Azərbaycanın son sözü!

400 iri şirkət və ya müəssisə necə nəzarətə götürüldü?

 Hakimiyyət eşalonu nə qədər sərt addımlara əl atırsa daxilən bir o qədər kövrəlir. Hakimiyyət nə qədər özünə əminlik nümayiş etdirirsə, bir o qədər də təlaş keçirir. Hakimiyyət nə qədər sabaha inamla baxırsa, sabahın heç açılmaması ehtimalınıda bir o qədər düşünür. Nəhayət, hakimiyyət nə qədər dünyaya meydan oxuyursa, bir o qədər də öz meydanında tərkisilah olur. Nədən bu qənaitdəyik, gəlin öncəliklə özəl bir xəbərə diqqət ayıraq.

 Özəl xəbər

 Prezident Administrasiyasında keçirilən Təhlükəsizlik Şurasının alternativi hesab olunacaq bir neçə nəfərlik toplantıda iki məsələ müzakirə edilir. Bu müzakirələrdən öncə Prezident Yanında Siyasi Araşdırmalar Mərkəzinin, Elmlər Akademiyasındakı Beynəlxalq Araşdırmalar İnstitutunun və hər zaman ölkənin siyasi mühitinə təsir göstərə bilən texnoloqların rəyi toplanır. Müzakirədə konkret iki məsələ ortaya çıxarılır:

–        Hakimiyyət daxilindəki narazıların zərərsizləşdirilməsi;

–        Daha yığcam idarəetmə sistemini formalaşdırmaq.

Müzakirəyə çıxarılan məsələlərdə isə əsas məqsəd, hakimiyyətin daha rahat nəfəs alması üçün yox, istənilən an baş verəcək elitadakı xaosu zamanında susdurmaq olub. Müzakirələrin gedişi haqqında bilgilər verəcəyik. Amma ilk anda bir reallıq iştirakçılar tərəfindən olduğu kimi qəbul olunub – ölkədə formalaşdırılan iqtisadi sistemə uyğun, siyasi sitemin yaranması mütləqdir və əsas çıxış yoludur. Bu xəttin qəbulu isə maraqlı bir məqamı ortaya çıxarır – bu sistem nə qədər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən həyata keçiriləcəksə, bir o qədər də bu gediş Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun uğuru hesab olunacaq. O səbəbdən ki, son 5 ildə ölkədə formalaşdırılan iqtisadi sistemin xaç atası Kəmaləddin Heydərov hesab edilir.

 Kəmaləddin Heydərovun Çin modeli

 5 il öncə Azərbaycan büdcəsi lazım olandan artıq şişir, gizli və real büdcə bir-birinə qarışır və milyardlara nəzarət zəifləyir. Həmin dövrdə Azərbaycanda fəaliyyət göstərən orta və iri çəkili iş adamları da imkanlarını genişləndirir və təbii şəkildə çirkli pullara nəzarət iş adamlarının əlinə keçməyə başlayır. Başqa cür desək, mərkəzin xəbəri olmadan məmurlar tərəfindən ələ keçirilən çirkli pulların yuyulması üçün maraqlı addım atılır. İş adamları ilə şərikə biznes qurmaq. Məmur meydanda görünmür iş adamları isə çirkli pulları leqal pul olaraq ortaya çıxarır. İqtisadçı texnoloqlar belə bir nəticəyə gəlirlər ki, ölkədə son on ildə sahibkarların sayı həddindən artıq çoxalıb və onlara nəzarət bu şəkildə qane etmir. Yeni model isə Kəmaləddin Heydərov tərəfindən təklif edilir. Modelin özəlliyi nədir? Haradasa Çin iqtisadi modelini xatırladan bir şəkildə kapitalın mərkəzləşdirilmiş şəkildə idarə olunması. Bu isə o deməkdir ki, dövlətin etibarlı adamları ölkədəki sahibkarların sərvətinə şərik olur (payın çox hisəsi etibarlı insanlarda olmaq şərti ilə), bununla razılaşmayanlar isə oyundan çıxarılmalı. Kəmaləddin Heydərovun təklifi qəbul olundu və sınaq üçün ilk addımların atılması da ona həvalə olundu. Kəmaləddin Heydərov ilk növbədə keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə keçmiş səhiyyə naziri Əli İnsanovun sərvəti üzərində bu metodu sınaqdan keçirdi və effektli nəticə yarandı. Bundan sonra ölkədə 5 nazir və ya şirkət prezidentinə bu əməliyyatı həyata keçirmək tapşırıldı. Bununla da 400 iri şirkət və ya müəssisə nəzarətə götürüldü, xırda və orta biznes üzərinə isə nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirildi. Vergilər Nazirliyi isə “VERGİ TERRORU” deyilən mexanizmi işə salaraq demək olar ki, xırda sahibkarlığı siçan tələsinə sala bildi. Bütün bunlar isə sözsüz ki, narazılığı artırmalı idi və artdı. İlk növbədə milyonlara sahib olan məmurlar, məmurların təsirində olan iş adamları və xırda çəkili məmurlar mərkəzə idarə olunmanın nə qədər təhlükəli olduğunu anladı. İmkanı çatanlar kapitallarının bir hissəsini ölkədən çıxara bildilər. Yerdə qalanlar isə günlərini saymaqdadır. Hakimiyyət bunu gördü və bunun davamı olaraq bu sistemin dayanıqlı olması üçün siyasi sistemin də yeniləşməsinə start verdi və yuxarıda haqqında danışdığımız yığcam Təhlükəsizlik Şurasında da siyasi sistemin detalları müzakirə olundu. Beləliklə, tətbiq olunan və yaxın aylarda qabarıq şəkildə görünəcək siyasi sistemin detallarına baxaq.

 Məmur həbsləri artırılacaq

 Mövcud iqtisadi sistemə uyğun siyasi sistemin əsas komponenti hakimiyyətə tabe olmayan cəza dəstələrinin formalaşması olacaq. Bu yolla iri, orta və ya xırda məmurlar hər zaman ətraflarında bir təhlükə hiss edəcək və inamlarını itirdikləri hakimiyyətdən beş əlli yapışmalı olacaqlar. Son günlər odlu silahlarla iş adamlarının qətlə yetirilməsi, kriminal faktların artması artıq həyəcanlı detal kimi qəbul olunmalıdır.

Orta səviyyəli məmurların daha çox həbsinə nail olmaq və açılan cinayət işlərinin uzun müddət açıq qalmasına nail olmaq. Bununla həm orta sahibkarlardan yuxarıda dayanan iri məmurlar, həm də onlardan aşağıda dayanan kiçik məmurlar girov durumuna düşəcək. Çünki haqqında cinayət işi açılan məmurlar gördükləri işdə əlbir olduqları onlarla məmuru sözsüz ki, ifşa edəcəklər. Onlar isə o zaman cəzalandırılacaqlar ki, məlum cızıqdan kənara çıxsınlar. Bu isə asan məsələ deyil.

 Yenə “üçüncü qüvvələr” yaradılacaq

 Cəmiyyətdə iqtidarla müxalifət arasında dayanmağı bacaran, əslində isə hakimiyyətə qarşı olan qıcığı azalda biləcək qüvvələrin yaranmasına başlamaq. Son günlər Ziyalılar Forumunun fəaliyyəti də unudulmamalıdır. Cəmiyyətdə radikal dəyərlərin artdığı bir məqamda kifayət qədər nüfuzlu insanlar daha loyal məsələləri daha sərt şəkildə ortaya çıxarmaqla radikal prinsipləri ikinci dərəcəli məsələ kimi diqqətdən kənarda saxlayırlar.

 Müxalifətin yenidən özü ilə savaşması

 Mövcud müxalifət daxilində problemləri artırmaq. İlk növbədə AXCP-Müsavat aktivlərinin toqquşmasına nail olmaq. Apardığımız araşdırmalar təsdiq edir ki, artıq bir neçə gündür ki, sosial şəbəkələrdə, Faceboook-da AXCP-Müsavat aktivlərinin ciddi qarşıdurması müşahidə olunur və bu gərginlik bir müddətdən sonra virtual həyatdan real həyata keçid edəcək.

 Beynəlxalq təşkilatlara hücum

 Beynəlxalq təşkilatlarla sərt, konkret dövlətlərlə xoş dilində danışmaq. Bu model cəmiyyətə hakimiyyətin nə qədər güclü olması mesajını çatdırmaq üçündür. Bu mexanizmə görə beynəlxalq təşkilatlar Azərbaycana qarşı nə qədər sərt bəyanatlar verəcəklərsə, hakimiyyət bir o qədər aqressivliyini artıracaq. Amma meydanda təklənməmək üçün konkret dövlətlərlə iqtisadi əməkdaşlıq məqsədli şəkildə artırılacaq. Bununla həm cəmiyyətə göstəriləcək ki, hakimiyyət nə qədər güclüdür, həm də hakimiyyət biznes maraqları çərçivəsində idarə olunacaq. Fransa prezidentinin son səfəri bunun çox gözəl bir nümunəsi oldu.

Güc qüvvələrinin gücsüzləşməsinə nail olmaq.

 

Güc nazirlərini hədəfə gətirmək

 

Son günlər diqqətlə prosesləri araşdırsaq görərik ki, sanki güc qüvvələrinə qarşı bir basqı var. Bəs hakimiyyətin hər zaman ehtiyac duyduğu bu güclər nədən hədəfdədir? Cavab çox sadədir: – Hakimiyyət bu güclərin hesabına ayaq üstə durduğunun fərqindədir. Bununda fərqindədir ki, güc qüvvələri artıq siyasiləşməyə həddindən ziyadə maraq göstərir. Bu, artıq təhlükəli vəziyyət yarada bilər. Deməli, güc qüvvələrinin sözəbaxan olması üçün onlara cəmiyyətdə bir nifrət, kin yaranmalıdır. Son günlər ölkə kənarında olan bəzi keçmiş məmurların və iş adamlarının açıqlamalarına baxın. Hər birində konkret olaraq hədəf güc qüvvələridir. Sanki ölkədəki siyasi hakimiyyət hər zaman yuxuda olub və baş verənlərdən xəbərsizdir. Çünki bu açıqlamalar sadəcə olaraq hədəf müəyyənləşdirməyə xidmət edir. Sonda isə bir günün içində bu səs-küy səbəbsiz yerə də yoxa çıxacaq.

 

Ölkədə psixoz pozğunluğu

 

Bu gün cəmiyyətin idarə olunması üçün tətbiq edilən ən ciddi silahlardan biri də cəmiyyətdə psixoz pozuntunun artırılmasıdır. Cinayəti törədib cəzadan yayınmaq ovqatı genişlənir, nəticədə cəmiyyəti silkələyəcək hadisələrin artımı təmin olunur. Son bir neçə aylıq statistik rəqəmlərə diqqət yetirin. Bu gün intihar, zorlama o həddə çatıb ki, bunu təısəvvür etmək mümkünsüzdür. Bu zorlamaların, intiharların baş verməsində günahkar olan isə elə cəmiyyətin özü göstərilir. ABŞ-in keçmiş səfiri Enn Dersinin teleqramlarından birində bildirilir: – “İnsanların sosial durumu günü-gündən ağırlaşır. Amma mübarizə aparmaq həvəsi görünmür və imkanı olanlar dolanışıq üçün ölkəni tərk edir”. Qos-qoca diplomat bunun səbəbini anlamadığını bilir. Çünki Azərbycan cəmiyyətini tanımır. Azərbaycan cəmiyyətinin isə özəlliyi budur ki, özü üçün hətta məhəllə, kənd səviyyəsində hədəflər yaradır və bu səmərəsiz mübarizənin sonunda ağ bayraq qaldırır. Amma tərəflər düşünmür ki, hər iki tərəf eyni mərkəzdən idarə edilir. Bu isə o zaman baş verir ki, kütlə psixologiyasının ən ağır şərtlərindən biri tətbiq edilsin. Bu isə kütləvi hulikonizasiyadır. Bu gün Azərbaycan cəmiyyəti artıq bu problemi yaşayır.

 

15-likdən, 10-luqdan, 5-liyə keçid

 

Siyasi sistemin əsas şərtlərindən biri də ölkənin idarə edilməsində aktiv rol oynayan güclərin sayını minimuma endirməkdir. 10 il öncə ölkənin idarə olunmasında aktiv iştirak edən adamların sayı yüzə yaxın idisə, artıq bu rəqəm 20-dən də azdır. Amma bu, hələ də təhlükəli proses hesab edilir. Təhlükənin azaldılması üçün isə idərə edənlərin sayının ən çoxu 5-liklə kifayətlənməsidir. Belə olan təqdirdə həm kapitalların yenidən bölüşdürülməsi prosesi başlayacaq, həm də təhlükəsizlik tədbirləri artırılacaq.

 

Tək təhlükə

 

Hazırda hakimiyyətin həll edə bilmədiyi yeganə məsələ nəzərdə tutulan və mövcudluğu qəbul olunmayan 5-likdən kiminsə ölkəkənarı qüvvələrlə iş birliyinə gedə bilmə ehtimalıdır. Hazırda ekspertlər proqnozlaşdırır ki, hakimiyyətin yaratdığı sistem elədir ki, bu sistemdən kənara çıxıb öz sistemini qurmaq istəyən qüvvə tarazlığını itirəcək. Amma bu sadəcə təskinlikdən və belə rəy yaratmaqdan başqa nə isə deyil. Hazırda ABŞ, Rusiya və qərb dövlətlərinində bu məsələ ciddi şəkildə araşdırılır və müəyyən addımlar atılır. Məsələn, günlərin biri hansısa ölkə, tutalım Kəmaləddin Heydərova orden verir. Hansı əməlinə, hansı dövlətlər arası xidmətinə görə – bax bu suala özləri də cavab tapa bilmir.

Son söz

 Azərbaycanda son söz deyiləcək. Çox ehtimal ki, bu son söz məhkəmədə deyilən son sözə daha çox oxşayacaq. Amma buna qədər tətbiq olunan yeni siyasi mexanizm son nəfəsin qıcığını yaradacaq. Müxalifət liderlərindən fərqli olaraq düşüncəmiz budur ki, payız Azərbaycanda dirçəliş yox, daha sərt metodların tətbiqi kimi yaşanacaq. Amma bu sistemin tam gücü ilə işləməsi üçün başqa bir addım da atılacaq – cəmiyyətə yeni hədəf göstərmək. Real təhlükələrdən biri də bu hədəfin müəyyənləşməsi zamanı olacaq.

 P.S. Sadə azərbaycanlı isə “Evrovizion-2012”müsabiqəsinə hazırlıq görür. Müsabiqə harada keçiriləcək, kim qalib gələcək, Azərbaycanı kim təmsil edəcək?

P.S.S. Saədə azərbaycanlı müxalifətçisi “Evrovizion-2012”müsabiqəsi haqqında düşünür. Azərbaycanda antidemokratik rejimə görə hansı ölkələr iştirakdan imtina edəcək, müsabiqə zamanı aksiya keçirib dünyanın diqqətini özümüzə cəlb edə biləcəyikmi?

P.S.S.S. Yeni sistem hakimiyyəti nə qədər qoruya bilər və bunun üçün başqa hansı addımları atmalıyıq fikrini isə yuxarıda düşünürlər. Heç kəsin düşüncəsi bir-birini tamamlamır. Bu, Azərbaycan siyasətinin analoqu olmayan siyasət olmasından irəli gəlir.

 

“X” Analitik Mərkəz

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button