Azərbaycanı talayanları müdafiə edə bilmərəm

cahit kılıçCahit Kılıç: “…dostlarıma “mən ədəbiyyata, xüsusilə də şeirə və sizlərə xəyanət etdim” dedim”

“Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin aralarındakı anlaşmazlıqda…

Cahit Kılıç… Bu ad artıq Azərbaycan Oxucusuna yaxşı tanışdır. O, bizim Türkiyədə səsimizdir – belə də demək olar. Ən ağır durumda olanda yanımızda oldu, bizi müdafiə etdi, səsimizi Türkiyəyə, oradan da bütün dünyaya yaydı. Bu prinsipiallığına görə, Azərbaycan hakimiyyətinin bəzi iriçinlilərinin hədəfinə də gəldi, amma usanmadı, yorulmadı.

Hər zaman səsimiz olan adamı indi də biz dinləmək istədik. Ona xural.com olaraq suallarımızı ünvanladıq və inanılmaz dəqiqlik və sürətlə suallarımıza cavab aldıq. İndi illərdir Türkiyədə bizim səsimiz olan adamın – Cahit Kılıçın müsahibəsini Oxucularımızın diqqətinə təqdim edirik.

“Xural”ın qonağı Cahit Kılıçdır… Danışır Cahit Kılıç…

 

– Xahiş edirik, özünüzü təqdim edin…

 

– Xalqın ən aşağı təbəqəsinə mənsub sadə bir insanam. Sıradan bir insan olmaq, həqiqi mənada “insan” ola bilmək mənim üçün ən böyük şərəfdir. Bu qədər…

– Azərbaycan əsilli olduğunuzu bilirik. Necə oldu? Türkiyəyə nə zaman köçdünüz?

– Bəli, Azərbaycan əsilli bir Türkəm. Ata tərəfim də, ana tərəfim də bu gün Ermənistan sərhədləri içinde qalan Ağbaba mahalının Bacıoğlu və Oxçuoğlu kəndlərindəndir. Türkiyə sərhədlərinin çox yaxınlığında yerləşən yaşayış məskənləridir. 1920-ci ilin sərhəd çəkilməsində oralar Ermənistan sərhədlərinin içində qaldı. Ancaq bizim ailə böyüklərimiz Türkiyə tərəfində yenə sərhəddə yaxın bir bir bölgəyə yerləşdikləri üçün, elə həmin mahalın Türkiyə hissəsində anadan oldum və orada böyüdüm. Ailə böyüklərimizin şəcərəsini incələdiyimizdə; ən azı 300 ildən bəri o bölgədə yaşadıqlarını görürük. Ondan əvvəlini biz də bilmirik. Ancaq o bölgə, zaman-zaman Osmanlı İmperiyası ilə İran arasında tez-tez əl dəyişdirmiş. Bizim Türkiyədə “93 Savaşı” deyə bilinən 1877-1878 Osmanlı-Rus savaşında, bölgəmiz rusların əlinə keçdi. 1920-ci ilin noyabr ayında Kazım Qarabəkir Paşanın rəhbərliyi ilə Türk ordusu tərəfindən geri alındı. 1920-ci ilin dekabr ayında imzalanan Gümrü Anlaşması ilə də bugünkü sərhədlər çəkildi. Qohum-əqrəbalarımızın bir hissəsi Sovetlər Birliyi sərhədlərində qaldılar. Bir müddet ailələr arasında xəbərləşmə davam etdirilsə də, nəticədə qohum-əqrəbamızın hamısı Stalin tərəfindən Sibirə sürgünə göndərildi. Təəssüf ki, onlardan heç bir xəbər ala bilmədik.

– Nə zamandan Türk mətbuatında fəaliyyət göstərirsiniz?

 

– Təqaüdə çıxdıqdan sonra, 2006-cı ildən etibarən mətbu həyata başladım. 2009-cu ildən etibarən də Türkiyə mətbuatında siyasi məqalələrim dərc edildi.

– Nədən qəzetçi-yazar oldunuz?

– Peşəkar jurnalist deyiləm. Araşdırmalar aparan bir yazar olarak qiymətləndirə bilərsiniz. Siyasətçi bir atanın oğluyam və gəncliyimdə aktif siyasətlə məşğul oldum. Çalışma həyatımın önəmli bir hissəsini ölkədən xaricdə keçirsəm də, ölkəmin siyasi cərəyanlarını çox yaxından izlədim. Gənclik illərimdən bəri hər zaman demokratiyanı, sosial ədaləti və bərabərliyi, eyni zamanda hüququn üstünlüyünü müdafiə etdim. Türk Milliyyətçiliyi kimliyimi heç itirmədən, amma əsla irqçiliyi, şovinizmi qəbul etmədən, beynəlxalq hüquqa əsaslanan insan hüquqlarını müdafiə etməyi özümə borc bildim. Təqaüdə çıxandan sonra da bunları yazıya köçürmə və insanlarla paylaşma zamanı gəldiyinə inandığım üçün yazmağa başladım. Yazıyla birlikdə 34 proqramlıq bir də televiziya verilişi hazırlayıb təqdim etmək kimi bir macəram daha oldu. Yaxşı bir təcrübə oldu mənim üçün…

– İlk yazınızı və yazınızın yayınlandığı dərgi, ya da qəzeti necə xatırlayırsınız?

– İlk yazılarım edebi mahiyyətli yazılardı və ədəbiyyat dərgilərində çıxtı. O dərgilərin bir qismi hələ də fəaliyyət göstərirkən, bir qismi imkansızlıqtan bağlanmaq məcburiyyətində qaldılar. Siyasətdən yazmağa başladığımda ədəbiyyat dərgilərindəki dostlarıma “Mən ədəbiyyata, xüsusilə də şeirə və sizlərə xəyanət etdim” dedim. Bir çox hekayələrim yarımçıq qaldı. Haradasa artıq heç şeir yaza bilmirəm. Zaman-zaman siyasi yazılar yazmaqdan peşman olduğum günlər oldu.

– Nədən Azərbaycan siyasi düzənində müxalifət cəbhəsini dəstəklədiniz? Özəl bir səbəb varmı?

– Bu sualınızın birdən çox və fərqli cavabları var:

1) Yuxarıda da zikr etdiyim kimi, mən Azərbaycan kökənliyəm. Uzun dalğadan yayınlanan Moskva Radiosunun “Danışır Bakı” proqramlarını dinləyərək böyüdüm. Hər nə qədər Bakı Türkcəsi ilə bir az fərqlilik olsa da, ana dilim Azərbaycan Türkcəsidir. “Türkiye qədər Azərbaycan da mənim Vətənimdir” düsturu ilə böyüdüm.

2) Gəncliyində TURAN xəyalları quran bir Türk Milliyyətçisinin, Azərbaycana maraq göstərməməsi mümkün değil.

3) Azərbaycanın müstəqilliyini qazandığı gündən bu günə qədər olan zaman içərisində, daxildə və xaricdə apardığı siyasəti, imkanlarımın əl verdiyi nisbətdə hər zaman yaxından təqib etdim.

4) Uzun illər Türk respublikalarında və Rusiyada oldum. Oralarda azərbaycanlı bir çox arxadaşım, can dostum, yar-ı yaranım oldu. Azərbaycan xalqının təbii sərvətlərdən əldə edilən milli sərvəti, Əliyev xanədanı və onun ətrafına toplanan bəzi soysuzlar tərəfindən çapılıb talanarkən, 10 minlərlə Azərbaycan vətəndaşının Rusiyada 3 qəpiklik çörək pulu üçün kölələr kimi çalışdırıldıqlarına şahid oldum. 20 dərəcə şaxtada beton tökən Türk fəhlələrlə birlikdə Azərbaycan vətəndaşı bir başqa Türk fəhlələri görmək mənə böyük iztirablar verdi. Moskva bazarlarında donmuş barmaqlarla səbzə meyvə satan Azərbaycan vətəndaşlarının milli sərvətlərini yeyənlərə səssiz qalmaq, sadəcə mənim üçün yox, namuslu hər insan üçün utancvericidir…

5) Hər Türk kimi mənim də sinəmdə açılan Dağlıq Qarabağ yarası, hələ ki sağalmadı. Ömrüm boyu Qarabağın geri alınması üçün fəryad edib bağıracağam. Azərbaycanı və Türkiyəni idarə edənlərin qulaqlarını kar edənə qədər bağıracağam.

6) 20 ildən artıqdır ki, hakimiyyəti əllərində saxlayan ata-oğul Əliyevlərin, Qarabağdan bir qarış torpağı belə geri ala bilmədiklərinə görə, bəndəniz hansı məntiqlə onların arxasında durmalıydı?

Öz ölkəmdə talanla, korrupsiya ilə mübarizə apararkən, Azərbaycanı talayanları hansı ağılla müdafiə edə bilərdim?

Zənn edirəm ki, niyə müxalif cəbhədə yer aldığımı cavablandırmış oldum.

– Müxalifət AXCP və Müsavat olaraq bilindiyi halda, azad mətbuat olaraq “Azadlıq” və “Yeni Müsavat” qaldıqları halda bu iki partiya və bu iki qəzet bir-birinə hücum etməkdən doymurlar. Siz kimin haqlı olduğunu düşünürsünüz?

– İstər AXCP ilə Müsavat partiyaları, istərsə də “Azadlıq” qəzeti ilə “Yeni Müsavat” arasındakı anlaşmazlıq, getdikcə təhqirə varan qarşılıqlı atışmalar məni çox narahat edir. Əlbəttə ki mən AXCP və “Azadlıq” qəzetindən çox yaxşı münasibət görən, onların dostluğunu hər zaman yanımda hiss edən, yazılarıma və tv proqramlarıma ən çox onların maraq göstərdiyini bilən biri olaraq, AXCP ve “Azadlıq” qəzetinə daha yaxın hiss edirəm özümü. Daha açıq bir ifadə ilə, aramızda bir könül bağı var. Ayrıca, həm hörmətli Əli Kərimli, həm də AXCP mənsubları ilə daha çok dialoqum var. Bu günə qədər “Yeni Müsavat” qəzetinin şəxsimə yönələn hər hansı bir ilgisini görmədim. Amma hörmətli İsa Qəmbərlə də çox yaxşı dialoqum oldu. Qarşılıqlı hörmətimiz heç azalmadı. Bütün bunlara baxmayaraq, mən yenə də müxalifət partiyaları arasında (buna İslam partiyası da daxildir), müxalif mətbuat arasında bir ayrım etmək istəmirəm. Çünki azad Azərbaycanın gələcəyinin birləşmiş bir müxalifətin topyekun mücadiləsindən keçdiyinə və keçəcəyinə inanıram. Güman edirəm ki, aralarındakı bu anlaşmazlıq tez zamanda bitər.

– Azərbaycana gəldinizmi heç?

 

– Təəssüf ki, heç gəlmədim. Bu ailə hakimiyyətinin davam edəcəyi müddətdə də gələ biləcəyimi zənn etmirəm. Gəlmək istəsəm də mənə viza verməzlər…

– Azərbaycan Türkiyədə yetərincə tanınırmı?

 

– Bir gerçək var ki, Türk xalqının tamamı Azərbaycanı çox sevir. Azərbaycanı ziyarət edənlər bir tərəfə, amma o birilər, “dost və qardaş bir ölkə var və o, bizim canımızdır, qanımızdır” deyirlər, amma orada nələr olub-bitdiyindən xəbərsizdirlər. Bunun da məsuliyyətini Türk mediası daşıyır. Özəlliklə böyük media oradakı gerçəkləri vermək istəmir. Bunun müxtəlif səbəbləri var. Azərbaycan iqtidarından bir şəkildə faydalanmaq ən önə çıxan səbəbdir. Media patronlarının mənfəət gözləntisi, hüquq və azadlıqlardan daha önəmlidir onlar üçün…

– Nədən Türkiyə Azərbaycanda insan hüquq və azadlıqlarına bu qədər laqeyddir?

– Bunun da müxtəlif səbəbləri var.

Öncəki iqtidarlar, qardaş ölkədə “qol qırılar, amma yenə içində qalar”, “onların daxili işlərinə qarışmayaq” dedilər.

Ayrıca, Heydər Əliyevin Süleyman Dəmirəllə birlikdə yürütdükləri siyasət də bu yönde təsirli oldu. Əliyev xanədanının zülmü bizim ölkəmizdə görməzdən gəlindi.

İndiki iqtidarın özü, ölkəmizdə əldə edilmiş demokratik hüquqları belə geri almak üçün dəridən-qabıqdan çıxır. 65 illik bir demokratiya keçmişi olan Türkiyədə bir despotik düzən qurmağa çalışır. Yəni özü hümmətə möhtac Hümmət dədə, o da olsun Azərbaycan xalqına hümmət edə?!

– Nələr olur Türkiyədə? Haraya gedir Türkiyə?

– Türkiyədə təəssüf ki, çox yanlış şeylər olur. Amma son seçkilər göstərdi ki, Türk xalqı, olub-bitənlərə biganə qalmayacaq. Bu günə qədər əldə etdiyi insan hüquq və azadlıqlarını, sosial ədaləti, bərabərliyi, düşüncə və ifadə azadlığını, inancını, etiqadını, fərqliliklərini qorumağı bir vəzifə olaraq görür və müqəddəs bildiyi bu nemətləri bir mütəkəbbirin, bir müstəbidin ehtiraslarına fəda etməyi rədd edir…

Türk xalqı, son seçimdə demokratik olğunluğunu bir daha və bir daha ispat etdi…

– Turqut Özallı, Süleyman Dəmirəlli, Alparslan Türkeşli, Nəcməddin Ərbakanlı dönəmlərmi, yaxud Rəcəb Tayyib Ərdoğanlı, Kamal Kılıçdaroğlulu, Dövlət Baxçalılı Türkiyəmi türk millətinin maraqlarına uyğun fəaliyyət göstərdi?

– Qəbul edilməlidir ki, demokratiya şəraitində çoxsəslilik olacaq ve olmalıdır.

Xidmət etmə baxımından fərq qoymaq asan deyil, zira liderlərdən də ayrıca bir də dövrün ortaya qoyduğu şərtlər var. Dünyada və bölgəmizdə hökm sürən konyukturanın ölkə siyasətinə inikası var. Yəni adları obyektiv nöqteyi-nəzərdən müqayisə etmək çətin məsələdir.

Amma belə bir qiymətləndirmə apara bilərik:

Keçmişdə siyasətimizə yön verən siyasi liderlərin, zatən adlarını siz də sayıbsınız, heç biri tək adamlıq bir despotik düzən qurmaq həvəsində olmadılar. Təxminən hamısı, qanunların cizdiyi səlahiyyət daxilində qaldılar, hüquq və azadlıqlara hörmət və riayət etdilər.

Bildiyiniz kimi, Konstitusiyanı, hüquq və azadlıqları bir tək Rəcəb Tayyib Ərdoğan yox saydı və qanuni sərhədləri zorladı. Biz də öyrəşməmişdik belə bir işə…

Mərhum Ziya Paşanın dediyi kimi:

 

“İqbâl üçün ahbâbı siâyet yeni çıxdı,

Bilməz idik əvvəl, bu dirâyət yeni çıxdı.”

– Türkiyədə mətbuatın vəziyyəti çətindir, Türkiyədə bir diktatorluq qurula bilərmi?

– Təkrar söyləyirəm: Son seçkilərdə xalqımız demokratiyaya da, mətbuat azadlığına da sahib çıxdı. Seçkidən sonra müxalif Türk mətbuatı rahat bir nəfəs aldı. Bir növ yenidən həyat tapdı…

Xeyr, Türkiyədə bir diktatorluq qurmaq heç kimə nəsib olmayacak! Türk xalqı, heç bir diktatorun əmrinə girməyəcək, əlinə qandal, ayaqlarına zəncir taxılmasına icazə verməyəcək!

Türk milləti, yeri gələndə və ehtiyac hiss edəndə Konstitusiya çərçivəsində və qanunların icazə verdiyi bütün hüquqlarından istifadə edəcəyini, despotizm xülyaları quranları hər zaman xəyal qırıqlığına uğradacağını, 7 iyun 2015-ci ildə sübut etdi.

Heç kimin gücü, Türk xalqının gücündən üstün deyil! Bundan əsla şübhəniz olmasın…

– Hansı planlarınız var önümüzdəki illərdə?

– Doğrusu, heç bir planım yoxdur… Danışılmış, amma hələ həyata geçməyən bir televiziya proqramı məsələsi var. Gerçəkləşməsi qarşı tərəfin təşəbbüsünə bağlı olduğu üçün, mənim hər hansı bir şey söyləməm mümkün deyil…

Fəqət hal-hazırda 4 ayrı İnternet portalında yazılarımı yayımlamağa davam edirəm. Ayrıca, Tehran Radiosu Türkcə servisi hər həftə ən az bir dəfə daxili və xarici siyasətlə bağlı reportajlar alır məndən. Bir ildən çoxdur ki, bu davam edir.

– Mediada daha nələr ola bilir? Azərbaycanı Türkiyəyə, Türkiyəni Azərbaycana necə daha yaxşı tanıda bilərik?

 

– Türkiyəni Azərbaycana tanıtmağa ehtiyac olduğunu zənn etmirəm. Türk televiziya kanallarının tamamı zatən Azərbaycanda izlenir. Məsələn, bəndənizin heç birini izləmədiyim Türk seriallarını Azərbaycan xalqı əzbər bilir.

Amma Azərbaycan gerçəklərini Türk xalqına mütləq anlatmaq lazımdır. Bu bir zərurətdir.

Açıq danışaq. Belə bir təşəbbüs üçün, öncəliklə bir media gücüne ehtiyac var. Media gücü üçün də önəmli bir sərmayə lazımdır. O da bizdə yoxdur…

Son olaraq…

“Xural” qəzeti və sizin vasitənizlə Azərbaycandaki dostlarımıza, qardaşlarımıza, soydaşlarımıza ən dərin hörmətlərimi və məhəbbətlərimi göndərirəm. Bilsinlər ki, Türkiyədə onların dərdləri ilə dərdlənən, sevincləri ilə sevinən bir qardaşları, onların hüquqları üçün təmənnasız çalışan bir nökərləri var.

Xoşbəxt olun…

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button