Azərbaycandan Kanadaya otbiçən maşının içində narkotik göndərmək istədilər- VİDEO

Azərbaycandan Kanadaya göndərilən, içində otbiçən maşın olan karton bağlamada narkotik vasitə aşkarlanıb. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunun Bakı Karqo Terminalında kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük nəzarəti zamanı xidməti it sözügedən poçt bağlamasına reaksiya verib.

Bağlamaya rentgen qurğusunda baxış zamanı isə monitorda şübhəli təsvirlər müşahidə olunub. Daha sonra karton qutudan ibarət həmin poçt bağlaması açılıb və qutuda 1 ədəd otbiçən maşın olduğu müəyyən edilib.

Lakin otbiçən maşının mühərrikinin qapağının boltları açıldıqda, mühərrikin həmin hissədəki boşluğunda narkotik vasitə olan tiryək aşkarlanıb. Bundan başqa, otbiçən maşının mühərrikinin dəmir korpusunun boltları açıldıqda, korpusun qapağının altında və mühərrikin içəri tərəfindəki boşluqda da eyni narkotik vasitə aşkar olunub. Aşkara çıxarılan həmin maddələrin ümumi çəkisi 2 831 qram təşkil edib.

Gömrük əməkdaşları tərəfindən poçt bağlamasının sahibi də müəyyən olunub və həmin şəxsin istifadəsində olan “Azsamand” markalı avtomobilə baxış zamanı maşının salonunda 2 ədəd bükümdə, ümumi çəkisi 5 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button