Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya məktub göndərdi

Niyə Nota verməyib?!

Azərbaycan başqa ölkələrin maşınlarının icazəsiz ölkəyə daxil edilməsinə qarşıdır

Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə məktub ünvanlayıb.

Nazirlik məktubda digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz keçməsini qeyd edərək bildirib ki, bu kimi hallar Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir və onların qarşısının alınması xahiş olunub:

“Azərbaycanın razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri ölkə ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır”.

Qarabağ münaqişəsi yeni mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

BMT 1993-cü ildə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunmasını tanıyan dörd qətnamə qəbul edib, amma bu qətnamələr icra olunmayıb.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə ağır döyüşlər başladı.

44 günlük bu müharibə (İkinci Qarabağ Müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ aldı.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan SSR tərkibində yaradılıb.

1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Qanun qəbul edib. Bununla da DQMV-nin səlahiyyətlərini genişləndirib.

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyası “Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” Qərar qəbul edib. Bunu Azərbaycan tərəfi qəbul etməyib. Azərbaycan 1991-ci il oktyabrın 18-də Müstəqillik Haqqında Konstitusiya Aktını qəbul edib. Bundan bir ay sonra – 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə həm 1923-cü il 7 iyul dekreti, həm də 1981-ci ildə “DQMV haqqında” Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qanun ləğv olunub.

Dağlıq Qarabağın ərazisi Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button