Azərbaycanda qeyri-ərəb variantı baş verəcək

Qənimət Zahid

Bizim ölkəmiz neqativlərin qaranlığı ilə yox, pozitivlərin işığı ilə nəfəs alır

Ərəb inqilabları başlayandan bəri Azərbaycanın neqativləri ictimai müzakirələrə daha intensiv şəkildə çıxarılıb. Əlbəttə, Azərbaycan Ərəbistan deyil. Ərəb ölkələrində çaxnaşma yaradan səbəblər və amillər Azərbaycana avtomatik şəkildə tətbiq edilə bilməz. Hərçənd, həmin səbəblərin hamısı bu və ya digər şəkildə Azərbaycan vətəndaşlarının da həyatını cəhənnəmə çevirmiş faktordur. Sadəcə, ərəb inqilabları bizim ölkənin vətəndaşlarını düzgün olmayan siyasətin tənqidinin mümkünlüyünə inandıra bilib.
“Burda düzgün olmayan nə var ki” sualı isə nəhəng polemikaların mənbəyi ola bilər.
Sıralamadan, əhəmiyyət dərəcəsi üzrə qruplaşdırmadan bütün cəmiyyətin zəhləsini tökən neqativləri hər kəs bilir.
Bakı şəhəri “Avroviziya” öncəsi savaş meydanıdır. İstisnasız olaraq bütün küçələr və meydanlar barrikada qurulmuş kimi qazılıb-tökülüb. Sonuncu məqsəd şəhərdə abadlıq işləri görmək, birinci məqsəd isə büdcə vəsaitlərini talamaqdır.
“Regionların inkişafı” adlanan proyektin birinci məqsədi büdcə vəsaitlərini talamaq, ikinci məqsədi Heydər Əliyevin xatirəsini kənd rayonlarında əbədiləşdirmək, daha sonrakı məqsədlər isə heçlikdir.
Təhsil sektorunda möhtəşəm bir yenilik əmələ gəlib. Artıq yalnız orta məktəblər deyil, ali məktəb tələbələri də repetitor yanına gedirlər. Repetitor xidmətinə baş vuran tələbələr belə hesab edirlər ki, ali məktəbdə verilən təhsil ciddi elmi fəaliyyətə başlamaq üçün sıfır dərəcədə gərəklidir.
Hətta milli valyutanın da zibili çıxdı. Məlum oldu ki, pulun çap edilməsi də rüşvət üzərində seçilən icraçıya həvalə edilirmiş.
Azərbaycanda rüşvətsiz heç bir işə yapışmağın mümkün olmadığı bəlli idi. İndi coğrafiya genişlənib. Azərbaycan üzərindən dünyaya yayılan əməliyyat xətlərinin hər birinin bir ucu rüşvətə bağlıdır. Hətta siyasi əlaqələrin belə rüşvət üzərində qurulması Azərbaycanın beynəlxalq imicinə orijinal çalarlar gətirib.
Azərbaycanda düzgün olan heç nə yoxdu, qalmayıb. Haramxorluq cəmiyyətin lap aşağı qatlarına qədər mövcudluq normasına çevrilib. Çünki bu, idarəetmənin təlqin etdiyi, zəruriləşdirdiyi normadır.
Amma Azərbaycan hansısa ərəb ölkəsi deyil. Ərəb ölkələrində tüğyan edən haramxorluğun və sosial ədalətsizliyin Azərbaycanda bir qat daha sərt olduğu da hər kəsə bəllidir. Biz Avropa yaxasında yaşayan millətik. Bizim cəmiyyəti təlatümə gətirə biləcək səbəb haramxorluğun dərin-dərin qatlarında deyil, bəlkə də. Sosial zülmün dərinləşməsi də inqilaba-filana gətirib çıxarmaya bilər. Bizim cəmiyyəti neqativlər yox, pozitivlər çalxalaya bilər. Pozitivlər isə, hələlik, azdır.
Pozitiv olan mübarizə nümunəsi deməkdir.
Ziyalıların başladığı yeni dalğanın davamı kimi pozitivlər. Haqqı pozulan iş adamlarının, insan yerinə qoyulmayan, sadəcə rüşvət mexanizminin elementi kimi qəbul edilən dövlət məmurlarının, səfalət həddinə çatdırılmış həkimlərin və müəllimlərin, ali məktəblərdə duyğularına qədər dustaq edilmiş tələbələrin… yarada biləcəyi pozitivlər Azərbaycan cəmiyyətinin simasını dəyişə bilər.
Bizim cəmiyyət pozitivlərin istiqamətlənə, cəmləşə biləcəyi mərkəzlərdən məhrum deyil. Uzun illər ərzində əzmini-iradəsini səfərbər edərək həyatı və sağlamlığı hesabına bu mərkəzləri qoruyub saxlayan insanlar var: mətbuatda, siyasətdə, hüquq-müdafiəsi sektorunda – hər yerdə.
Hətta ən ucqar kəndlərdə belə avtoritarizmin caynaqlarını qıra-qıra yaşayan insanlar mövcuddur.
Azərbaycan bir ərəb ölkəsi deyil. Amma Azərbaycanın bir qrup haramxorun istilasına əbədi olaraq boyun əyəcəyini düşünənlər çox səhv edirlər. Bu boyunduruğun qırılıb atılacağı günə lap az qalır…

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button