“Azərbaycanı yenidən “köhnə SSRİ”ni bərpa etmək istəyən Rusiyanın qanadları altına salmaq istəyirlər”

vahid_ehmedov_yeni
Azərbaycan ordusunun işğalçı Ermənistana vurduğu sarsıdıcı zərbə dünyanın baş mövzusuna çevrilib. Bir sıra müşahidəçilər Rusiyanın atəşkəs razılaşmasına nail olmasını belə izah edir ki,  burada Kremlin başqa məqsədi var. Milli Məclisin istiqlalçı deputatı Vahid Əhmədov da “Yeni Müsavat”a müsahibəsində hər kəsi ayıq olmağa çağırıb.
– Vahid bəy, parlamentin son iclasında savaş ovqatı var idi. Atəşkəs razılaşması, deyəsən, deputatlar üçün də gözlənilməz oldu. Bu, belədirmi?
– Aprelin 1-də başlayan Ermənistanın təxribat-diversiya hərəkətlərinə layiqli cavab verməklə Azərbaycan ordusu dünyanın güclü ordularından olduğunu sübuta yetirdi. Düzdür, aprelin 5-də atəşkəs haqqında razılaşma əldə olundu, amma buna baxmayaraq, Azərbaycan öz gücünü sübuta yetirdi. Yəni uzun illərdir ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin  ordumuza  göstərdiyi diqqət öz bəhrəsini verdi. Bu, Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir, müstəqilliyinin qorunub-saxlanılması, ərazilərimizin düşməndən azad edilməsi üçün ordumuzun möhkəm olması ən önəmli məsələdir.
Dediyiniz kimi, son iclasdakı çıxışlarda da şahidi oldunuz və kuluarlardakı söhbətlərdən də aydın oldu ki, bizim parlamentin üzvləri hamısı torpaqlarımızın qısa müddətdə azad edilməsini istəyir. Xalqımızın yüksək ruhunu gördüyümüz üçün, əlbəttə, biz də istəyirik ki, işğala son qoyulsun. Amma beynəlxalq aləm, Ermənistanı müdafiə edən, Azərbaycanı gözü götürməyən dövlətlər var. Ona görə də atəşkəsə razılaşdıq.  Amma sizi inandırım, atəşkəs bir az gec imzalansaydı, Azərbaycan öz torpaqlarını azad etməyə qadir idi.
– Cəmiyyət atəşkəs razılaşmasını birmənalı qəbul etmədi, bu gün də torpaqların azad edilməsi uğrunda əməliyyatların sonadək davam etdirilməsi tələbləri var. Ancaq hesab olunur ki, ölkə rəhbərliyi vəziyyəti daha düzgün qiymətləndirərək qərar verib. Siz bu barədə nə deyə bilərsiniz?
– Açığı, mən özüm də qısa müddətdən sonra atəşkəsə gedilməsinin tərəfdarı deyildim. Yəni biz irəliləyirdik, irəliləyən anda atəşkəs razılaşması ilə bizim qabağımızı aldılar. Yəni əgər məsələ sülh yolu ilə həll olunacaqsa, qısa müddətdə olmalıdır. Bu gün qoy heç kim ruhdan düşməsin, inşallah, qələbə bizim olacaq! Mən xalqımıza müraciət edirəm, ayıq olmaq lazımdır! Burada təxribatlar törədə bilərlər. Hansı düşərgədə olmağımıza baxmayaraq, ayıq olmalıyıq ki, ölkəmizdə heç bir hadisə baş verməsin. Çünki Azərbaycanı gözü götürməyən, müstəqil siyasətini bəyənməyən dövlətlər həddən artıq çoxdur.
Elə etmək lazımdır ki, Azərbaycanın daxilində stabillik qorunub-saxlanılsın, bu, bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Bizi sevindirən həm də bu oldu ki, son hadisələrə münasibətdə Azərbaycanda iqtidarlı-müxalifətli hamı bir yerdə oldu. Siz fikir verin, bu müddət ərzində atəşi saxlamaq üçün Azərbaycanın dövlət başçısına nə qədər zənglər oldu. Cənab prezident də tamamilə doğru dedi ki, atəşkəsi biz pozmamışıq və 22 ilə yaxındır ki, bir qayda olaraq ermənilər cəbhədə təxribatlar törədib. Amma beynəlxalq aləm narahat oldu. Xüsusilə də Ermənistanın “dayı”ları çox narahat idi, ona görə də davamlı zənglər oldu və Moskvada Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisləri arasında atəşkəs haqqında protokol imzalandı. Yəni Azərbaycan ordusunun güclü olması ermənilərin ağasını narahat edir, ona görə də atəşkəsə nail olub Ermənistanı xilas etmək istəyir.
– Amma üstündən bir neçə saat keçəndən sonra erməni tərəf yenə atəşə başladı, hətta Naxçıvan Muxtar Respublikasını hədəfə aldı. Bununla Ermənistan Rusiyanı müharibədə açıq şəkildə tərəfəmi çəkmək istəyir? 
– Açıq deyirəm, Qarabağda baş verən son hadisələrdən ən çox narahat olan bizim şimal qonşumuzdur. Düzdür, Rusiya bizim strateji müttəfiqimizdir, biz qonşuyuq, münasibətlərimiz çox yüksək səviyyədədir. Amma heç kimə gizli deyil ki, Rusiya rəhbərliyi Ermənistanı müdafiə edir. Bütün sahələr üzrə Ermənistanda vəziyyət çox gərgindir. Eyni zamanda Moskva çalışır ki, Ermənistan bir dövlət kimi yox, Rusiyanın quberniyası kimi mövcud olsun, onun tapşırıqlarını icra etsin. Ona görə də Rusiyanın bütün rəhbərliyi prosesə müdaxilə etdi, xarici işlər naziri Bakıya gəldi. Həmsədrlərin ardınca Rusiyanın baş naziri də Azərbaycana səfər edəcək. Gördülər ki, Azərbaycan istənilən vaxt torpaqları azad etməyə qadirdir, ona görə də atəşkəsə nail olmaqla bunun qarşısını almağa çalışdılar.
– Rusiya bu prosesdə nə qədər səmimi göründü? Belə fikirlər var ki, elə 2 apreldən başlayan proseslərin tətikçisi Kremldir. Sizcə, bu, Rusiyanın nəyinə lazım idi?
– Mən Kremlin səmimiliyinə inanmıram. Atəşkəsin saxlanılması, sadəcə, “status-kvo”nun saxlanmasına xidmət edir. Müharibənin alovlandırılmasına gəldikdə… Azərbaycan prezidentinin uğurları göz qabağındadır. Xüsusilə G-20 sammitindən sonra cənab prezidentin ABŞ-da Nüvə Sammitində iştirakı, dövlət başçıları ilə, Obama, Kerri, Baydenlə görüşləri və s. hamısı izlənilir. Bu hadisələr Azərbaycanın dövlət başçısının bu uğurlu çıxışlarından sonra baş verdi. Hətta cənab prezident Amerikada olduğu vaxt bu hücumu təşkil etdilər. Ancaq ordumuz düşmənin qarşısını aldı.  Digər tərəfdən, ABŞ TAP layihəsinin həyata keçməsinə çalışır. Bəzi qonşu dövlətlər bunun əleyhinədir, onlar istəmir ki, Azərbaycan bu layihədə iştirak etsin. Azərbaycanı təhdid edirlər ki, hansısa səhvə yol versin, Qərbə yox, Avrasiya İqtisadi Birliyinə meyl göstərsin.
– Bu cür təhdidlərlə Bakının strateji seçimini dəyişə bilərlərmi?  
– Azərbaycan müstəqil dövlətdir və son vaxtlar müstəqilliyini daha çox sübut etdi. Dövlət başçısı müstəqil siyasət aparır. Son hadisələr sübut etdi ki, Azərbaycan ərazilərini azad etməyə qadirdir. Məni ən çox ruhlandıran məsələ Azərbaycan əhalisində yaranan əhval-ruhiyyə idi. Mən baxdım, gənclərimiz Şəhidlər Xiyabanında böyük bir yürüş təşkil etdilər. Xalq savaş istəyir, tələb edir ki, torpaqlar azad edilsin. Mən indiki Azərbaycan əhalisinin, gəncliyin mövqeyi ilə fəxr edirəm. Belə ruh yüksəkliyi şəraitində istənilən an xalqımız öz torpağını işğaldan azad etməyə qadir olacaq. Biz uzun müddət dözmüşük, səbr etmişik, amma indi artıq vaxt yetişib ki, Azərbaycan öz torpaqlarını azad etsin! Biz atəşkəsin əleyhinə deyilik, sülh tərəfdarıyıq, amma bir şərtlə ki, torpaqlar azad olunsun. BMT-nin 4 qətnaməsi var, bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dinc şəkildə sülh müqaviləsi imzalansın, Ermənistan torpaqları azad etsin, ondan sonra Dağlıq Qarabağın statusuna baxıla bilər.
– Gələn xəbərlər isə onu deyir ki, Ermənistan hətta ağır məğlubiyyətdən sonra yenə də Azərbaycan ordusunun azad etdiyi yüksəkliklərə həmlə etmək niyyətindədir. 
– Azərbaycan onsuz da gec-tez genişmiqyaslı əməliyyatlara başlayıb torpaqlarını azad edəcək, ola bilər, bu, beş gündən, ya bir aydan sonra olsun. Çünki bizim ayrı yolumuz yoxdur. Bu gün Azərbaycan əhalisi birmənalı şəkildə Ali Baş Komandanı, ordumuzu dəstəkləyir və güc yolu ilə torpaqlarımızın azad olunmasını istəyirlər. Onu da deyim ki, əsasən Türkiyə və Pakistan Azərbaycanı açıq şəkildə müdafiə etdi. Ancaq digər bır sıra dövlətlərin mövqeyi də qaneedici idi. Almaniyada Sərkisyanın etirazlarla qarşılanmasını gördük. Həmçinin Merkel öz çıxışında ərazi bütövlüyümüzə dəstəyini bir daha ifadə etdi və Ermənistanı bu yoldan çəkinməyə çağırdı. Bütün bunlar bizim diplomatik uğurlarımızdır. Ancaq narahatedici məlumatlar da var. Bizdə məlumat var ki, Azərbaycanı yenidən “köhnə SSRİ”ni bərpa etmək istəyən Rusiyanın qanadları altına salmaq istəyirlər. Ancaq Azərbaycan, onun dövlət başçısı müstəqil siyasət aparır, eyni zamanda Rusiya ilə dostluq əlaqələrimizi qoruyub-saxlayırıq, inanmıram ki, buna gedilsin. Həm də dünyada belə hallara rast gəlinir, bu kimi müharibələrdə çoxlu silah-sursat sərf olunur, yenisinə ehtiyac yaranır. Yəni Rusiya həm Azərbaycana, həm də Ermənistana yeni silahlar satmaqla iqtisadi cəhətdən qazanc əldə etmək istəyir.
– Beş günlük müharibədə Azərbaycana dəyən iqtisadi ziyanın miqdarı hesablanırmı və bununla bağlı beynəlxalq məhkəmələrə müraciət oluna bilərmi? 
– Ümumiyyətlə, Ermənistanın bu günədək Azərbaycana vurduğu iqtisadi ziyanın miqyası çox böyükdür, bu, bir neçə yüz milyardlarla ölçülür. Son hadisələr zamanı isə yenə də mülki əhaliyə hücumlar oldu,  bir sıra kəndlərdə evlər dağıdıldı, iqtisadi cəhətdən Azərbaycana ziyan vurdular. Amma mən iqtisadi zərəri bir tərəfə qoyuram, Azərbaycan əhalisinin yüksək ruhu onu göstərdi ki, biz qısa müddətdə torpaqlarımızı azad edəcəyik. Düzdür, şəhidlər verdik, Allah onlara rəhmət eləsin! Yaralılara Allahdan şəfa diləyirəm…
Musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button