Azərbaycanı Qabonla nə bağlayır?

Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyasının sədri

Mərkəzi Afrikada Qabon adlı respublikada prezident seçkiləri keçirilir. Euronews-un yaydığı məlumata görə ölkə çox ciddi böhran dönəmini yaşayır. Ötən həftənin cümə günü BMT Baş katibi Pan Gi Mun mübarizə aparan tərəflərə təmkinli olmaqla bağlı çağırış edib. Maraqlıdır ki, Atlantika sahillərində qul ticarətinin əsas məntəqələrindən sayılan, fransızların bir neçə əsr istismar etdiyi, məşhur piqmey tayfalarının torpaqları sayılan Qabonu Odlar yurdu, mədəniyyətlərdən birinin beşiyi, xeyli sayda imperiya yaratmış, şərəfli Türk dünyasının bir parçası Azərbaycanla nə birləşdirir? Yalnız Fransa ilə yaxınlıqmı?
Keçmiş Fransa müstəmləkəsinin maraqlı siyasi tarixi vardır. 1960-cı ildə müstəqillik əldə etmiş bu dövlətin siyasi taleyi 3 prezidentlə bağlı olub. 1961-ci ildən bu posta gəlmiş ilk prezident Leon Mba 1964-cü ildə solçu partiyanın lideri Obamenin rəhbərliyi ilə təşkil etdiyi hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılır. Müstəmləkə keçmişli belə dövlətlərin əksəriyyətində olduğu kimi, Fransanın kiçik hərbi kontingentinin müdaxiləsi ilə üsyankar siyasi qüvvə taxtdan kənarlaşdırılır. Dərhal rəsmi Parisin maraqlarını təmin edən Mba iqtidarda bərpa etdirilir.
1967-ci ildə Mbanın vəfatından sonra Fransanın qeyri-rəsmi dominiantı Qabonun siyasi rəhbərliyinə 32 yaşlı Alber Bernar Bonqo (1973-cü ildə islamı qəbul edən prezident adını dəyişərək əl Həcc Ömər Bonqo olur) gətirilir. Fransızların namizədi nüfuzlu yerli tayfa rəhbərinin oğlu idi. Parisin siyasi vəliəhdi prezidentliyə oturdulana qədər 1964-cü ildən müxtəlif dövlət postlarında hazırlıq da keçmişdir. Müdafiə və təhlükəsizlik nazirlərinin vəzifələrini icra etdikdən sonra, informasiya və turizm nazirliklərinin də spesifikasını sınaqdan keçirib. Son məşq alanı vitse prezident postu olub.
Ali kürsüyə əyləşdikdən 1 il sonra ölkədə de-yure təkpartiyalı sistemi bərqərar, özünü də mövcud yeganə təşkilatın lideri təyin edib. Ölkədə sabitlik əldə olunması üçün hökümətin strukturunu şişirdərək, nüfuzlu tayfaların ağsaqqallarını nazir postlarına əyləşdirib. Hakimi mütləq 1991-ci ildən çoxpartiyalı sistemin mümkünlüyünə referendumdan sonra icazə verib.
38 il Qabona rəhbərlikdən sonra Bonqo 2005-ci ildə 80% səslə növbəti dəfə prezident seçilir. Lakin 2009-cu ildə ispan klinikalarının birində vəfatından sonra, Qara qitənin mərkəzində yerləşən dövlətin başına Bonqonun oğlu Əli Bonqo Ondimba keçir.
Göründüyü kimi, prezident seçkilərində Bonqo ailəsi növbəti dəfə iddia nümayiş etdirir. Ötən seçkilərdən sonra ölkə xaosa girdiyindən, bu dəfə BMT hadisələrin təkrar olunmamasına maraq göstərir.
Bir neçə kəlmə də idarəçilik xüsusiyyətlərindən. Piqmeylərin vətəni sayılan Qabonda 2003-cü il konstitusiya islahatlarından sonra 7 illiyə seçilən prezident üçün dönəm senzi aradan qaldırılıb. Yəni Bonqolar istədikləri qədər seçkilərə qatıla bilərlər. Prezident Baş naziri təyin edib istefaya göndərə bilir, Ali məhkəmənin rəhbərini və bütün hakimləri eyni aqibətə məruz qoya bilir. Xətri istəsə, Parlamenti qovmaq da qanunlarla prezident səlahiyyətləri sırasında təsbit edilib. Qanunların qüvvədən salınması və referendum təyin etmək də prezident imkanlarına aiddir.
Bütün dediklərimi daha yaxşı anlamaq üçün bu reportaja baxmanızı tövsiyə edirəm (http://ru.euronews.com/…/gabon-on-edge-ahead-of-official-el…). Blokdan aydın olur ki, rəqibləri oğul Bonqonu seçki saxtakarlığında, neft pullarının mənimsənilməsində, dələduzluqda və digər qanunsuz əməllərdə ittiham edirlər.
Bənzərliklərin çeşidini müəyyən etməyi oxucunun ixtiyarına buraxıram. 26 sentyabr referendumundan sonra, bu 2 ölkənin Ana Yasası çox yaxın olacaq. Hakimiyyət sahiblərinin səlahiyyətləri simmetrik hala gələcək. Unutmayaq ki, Azərbaycan iqtidarları da Fransaya xüsusi münasibətlə seçilirlər. Bir neçə seçkidən sonra prezidentlər ilk səfərlərini məhz Parisə etmişdilər. Bəlkə də Qabon qanunvericiliyinə uyğunlaşmağımızın və oxşar siyasi taleyimizin arxasında Paris “sevgi”miz durur? Yoxsa müasir dünyada millətlərin istismar ssenarisinin eyniliyi bizi piqmeylərlə siamlaşdırır? Dəqiq söyləyə bilmərəm, lakin oxşar olduğumuz çox aydındır.
Bütün bu hadisələr ən azı son 50 ildə Fransanın nəzarəti altında baş verir. Təbii ehtiyatlarla zəngin Qabonda vaqe olanlar avropalıların bilavasitə maraqlarına xidmət edir. Çünki onları maraqlandıran xalqların yaxşı yaşaması deyil, yaxşı talanmasıdır. Ona görə heç kəsə inanmadan, imdad ummadan Millət və Vətəndaş olmaq lazımdır.
Əgər Qabonda baş verənlərlə başqa paralelləri sezdizsə, dünyadakı qlobal oyunların mahiyyətini gördünüz. Bu səbəbdəndir ki, zəngin Azərbaycanda törədilənlərə dünya göz yumur. Yumacaq da. Çünki hər Millət öz taleyinə sahib çıxmalıdır. Biz isə özümüzdən başqa hamını xilaskar görmək istəyirik. Azadlıq və ədalətli cəmiyyət verilmir, alınır və bərqərar edilir. Özü də başqa yerdə deyil, siyasət meydanında.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button