Azərbaycanımın layiqli övladı, qürur duyulacaq xanım qızı, bu qədər idimi vəfan?

nergizMəlahət ZEYNALLI

Ona söz vermişdim. Əvəz bəy həbsdən azad olacaq, onun toyunda ürəyimizcə iştirak edəcəkdik. Çox arzulayırdım, Nərgizin toyunu görək. Gəlinlik çox yaraşacaqdı, ona. Nə yazıq ki, həmin vaxt nə Əvəz bəy azadlıqda oldu, nə də Nərgizin toyunda iştirak edə bildik. Mənim zənnimdə çox sakitliklə gəlin köçdü Nərgizim. Dünyadan köçdüyü kimi… Ürəyindəki Ata həsrətini, Vətən sevgisini daşıya-daşıya…

Hər zaman yanımızda oldu. Evimizin qonağı, başımızın tacı kimi qarşıladıq. Tək ona görə yox ki, mətbuatda idi, həm də ona görə ki, öz ləyaqəti, mehriban, gülərüz, səmimi münasibətilə hamımızın sevgisini qazanmışdı. Hamımız – uşaqdan tutmuş böyüyə qədər Nərgizin kim olduğunu bilirdik. O, mübariz insan Tofiq Yaqublunun qızı olsa da, bizim bir parçamız idi. Ailəmiz onu elə bilirdi, elə tanıyırdı.

Müsahibələrin birində ailəliklə şəkil çəkdirdik, onsuz da tükənməyən problemlərdən uzaqlaşmaq üçün dedik-güldük. Sonra FB-da mesaj göndərdi. Müsahibəni hazırlamışdı, mənim oxuyub, yenə geri göndərməyimi istəyirdi. Ona inandığımı, güvəndiyimi desəm də, “yox, Məlahət xanım, hər ehtimala qarşı özünüz də baxın. Birdən yanlışlıqla istəmədiyiniz ifadə gedər”- dedi. Bu qədər həssas idi Nərgizim.

Eyni dərdli, eyni sıxıntılı idik. Sonuncu görüşümüzdə bir-birimizə ürək-dirək verib, “inşallah, hər şey yaxşı olacaq” ümidinə qatıla-qatıla ayrıldıq. Sonradan telefon əlaqələrimiz də kəsildi. Toyu olub, dedilər. Min dəfə, “Xoşbəxt olsun, o hamıdan çox haqq edir, bu xoşbəxtliyi” – xeyir-duasını verdik. Nə oldu? Hansı qara sular axdı? Niyə belə oldu? Nədən? İnsan daxilində qaynayan fəryadı necə durdura bilər ki?

Bu sətirləri yazarkən, göz yaşlarımı saxlaya bilmirəm. Kaş ki, yalan olaydı bu xəbər, yanlış olaydı deyilənlər. Onsuz da neçə gündür ki, dost-tanışlardan, yaxınlarından-doğmalarından xəbər gözləyirik – xoş xəbər. Nərgizimiz dünyaya övlad gətirəcəkdi. Bundan sevincli nə ola bilərdi ki?.. Amma yox… Biz nə gözləyirdik, sən nə etdin?..

Həyatda az hadisələrin şahidi olmamışam. Hər dəfəsində məntiqinə varıb, belə olmalıymış yəqin” –demişəm. İlk dəfə Anamı itirəndə bu məntiqi heç nəyə bağlaya bilmədim. 58 yaşlı bir qadının durub-dururkən bizi tərk etməsi heç cür ağlıma sığmırdı. İndi də həmin boşluq içərisindəyəm. Bu dəfə də Nərgizi itirdik, axı…

İ.S. İnsanlar var 100 yaşına qədər yaşayırlar, daha doğrusu cəmiyyətə say qatırlar. Ölüb-gedəndən bir gün sonra onları övladları belə xatırlamır. Amma inanıram ki, Nərgiz hər zaman hamımızın qəlbində, ürəyində yaşayacaq. Bizimlə olacaq. Bizimlə qalacaq. Doğmalarının başı sağ olsun. Nərgizimin ruhu şad olsun.

aeefb9369bf5

news-gallery-1702

Əlaqəli məqalələr

1 şərh

  1. Nərgiz xanımın nakam ölümü hamımızı həyacanlandırdı. O, həyatdan belə gənc, həyatının çiçəkləndiyi vaxt getməsi qohum və tanışlarını uzun zaman göynədəcək. Hər onu xatırlayanda insan dənizi önündə etiraz püskürən çıxışı gözüm önündən gəlib keçir.
    ALLAH RƏHMƏT ELƏSİN!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button