyətləndirmək, onlara dəstək üçün səyləri artırmağa çağırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button