Azərbaycanda məsuliyyətli müxalifət varmı?

Fazil Mustafa

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri

Məsuliyyətli və mehriban olaq!

ATƏT-in siyasi partiyalarla keçirəcəyi tədbirə dəvət alanda düşündüm ki, iqtidar partiyalarına mənsub siyasətçilərlə dağınıq müxalifət cinahının siyasətçiləri arasında partiyaların cəmiyyətdə rolunu necə gücləndirmək mövzusunda maraqlı bir müzakirə aparılacaq. Hər halda, bu müzakirələrin başlaması, iqtidar təmsilçilərinin cəmiyyətin siyasi qüvvələri arasında dialoqa maraqlı olması günümüzün ən vacib tələblərindən biri sayıla bilər. İnanın ki, siyasi qüvvələr arasında bir uzlaşma, etimad mühiti yaranarsa, kimsənin yollarda yürüməsinə də gərək qalmayacaq. Özünü güclü hesab edən iqtidarlar heç vaxt müzakirə formatından imtina etməzlər. İndiyədək bunun baş tutmamasının səbəbi yenə də iqtidarın öz gücünə güvənsizliyindən qaynaqlanmaqdadır. Əks halda, bu dialoqun təşəbbüskarı ATƏT deyil, iqtidarın özü olmalıydı.

İqtidarın bu hərəkətsizliyindən pəjmürdə olmuşdum ki, elektron saytlarda ölkənin nisbətən ağıllı kəsimi saydığım qəzetçilərin bir qrupunun müzakirə etdiyi mövzuya diqqət edib bir az sakitləşdim. Məgər ki, rasional addımların yetərsizliyi yalnız iqtidara aid deyilmiş… Müzakirə mövzusu seçiblər: “Parlamentdə həqiqi müxalifət varmı?” Maraqlı sual qoyulub, doğrumu? Lap kolbasanın halal olub-olmaması məsələsi kimi… Bəlkə azacıq irəli gedib yeni bir qarşılıqlı mövzu təklif etmək daha çox yerinə düşərdi: Ölkədə həqiqi jurnalist varmı? Ölkədə həqiqi həkim varmı? Həqiqi müəllim, diplomat, bürokrat varmı? Həqiqi hüquq varmı? Sualın davamının sualın qoyuluşu qədər mənasız olması ilə yəqin ki, çoxunuz razılaşarsınız.

Müxalifətlə bağlı hissəsinə bir qədər sonra cavab verəcəyəm, ancaq ikinci suala cavab vermək həqiqətən müşküldür. Ölkədə qəzetlərin əksəriyyətinin iqtidar tərəfindən açıq və ya dolayı yolla maliyyələşdirildiyi kimsəyə sirr deyil. Elektron media da o cümlədən. Heç iqtidarla əlaqəsi olmasın, maliyyə verən mənbələrin hansına baxsanız, sözün mütləq mənasında üzərində “Halal” sertifikatı görə bilməyəcəksiniz. Əslində, ölkəmizdə həqiqi müxalifət yarlığını daşıyan heç bir qəzetin və qəzetçinin olmadığı düşüncəsindəyəm. Ancaq danılmazdır ki, müxalif fikrin daşıyıcısı olan qəzetlər və qəzetçilər var. Habelə “Xural” kimi, “Reytinq” kimi, bəlkə də adını xatırlamadığım bir neçə partizan qəzetlər var. Partizanları da nizami və ya yuxarıdan nizamlanan mətbuat ordusu bir-bir dənləyib sıradan çıxarır. Müxalifət adlanan qəzetlər məmurların bir-birindən kompromatlarının ödənişi hesabına yaşaya bilirlər. Həm xaricdən maliyyələşən, həm də kompromat maliyyədən yararlanan tək qabiliyyətli qəzet isə “Azadlıq” sayılır. İndi bütün bu qəzetlərin, orada və başqa elektron mediada çalışan qəzetçilərin həqiqi olduğunu kimsə sübut edə bilərmi? Ümumiyyətlə, özəl sektorun müstəqil olmadığı, təşəbbüs imkanının yoxa çıxdığı, öz iqtisadi fəaliyyəti üçün qərar ala bilmədiyi bir ölkədə hər şey dövlətdən asılı olduğu kimi, mətbuat və qəzetçilər də bu vəziyyətdədir. Ona görə də “həqiqi müxalifət” ifadəsi qüsurludur, yanlışdır, məntiqsizdir.

Ümumiyyətlə, bir az da dərinə getsək, dünyada heç həqiqi dövlət də yoxdur. Deyəsən, bir az ABŞ özünü həqiqi dövlət hesab edir. Bəs onun müxalifləri kimdir? Rusiya, Çin, Kuba, Venesuela, İran… Bunlar ABŞ-ı İraqdan, Əfqanıstandan çıxara bilirmi? Bunlar ABŞ-dan yönləndirilən sosial şəbəkələri bağlaya bilirmi? Guya ki, ABŞ-a qarşı radikal müxalifətdirlər. Azərbaycan isə ABŞ-a qarşı yumşaq müxalifətdədir. Qarabağı Rusiya alıb verib ermənilərə, biz isə Qəbələ RLS-i vermişik Rusiyaya ki, necə bilirsən istifadə elə. Gürcüstan bir az radikal müxalifətçilik etmək istədi – Osetiyanı da, Abxaziyanı da əlindən alıb atdılar kənara. O da dönüb oldu yumşaq müxalifət. ABŞ ermənilərə hər cür yardım etdi, 907-ci düzəlişi uzun illər saxladı. Bütün bu düşməncəsinə hərəkətlər gərəkdirirdi ki, Azərbaycan həm Rusiyaya, həm də ABŞ-a qarşı radikal müxalifətdə olsun. Bəs nədən yumşaq, konstruktiv müxalifətçilik edir? Çünki razı deyil, amma gücsüz olduğuna görə onlarla hesablaşır. İran nə qədər hündürdən danışsa da, İsrail Qəzzanı bombalayanda niyə qınından çıxıb köməyə getmədi? Çünki radikallıq öz toplumuna görüntü üçün lazımdır. Hələ o boyda Çin niyə getdi Amerikanın ayağına?

Yaxud da Azərbaycanda həqiqi ədəbiyyat və ya həqiqi yazar varmı? Açın bunun müzakirəsini. Gənc yazarların əsərlərini izlədiyimə görə ötən günlərdə Seymur XXX (… – Avropanın bəzi ölkələrində bu üç X-ə yaxşı baxılır) adlı birisinin yeni ədəbiyyat adına sırınan romanını oxumaq istədim. Adam rəsmən ayaqyolunda yaşadığı və həzz aldığı həyat epizodlarını ədəbiyyata gətirmiş. Bunun harası yeni ədəbiyyat oldu? Ədəbli oxucular bağışlasın məni – bu, yeni yox, birbaşa ayaqyolu ədəbiyyatıdır. Böyük türk şairi Mehmet Akif ədəbiyyatla “ədəb” sözü arasında əlaqəyə diqqət çəkərək, ədəbsizliyin başladığı yerdə ədəbiyyatın bitdiyini ifadə edirdi. Belə ağırlıqdakı suallara jurnalist dostlarımız əlbət ki, bir gün doğru cavab tapacaqlar.

Günün haşiyəsini də elə buradan çıxarmaq istərdim: Vaxtilə hakimiyyətlə bağlı ən sərt və nifrət dolu yazıların müəllifi olmuşam. Həm də barışmaz davranışların. Cəbhə hakimiyyəti dövründə mərhum Heydər Əliyevə qarşı da ən barışmaz mövqedə olmuşam və sonradan Xalq Cəbhəsi rəhbərliyində olarkən iqtidarla hansısa açıq və ya gizli təmasa baş vurmamışam. Üstəlik, bu cür təmasda olanları da öz cəbhədaşlarıma xəyanət edənlər kimi qiymətləndirmişəm. Halbuki bizimlə eyni vaxtda Xalq Cəbhəsinin ən yüksək vəzifəsində olan şəxs, həm də bu gün bəzi əbləhlərin lider olaraq gördüyü şəxs Əbülfəz bəyə və bizlərə heç nə demədən başına kepkasını basıb gizli şəkildə ara-sıra prezidentin köməkçisi Eldar Namazovun vasitəsilə Heydər Əliyevlə görüşürdü və əslində, doğru deyirlər ki, 1995-ci ildən sonra Xalq Cəbhəsini Heydər Əliyevin təlimatları idarə edirdi. Əbülfəz bəyin mövqeyinin zəifləməsinə qarşı Cəbhə içindəki məlum qrupun hücumlarının səbəbini yəqin indi yaxşı anlarsınız. Ona görə də Heydər Əliyev vəfat edənə qədər Müsavata parlamentdə heç bir təmsilçilik verilmədi, Xalq Cəbhəsinin isə 1 faizlik səsi 8 faizə qaldırıldı. Üstəlik, bizlər həmin zaman hakimiyyətin pulları ilə bəslənən 8-10 mühafizəçinin arasından keçib Xalq Cəbhəsinin həmin möhtərəm zatının qəbuluna belə düşə bilmirdik. Qoyunları mişarın altına daşıyan sallaqxana keçilərinin tarixini öyrənməyə buradan başlayın, fədakar və sadəlövh cəbhəçilər, müsavatçılar, hərəkatçılar!

Son vaxtlar keçmiş yazılarıma istinad edənlər hələ də anlamaqdan uzaqdırlar ki, əvvəllər nə yazmışamsa, hamısını kitablarımda dərc etmişəm və onların hamısı mənim o zamankı səmimi mövqeyimdir. Oradakı fikirlərin, münasibətlərin bir qisminə yönəlik indi fərqli mövqedə olsam da, bu gün də, bundan sonra da hər bir cümləmin sahibiyəm. O cümlədən otuz ili aşan siyasi fəaliyyət yolumun yanlışlı-doğrulu hər addımının sahibiyəm. Mən o zaman da mövqe saxtakarlığı etmədim, indi də mövqe saxtakarlığı etmirəm. Bu gün nəinki dünyagörüşüm dəyişib, siyasətə və siyasətçinin missiyasına baxışım da kökündən dəyişib. Bu isə problemlərə, proseslərə, iqtidara, müxalifətə, hətta tariximizə, gələcəyimizə, tarixi şəxsiyyətlərə fərqli bir yanaşma ortaya qoymağımın əsas səbəbidir. Bu gün siyasət bizimçün ideoloji görüşlərimizin qalib gəlməsi naminə savaş vasitəsi deyil, Azərbaycan insanına real şərtlərdə xidmət sahəsidir. Ona görə də heç vaxt döşünə döyən hansısa siyasətçi ilə, jurnalistlə debatlardan qaçmıram və bir çox hallarda özüm mübahisəyə çəkirəm. Ona görə yox ki, özümə qarşı münasibəti dəyişmək istəyirəm. Ona görə ki, Azərbaycanın, onun ayrıca insanının gələcəyinin necə olması barədə realist təsəvvürlərə sahibəm. Öncələr Turandan danışırdım, indi Azərbaycan dövlətinin gələcəyinin riskə soxulmasını istəmirəm. Əvvəllər Dərbəndin itirilməsi ilə barışmırdım, indi hansısa qarışıqlıqda Qarabağdan bu tərəfə olan daha başqa ərazilərin itirilməsi ehtimalının rahatsızlığı içindəyəm. Qan tökülməsini istəmirəm. Yalnız islahat yolu ilə ölkənin dəyişməsini, demokratikləşməsini, iqtidarların bir-birini dinc yolla əvəzləməsini, hakimiyyət uğrunda mübarizənin indiki kimi ölüm-dirim məsələsinə çevrilməməsini istəyirəm. Qisasçılığın sona çatmasını istəyirəm.

Ötən həftə Azərbaycanın tanınmış yerli bolşeviklərindən Çobanoğlu yoldaşın Azərbaycan Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin Bolşevik İctimai Palatasının Koordinasiya Mərkəzinə yazdığı məktub narahatlığımın əsassız olmadığının sübutu deyilmi? Bir bolşevik o biri bolşevik güruhunun onun barəsində ədalətsizliyindən yakınmaqdadır. Ortada ölü yox, hərə bir tərəfdən kəfəni tartaxlayır. Durumunuz budursa, cəmiyyəti hara çağırırsınız? İnkarla, təhqirlə, çamurla üzləşməyən kimsə qaldımı? İqtidar mediasının müxalifət liderlərinə qarşı hörmətsiz, təhqiredici münasibətini qınayırıq və kimsə buna haqq qazandıra bilməz. Bəs siz özünüz? Hər cür fədakarlıq edən Lalə xanıma “Madam” ləqəbi qoşub agent çıxardınız. İsa Qəmbəri Rusiyada, İranda bağlamadığınız adam qalmadı. Əli Əliyevi iqtidarın şinelinə soxdunuz. Mətbuat ruporunuz olan Arifoğlunu iqtidarın yazarı elan etdiniz. Sonunda da beş il Milli Məclisdə sizin adınızdan dava-qırğına çıxan Pənah Hüseynə də “Mamedov” ləqəbi yapışdırıb onu da agentlər sırasına qoşdunuz. Üzədurma, inkarçılıq – budurmu radikal müxalifətçilik? Hakimiyyətə qarşı mübarizə taktikasını hazırlamaq yerinə illərdir bir-birini qoxulayıb agent iyləməsi yapırlar.

Müxalifətin güclü olduğu ölkələrin iqtidarları da güclü sayılır. Bu gün əslində zəif deyə aşağıladığı müxalifətlə dialoq aparmaq istəməyən iqtidar da əslində öz zəifliyini bu cür büruzə verir.

“Halal”, “həqiqi”, “real”, “demokratik müxalifət” tanıtımlarını bir qırağa qoyun. Təklif etdiyimiz daha dəqiq tanıtım bu olardı: məsuliyyətli müxalifət və məsuliyyətsiz müxalifət! Müzakirəni də bəlkə bu yöndə aparasınız: Azərbaycanda məsuliyyətli müxalifət varmı?

Müxalifət qışqırıqçılıq deyil. Hakimiyyətin qarşısında durub çığırmaq da deyil. Qəzet səhifələrindən artilleriya atəşinə tutmaq da deyil. Bunu bütün narazılar ayrı-ayrılıqda da ifadə edə bilərlər.

Müxalifət hər şeydən öncə aydın, anlaşılan fikrə sahib olmaqdır. Fikri olmayanların hərəkətləri atına bağlanaraq yolları dolanan Başsız atlının macərasını xatırladır.

Müxalifət həm də öz siyasət fəlsəfəsinə sahib olmaqdır. Bütün insanlar, vətəndaşlar bu və ya digər dərəcədə yaşayışlarından narazıdırlar. O insanların əksəriyyəti də həyat şərtlərində dəyişiklik istəyirlər. Hüququn işləmədiyi cəmiyyətlərdə varlılar varını qoruya, yoxsullar qarnını doyura bilmir. Siyasi müxalifətin rolu bu dəyişikliyin mümkün yollarını tapıb narazıları inandırmaq və ağlını doğru istifadə edərək hakimiyyətə gəlməkdir. Bizdə isə bu yarlığı yaxasından asanlar hələ də iki fövqəltəbii halı gözləyirlər – Birinci, xalq qalxıb öz sözünü deyəcək. İkinci, Amerika demokratiya ixrac edəcək. Hər ikisində də məlum uşaq havası:

Şaxta baba Şaxtacan,
Hardasan bu vaxtacan?

Xalqı da, Amerikanı da öz başına buraxın, özünüz nə edəcəksiniz sualını aydın şəkildə önünə düşdüyünüz insanlar üçün cavablandırın!

Bu gün Azərbaycanda islahatçı iqtidara ehtiyac olduğu qədər həm də məsuliyyətli müxalifətə ehtiyac var. Hələ ki, iqtidarda durğunluğu sevənlər üstündürlərsə, müxalifətdə də populist və məsuliyyətsizlər afişalardan boy verir.

Sevərək oxuduğum rus filosofu Berdyayev deyirdi ki, siyasətdə heç nəyi prinsip xatirinə avtomatik təkrarlamaq olmaz. Bir tarixi anda doğru olan, digər tarixi anda yanlış ola bilər. Bugünkü tarixi anı da 90-cı illərin başlarındakı ehkamlara dayanaraq qiymətləndirməyək. Demirəm ki, totalitar formada bir könül, bir də can olaq. Sadəcə, məsuliyyətli və daha da mehriban olaq!

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button