Azərbaycanın yiyəsiz rayonu – ŞƏKİ

Qədim Şəkini türizm adı altında vəhşicəsinə talayanlar

Bakıdan Şəkiyə gedən yol Qəbələdən keçir. Qəbələ rayonu qurtarandan sonra Oğuz, daha sonra isə Şəki başlayır. Qəbələdən çıxar-çıxmaz, magistral yolun bərbadlığı adamı «valeh» edir. Ətraf yaşıllıqlar, göz oxşayan təbiət. Amma di gəl ki, yol 16-cı əsrin yollarından da bərbad halda. Deyirlər, bu il Azərbaycanda «Turizm ili»dir. Biz düşündük ki, heç olmasa turizm obyektlərinə, Azərbaycanın qədim tarixi abidələrinin olduğu rayonlara gedən yollar yamaqlanar. Amma hər zaman olduğumuz kimi bu iqtidarın təmir-tikinti siyasətində də yanıldıq. Və bu yanılmalar bizə həm də yanıltmaclar kimi də çox şeylər öyrətdi. Oğuz və Şəki rayonları arasında yollar hər 5 kilometrdən bir dağıdılıb, Oğuz-Qəbələ su kəməri bu rayonların ərazisində hələ də «çəkilir». Bu rayonlar arasındakı 60-70 kilometrlik məsafəni ən yaxşı halda 1 saata qət etmək mümkün olur. Azərbaycanın ən səfalı və qədim rayonlarından olan Şəki şəhərinin isə iki girişi var. Rayonun giriş qapıları götürülüb. Sakinlər deyirlər ki, icra başçısının göstərişi ilə yeni bir dizaynda qala qapıları hazırlanır. Şəkinin iki girişinin hər ikisində dairə var. Və yolun ortasındakı dairənin üstündə balaca şir heykəlləri qoyulub. Şəkililər bu heykəllərə «pişiyin nəvələri» deyirlər. Şirlərin heykəlləri o qədər balacadır ki, zarafatcıl şəkililər heykəllərə ayama qoymadan keçməzlər. Hələ yolu soruşanda «pişik balalarını keçin, sağa dönün» deyirlər.

Şəki rayonun mərkəzinin şimal hissəsi demək olar ki, tarixi abidələrlə doludur. Rayonun mərkəzindən bu hissəyə daxil olan zaman yolun sağ və sol hissəsindəki bütün tarixi abidələr yenidən bərpa olunub. Asfalt örtüyü dəyişdirilib. Hətta Xan Sarayına gedən yolun solundakı tarixi yol dağıdılıb. Sakinlər deyirlər ki, yolu bu ilin may ayında rayonu icra başçısı təyin edilən Elxan Usubov sökdürərək modernləşdirmək adı altında yenidən təmir etdirmək istəyib. Bununla da tarixi abidəni darmadağın ediblər. Şəkidəki tarixi abidələrin dağıdılması prossesi biz rayonda olarkən də davam edirdi. Karvansara istiqamətindən Xan Sarayına tərəf gedən yolun solunda və sağındakı bütün tarixi abidələr, qədim tikililər demək olar ki, darmadağın olunmuşdu.

 

Vahid Mustafayevin şirkətləri…

 

Nə qədər maraqlı olsa da, buradakı çay evlərindən birində işləyən Vasif adlı həmsöhbətimiz bizə maraqlı bir məlumat verdi. Vasif deyir ki, Xan Sarayına gedən yolun sağ və sol hissələri ANS-in prezidenti Vahid Mustafayev tərəfindən özəlləşdirilib. «Bir müddət əvvəl ANS-də bu tarixi yolun Daş örtüyünün sökülərək asfaltla əvəzlənməsi haqqında reportaj yayımlandı. İcra başçısı Elxan Usubov da həmin reportajdan sonra bərpa işlərini dayandırdı. Mən özüm şəxsən həmin reportaja baxmışdım. Aparıcı sonda deyirdi ki, araşdırmalarımız davam edəcək, bu tarixi abidəni kimlərin sifarişi əsasında dağıdılması barədə material hazırlanacaq. Amma bircə reportaj efirə getdi. Nə icra başçısının adı çəkildi, nə də başqalarının. Sonradan biz burada ANS-in prezidentinin firmalarını gördük. Reportajdan iki gün sonra peyda oldu bu reklamlar».

Yeri gəlmişkən, Karvansara istiqamətində gedən küçədəki əksər binalar tarixi abidələrdir. Bu abidələrin satılması, özəlləşdirilməsi yolverilməzdir. Amma deyəsən, Vahid Mustafayevin  «Bulud», «Svoch» «Lounjiness» saatları, VMF firmasının digər məhsulları satılan dükanlar məlum reportajın hədiyyəsi olaraq özəlləşdirilib…

Amma bu bir ehtimal idi. Hər halda biz ərazidə olarkən heç bir məsul şəxs tapa bilmədik ki, tarixi abidələrin icarəyə verilməsi, onların bütövlükdə ticarət obyekti kimi işlədilməsi barədə sənədlərlə tanış olaq.

Xan Sarayına 2 manat!..

Bundan az sonra isə biz Xan Sarayına tərəf yaxınlaşırıq. Azərbaycanın ən qədim tarixi abidəsi, çox möhtəşəm tikilinin yaxınlığında sakitlik idi. Xanın qalasına giriş pulsuzdur. İstər avtomobillər, istərsə də piyadalar üçün. Hətta son zamanlar bəzi media orqanlarında Elxan Usubovun Xan Sarayına giriş üçün piyadalardan da pul aldığı barədə yazılar yazılandan sonra qala qapılarının üstünə «Avtomobillərin qalaya girişi azaddır» sözləri yazılmışdı. Qalanın həyətində avtomobillə hərəkət etmək, gəzmək də pulsuz idi. Təbii ki, haradasa dayandıqda artıq bizdən dayanacaq pulu istəyənlər tapılacaqdı. Və dayanacaq pulu 2 manat. Daha sonra Xan Sarayının həyətinə daxil olmaq üçün 2 manat da ödəməli oluruq. Amma ödənişlərin müqabilində heç bir çek verilmir.

 

«Marxal»da Tehran imperiyası…

 

Sarayı tərk edib, rayonun ən görməli istirahət mərkəzlərindən birinə yollanırıq. Bu səfərimizdə əslində turizm üçün rayonun «Marxal» adlanan istirahət məkanında vəziyyətin nə yerdə olduğunu müəyyənləşdirmək, heç olmasa bir ictimai monitorinq aparmaq qərarına gəldik. Şəkinin Marxal adlanan yerinə daxil olmaq, dağların ətəyində quru torpağın üzərində oturmaq 5 manat idi. Dağ yolunun üstündə bir şlaqbaum qoyulmuşdu. Həmin şlaqbaumun yanında gənc bir oğlan uzandıqca uzanan yaşıl meşəlik və dağlıq ərazilərin sahibi olduğunu deyirdi.

– Biz dağlara tərəf hərəkət etmək istəyirik.

– Beş manat verin, gedin.

– Axı niyə beş manat verməliyik, bura dövlət torpağıdır, biz dağın ətəyində piyada gəzmək istəyirik.

– Bu gördüyünüz dağların yiyəsi var, bu dağları pula alıb.

– Kimdi yiyəsi?

– 10 ildi kimdisə o.

– Biz bu dağları özəlləşdirən adama 5 manat verə bilərik, amma sən də bizə çek ver.

– Çek-zad yoxdu.

– Kimdi buranın yiyəsi, kim özəlləşdirib bu dağları?

– Tehran müəllim.

– Tehran müəllim kimdi?

– Şəkidə Tehran Lətifovu tanımayan var?

Artıq hər şey bizə aydın idi. 2000-ci ildə Şəkidə baş verən hadisələrdə guya müxalifətçi kimi qələmə verilən, əslində isə o zaman icra başçısı işləyən Əşrəf Məmmədovla problemləri olan Tehran Lətifovun adı bizə məlum idi. Həmin T.Lətifov da Şəkinin ən görməli istirahət mərkəzini özəlləşdirib. Söhbət dağlardan, çaylardan, bulaqlardan gedəndə bu «özəlləşdirmə» məsələsini dırnaqsız yazmaq qanunlara hörmətsizlik olardı.

Marxalda bir ağac gölgəsi belə qalmayıb ki, altında pulsuz oturub istirahət edəsən. Hələ Tehranın adamları səni yerdə oturub istirahət edən görsələr, dərhal gəlib məcburi qaydada səni stolda oturdacaq, 5 dəqiqə oturmandan asılı olmayaraq səndən 7 manat alıb gedəcəklər.

Tehran Lətifovla əlaqə saxlaya bilmədik. Hətta işçilərdən onun mobil telefonunu istəsək də, cavab çox lakonik idi «o mobil telefonla danışmır, köməkçisi cavab verir». Amma bütün hallarda biz yenə də «Marxal» vadisi haqqında yazacaq və qarşı tərəf olaraq Tehran Lətifovun da münasibətini öyrənməyə çalışacağıq.

Şəkidə tək dolanışıq yeri Şəki halvası bişirib satmaqdır və sahəni azad gördük.

 

Mədəniyyət və Turizm İdarəsində talançılıq…

 

Bu səfərimiz zamanı «Şəkinin yiyəsi yoxdur, hərə bir tərəfdən dağıdır» deyən Baş Zəyzid kənd sakini Ağalar Bağırov bizə maraqlı bilgilər verdi. O, rayonun Mədəniyyət və Turizim İdarəsinin işçilərinin qanunsuz əməllərindən, onların barəsində cinayət işi açılmasından danışdı. Daha sonra dəqiqləşdirə bildik ki, 6 ay əvvəl Hesablama Palatası tərəfindən Şəki şəhər Mədəniyyət və Turizm şöbəsində dövlət büdcəsinin və yerli xərclərdən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyətinin audit yoxlaması nəticəsində şöbənin məsul vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməsi, rəsmi sənədlərə saxta məlumatların daxil edilməsi və s. faktlar aşkarlanıb.

Bununla bağlı Baş Prokurorluqda cinayət işi də açılıb. Prokurorluğun araşdırması nəticəsində ödəniş cədvəllərində yekun məbləğin artırılması, əmək haqqı cədvəllərində işçilərə əsassız olaraq artıq hesablanmış vəsait hesabına yaranmış vəsaitin bir hissəsinin şöbənin işçilərinin, eləcə də kənar şəxslərin adlarına açılmış əmanət hesablarına, digər hissəsinin isə şöbənin strukturlarında işləməyən kənar şəxslərin və şöbənin müxtəlif strukturunda çalışan işçilərin adına saxta açılmış bankomat kartlarına ödənilməklə 1 milyon 394 min 75 manat məbləğində pul vəsaitinin hesabdan çıxarılması, müavinət alanların ödəniş cədvəllərində sayı artırılmaqla 80 min 661 manat vəsaitin əsassız olaraq kassadan silinməsi və xüsusi vəsait üzrə yığılan 7 min 103 manat məbləğində nağd pulun kassaya mədaxil olunmaması (ümumilikdə 1 milyon 481 min 840 manat) aşkar edilib.

Bundan başqa, müxtəlif hüquqi və fıziki şəxslərdən büdcə vəsaiti hesabına alınması rəsmiləşdirilmiş inventarla 849 min 592 manat, nəqliyyat vasitələrinə 34 min 906 manat dəyərində yanacağın artıq silindiyi, kommunal xidmətlərə 54 min 228 manat artıq ödənildiyi və s. müəyyən olunub.

Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən davam etdirilir.

Maraqlıdır ki, bu cinayət işi ilə bağlı olaraq aparılan istintaq hərəkətləri nəticəsində həbs edilənlər artıq azadlıqdadır. Rayonda olarkən öyrəndik ki, indi Şəki şəhərinin mərkəzində bəzi tarixi abidələri məhz bir zamanlar barələrində cinayət işi açılan adamlar ya özəlləşdirib, ya da satıblar.

Şəki doğrudan da yiyəsiz rayondur. Qəbələyə baxanda…

 

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button