Azərbaycanda intiharlar ailə faciəsinə çevrilir

Bu il həyatına qəsd edən məktəblilərin sayı 36-ya çatıb

 Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) intiharların daha çox müşahidə olunduğu ölkələrin siyahısını açıqlayıb. Təşkilatın qənaətinə görə, əhalisi Azərbaycandan dəfələrlə az olan Ermənistanda baş verən intihar hadisələrinin sayı ölkəmizə nisbətən 3 dəfə çoxdur. Dünyanın ən çox intihar qeydə alınan ölkələrinin siyahısında Gürcüstan da var: hər yüz min nəfərə 8,8 intihar.

ÜST-nın açıqladığı siyahıya əsasən, postsovet məkanında intihar hallarının çoxluğuna görə Litva (hər 100 min nəfərə 71,7 fakt), Rusiya (64,3 fakt) və Belarus (57,5 fakt) ilk üçlükdə təmsil olunur.

Gürcüstanla müqayisədə Azərbaycanda bu sahədə vəziyyət nisbətən yaxşıdır. Ölkəmizdə hər 100 min nəfərə 1,3 intihar faktı düşür. Ermənistanda isə bu göstərici 3,9-dur.

Dünyada ən az intihar halları Cənubi Afrika Respublikası, İran, Yamayka, Haiti və Hondurasda qeydə alınıb. Qərbi Avropada isə bu sahədə ən yaxşı vəziyyət Avstriya, Danimarka, Almaniya və Norveçdədir.

 ÜST-nın müxtəlif ölkələrlə bağlı intihar faktlarını hansı mənbədən əldə etdiyi məlum deyil. Məsələn, Azərbaycanda heç bir rəsmi qurumda həyatına qəsd edənlərin statistikası aparılmır. Digər tərəfdən, bir çox hallarda intihar olayı «bədbəxt hadisə» kimi qeydə alınır. Bununla belə, orta hesabla hər ay Azərbaycanda 30 intihar faktının baş verdiyi rəsmi mənbələr tərəfindən açıqlanır. Ölkə əhalisinin ən azı 2 milyon nəfərinin müxtəlif səbəblərdən xarici ölkələrdə yaşadığını nəzərə alsaq, hər min nəfərə görə indiki halda mövcud olan özünəqəsd faktlarının da reallığı tam əks etdirmədiyini söyləmək olar.

 Doqquz ayda 14 hərbçi özünə qəsd edib

 Atəşkəs rejimi olmasına baxmayaraq, cəbhə xəttində ermənilərin hədəfinə tuş gəlib həyatını itirən hərbçilərimizin sayı ildən-ilə artır. İstər cəbhə xəttində, istərsə də digər ərazilərdə xidmət edən hərbçilərimizin özlərinə qəsd etməsi faktları da az deyil. 2011-ci ilin ötən 9 ayı ərzində 14 belə fakt qeydə alınıb. Bunlardan üçü (ikisi Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrdə) sentyabrda baş verib.

1. İyunun 19-da Naftalan şəhərində yerləşən hərbi hissənin tağım komandiri, 24 yaşlı baş leytenant, iki uşaq atası Anar Məhərrəmov Şəki şəhərində yaşadığı evdə özünü asıb. O, ailəsilə birlikdə Şəkiyə gələrkən Yevlax rayonu ərazisində Post Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra hərbçi ilə polislər arasında mübahisə baş verib və ailəsinin gözü qarşısında A.Məhərrəmov təhqir olunub. Sonra onu Mingəçevir şəhər polis şöbəsinə aparıblar. Orda da hərbçiyə qarşı aşağılayıcı hərəkətlər ediblər. Təhqir olunmasına dözməyən zabit evinə qayıdandan sonra həyatına qəsd edib.

Azərbaycanda bu cür hadisələrə görə bir qayda olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılır. Milli Ordumuzun gənc zabitinin həyatına qəsd etməsinə səbəbkar olan hansısa polis əməkdaşının məsuliyyətə cəlb olunub-olunmadığı isə məlum deyil.

2. Naxçıvanda yerləşən hərbi hissənin kiçik çavuşu, 19 yaşlı Elvin Əliyev (bu hadisə də iyunda baş verib) əsgər yoldaşı Tofiq Abdullayevi avtomat silahla qətlə yetirdikdən sonra özünü də öldürüb. E.Əliyev Ordubad, T.Abdullayev isə Şərur rayon hərbi komissarlıqlarından hərbi xidmətə çağrılıblarmış.

3. Binəqədi rayon Hərbi Komissarlığından 2010-cu ilin oktyabr ayında əsgərliyə çağırılan 19 yaşlı Nurlan Səfərov yanvar ayında hərbi hissəsində intihar edib. Əsgərin özqnəqəsdinin səbəbləri açıqlanmayıb.

4. İyul ayında Gədəbəy rayonunda yerləşən hərbi hissədə Lənkəran rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 18 yaşlı Sakit Hüseynli öz xidməti silahı ilə intihar edib. Bu intiharın da hansı səbəbdən baş verdiyi məlum deyil.

5. İyulda Lənkərandakı hərbi hissədə qulluq edən Murad Tağıyev (19 yaş) Masallı rayonu ərazisində «Yanardağ»” restoranından 1 kilometr aralıdakı meşəlikdə asılmış vəziyyətdə tapılıb.

6. Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisində yerləşən sərhəd zastavasında xidmət edən mayor Rafiq Əliyev may ayında özünü güllələyib.  Bu intiharın da səbəbi açıqlanmayıb.

7. 2010-cu ilin yanvar ayında Oğuz rayon Hərbi Komissarlığında həqiqi hərbi xidmətə çağırılan Orxan Məmmədov özünü asıb. 20 yaşlı əsgərin ordu sıralarından tərxis olunmasına üç ay qalırmış.

8. 27 yaşlı gizir Azər Əsgərov mart ayında «Makarov»” markalı tabel silahı ilə Sumqayıt şəhəri ərazisində yerləşən «Quba»” kafesində Salyan rayon sakini, 1989-cu il təvəllüdlü Firuzə Əsədovanı qətlə yetirib, sonra atəş açaraq özünə qəsd edib. Bildirildiyinə görə, aralarında qeyri-rəsmi münasibətlər olub. Hadisədən bir neçə gün əvvəl F.Əsədova kafedə ofisiant kimi işə düzəlibmiş. A.Əsgərov bunu özünə sığışdırmayıb, kafeyə gəlib və orada hadisəni törədib.

9. Sentyabr ayında Şəmkir rayonundakı hərbi hissəsində Şəki rayon Hərbi Komissarlığından xidmətə çağırılan 18 yaşlı Bəxtiyar İbrahimov xidməti silahı ilə özünü öldürüb.

10. Sentyabrda İsmayıllı rayon Hərbi Komissarlığından orduya çağırılan 18 yaşlı İxtiyar Mürsəliyev də xidməti silahı ilə həyatına qəsd edib və s.

Zabitin iki tükürpədici intihar cəhdi

 Bəzi intihara cəhdlərdi də sıralayaq:

1. Naxçıvandakı  hərbi hissənin tibb xidməti rəisi, kapitan Ceyhun Zahidov intihar etmək məqsədilə sentyabrın sonlarında qollarını doğrayıb. Bir müddət Naxçıvanda müalicə alan C.Zahidov yenidən həyatına qəsd etmək niyyətilə bu dəfə qollarını qaynanmış suya salıb. Onun vəziyyəti bu dəfə daha ağır olduğundan Bakıdakı hərbi hospitala gətirilib.

2. Qazax rayonundakı hərbi hissəsinin əsgəri Fikrət Hümbətov avtomat silahdan çənəsinin altını nişan alaraq atəş açıb. Bu intihara cəhd iyun ayında baş verib.

3. May ayında hərbi hissəsinin qulluqçusu Şəhriyar İmanlı özünü maşından atıb. Özünə qəsd etmək istəyən əsgərin hadisə zamanı boynu sınıb və digər ağır xəsarətlər alıb.

4. Cəbrayıl rayonundan əsgərliyə çağırılan 18 yaşlı Ramin Quliyev Qazax rayonundakı hərbi hissədə tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində (yanvar ayında) özünü yaralayıb.

5. Mart ayında Şəmkir hərbi birləşməsinin bölmə rəisi, polkovnik-leytenant Azər Hüseynov ülgüclə boğazını kəsib. O, hərbi birləşmədə 7 nəfər əsgərin öldürülməsi hadisəsindən sonra işdən çıxarılmışdı və bu dəhşətli olayın cavabdeh şəxslərindən biri hesab olunurdu.

 7 yaşlı uşaq və 17 yaşlı yeniyetmə niyə intihar edir?

 Rəsmi mənbələrin məlumatına görə, sentyabr ayında Azərbaycanda 38 nəfər intihar edib. Beləliklə, ilin doqquz ayı ərzində həyatına qəsd edənlərin sayı 332 nəfərə çatıb. Ötən ay intihar edənlərin 5-i məktəbli və yeniyetmə (doqquz ayda 36 nəfər) bu və ya digər şəraitdə özünü öldürüb. Şabran rayonunda 17 yaşlı Ceyran Məmmədovanın özünə qəsdinin səbəbi kimi ali məktəbə qəbul oluna bilməməsi göstərilib. Gədəbəy rayonu, Emir kənd sakini, 13 yaşlı Azər Haqverdiyevin özünü evlərinin yaxınlığındaki meşə zolağında asmasının səbəbi açıqlanmayıb. Sabunçu rayonu, Maştağa qəsəbəsində 7 yaşlı Sübhan Səfərovun intiharı isə daha çox təəccüb doğurub. Goranboy rayonu, Zeyvə kəndində 17 yaşlı Nərgiz Quliyevanın özünü asması və Suraxanı rayonu, Hövsan qəsəbəsində 14 yaşlı Kəsirə Əliyevanın özünü 9 mərtəbəli binanın damından atmasının da səbəbləri bəlli deyil.

 İki qardaş, ata və oğul, ər və arvad eyni vaxtda özlərinə qəsd ediblər

 Ötən ayın ən dəhşətli intihar hadisəsi yəqin ki, Siyəzən rayonunda nişanlı gənclərin eyni zamanda həyatlarına qəsd etməsidir. Rayonun Kəndəhar kənd sakini, 27 yaşlı Feyruz Quliyev və nişanlısı Vüsalə Əmiraslanova (23 yaş) özlərini asıblar. Gənclərin yaxın vaxtlarda toyları olacaqmış.

Ümumiyyətlə, ötən 9 ay ərzində ailə faciəsinə səbəb olan bir neçə intihar olayı baş verib. Məsələn, yanvar ayında Lənkəran rayonunun Ləj kənd sakini, 35 yaşlı Rəfi Qasımov özünü öldürüb. Bundan üç gün əvvəl isə Rəfinin özündən on yaş böyük qardaşı Mirzəli Qasımov intihar edibmiş. Rəsmi mənbələrin məlumatında bildirilirdi ki, böyük qardaş xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə özünü asıb. R.Qasımov isə qardaşının yoxluğuna dözmədiyindən bu yola əl atıbmış. Qeyd edək ki, M.Qasımovun 3, R.Qasımovun 4 uşağı atasız qalıblar.

Lənkəranda daha bir ailə faciəsinə çevrilən intihar may ayında qeydə alınıb.  Şəhər sakini, narkotik vasitə aludəçisi olduğu bildirilən 45 yaşlı İlham Bayramov özünü asıb. Hadisə ailədə şok yaradıb və atasının intiharından xəbər tutan 17 yaşlı oğlu Fariz ülgüclə damarlarını doğrayıb. Çoxlu qan itirməsinə baxmayaraq, xəstəxanaya çatdırılan yeniyetmənin sonrakı taleyi haqda məlumat verilməyib.

İmişli rayonundakı bir intihar olayı da ailə dramına səbəb olub. Mart ayında həmyaşıd olan ər-arvad (37 yaş) Səbinə və Teymur Qurbanovlar heyvanlar üçün istifadə olunan «krialin»” məhlulu içərək özlərini zəhərləyiblər.

Doqquz ayda Bakıdan sonra ən çox intihar hadisəsi Şimal bölgəsində baş verib. Həmin müddətdə 36 nəfər özünü öldürüb ki, bunun da 7-si sentyabrda qeydə alınıb.

Bütün baş verən intihar hadisələrinə bir jurnalist kimi izah vermək istəməzdik. Biz sadəcə statistikanı təqdim etdik ki, sosioloqlar, hüquq-mühafizə orqanları dəhşətlərin sıralanmasını görsünlər. Gerisi mütəxəsislərin işidir.

Ancaq dəqiqdir ki, səbəblər aydınlaşmadıqca, intiharların da sayı artacaq…

Azər Hüseynbala

 

“Xural” qəzeti,

il 9, sayı: 061 (471), 16 oktyabr 2011

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button